Əbülfət MƏDƏTOĞLU: ÇƏKİRƏM
Sevgimə gülüb, dedin ki,
- arıyam, şirə çəkirəm...
Bilmədin ki, ürəyimdə
hər gün kirkirə çəkirəm...
Vədəsiz, vaxtsız yağışı
ilməsi qaçmış nağışı...
hər kəlməni, hər baxışı -
min cürə fikrə çəkirəm...
kimsə yolu düzdən salır
düzü yorub - üzdən salır...
könlüm məni gözdən salır -
nəmi bu cürə çəkirəm...
Əbülfətəm , baldı - acım...
bu sevgindi taxtım, tacım!
gəl sənə sirrimi açım -
hər günü zikrə çəkirəm...