Əbülfət MƏDƏTOĞLU: QAÇA BİLMƏDİYİM OVQATIN ŞEİRİ
Hökmü oxunmuş məhkumam
Ciddi rejimli dərd cəzam...
Mən sağ olsam da mərhumam -
Qalıb bir ömürlük qəzam...
Dilim dönmür ki , dillənim
Sıxılıb diş arasında...
Sükut içində lillənim
Mən, gözlə qaş arasında...
Günlərim solan ləçəklər
Tökülsün külək ağzına...
Dərdə atdığım əlcəklər -
Qoy olsun bilək, ağzına!..
Keçmişi alım çiynimə
Yerdə gözünə dəyməsin...
Hicran geyindir, əynimə -
Gözlə, özünə dəyməsin...
Eh...iki cüt göz dolacaq,
Alnımdan asım payımı...
Boynunda bir yük qalacaq -
Unutsan Yasin payımı!..