adalet.az header logo
  • Bakı -°C
15 Iyul 2026 10:40
60
SİYASƏT
A- A+

“Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələ formalaşır”

“Əməkdaşlığın əsasını uzun illər enerji sahəsi təşkil etsə də, artıq gündəmə sənaye, texnologiya, logistika və investisiya layihələri çıxır. Bu, münasibətlərin daha geniş iqtisadi məzmun qazanması üçün əlverişli imkan yaradır. Bununla belə, mövcud iqtisadi göstəricilər potensialı hələ əks etdirmir”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, İki ölkə arasında ticarət dövriyyəsinin kifayət qədər aşağı səviyyədə olduğunu bildirib:

“Azərbaycanın Slovakiyaya ixracı isə demək olar ki, simvolik həcmdədir. Ölkəmizin ümumi ixracının cəmi 0,00048 faizi Slovakiyanın payına düşür. Başqa sözlə, Azərbaycanın ixrac etdiyi hər 100 min dolların cəmi 48 senti Slovakiyaya yönəlir. Bu rəqəm mövcud iqtisadi əlaqələrin hələ inkişafın başlanğıc mərhələsində olduğunu göstərir”. 

Onun sözlərinə görə, Slovakiya Prezidentinin Ağdama səfəri də məhz bu kontekstdə qiymətləndirilməlidir:

“Qarabağ artıq yeni investisiya və istehsal layihələrinin formalaşacağı iqtisadi məkan kimi təqdim olunur. Slovakiyanın mühəndislik və sənaye təcrübəsi, Azərbaycanın enerji resursları, sənaye parkları və tranzit imkanları bir-birini tamamlayan üstünlüklər yaradır. Bu potensial real layihələrə çevrilərsə, qarşılıqlı investisiyalar və birgə istehsal üçün yeni imkanlar açılacaq. İndi, əsas hədəf siyasi dialoqu iqtisadi nəticəyə çevirməkdir. Əgər yaxın illərdə konkret sənaye layihələri, texnologiya transferi və istehsal kooperasiyası üzrə addımlar atılarsa, bugünkü zəif ticarət göstəriciləri sürətlə dəyişə bilər. Bu halda Azərbaycan-Slovakiya münasibətləri sadəcə diplomatik əlaqələr çərçivəsində qalmayacaq, iqtisadi baxımdan da hər iki ölkə üçün daha əhəmiyyətli tərəfdaşlığa çevriləcək”. 

Vasif ƏLİHÜSEYN