19 Sentyabr 2025 12:24
140
GÜNDƏM

“Bu əməliyyatla 10 min erməni silahlısı əsgərimiz tərəfindən fərari statusu ilə “təltif” edildi”

“Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistan birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırdı. Azərbaycanın dəfələrlə təklif etdiyi sülh çağırışları nəticəsiz qalırdı. Əvəzində isə Ermənistan rusların müvəqqəti olaraq Qarabağ iqtisadi rayonunda yerləşməsindən istifadə edərək ərazimizə silah-sursat, mina, şəxsi heyət, texnika, vasitə və avadanlıq daşıyırdılar ki, onlar da hərbi təxribatlar zamanı erməni silahlıları tərəfindən Azərbaycana qarşı istifadə olunurdu”.

Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

Hərbi ekspert bildirib ki, 2023-cü ilin aprel ayından başlayaraq erməni təxribatları xüsusilə intensivləşmişdi:

“Rusiya kontingenti isə Azərbaycan ərazilərinə silah-suratın daşınması üçün minbit şərait yaradırdı. Digər tərəfdən isə bizə məxsus olan faydalı qazıntı yataqları qeyri-qanuni olaraq ermənilər tərəfindən istismar olunurdu və Ermənistana daşınırdı. Bu fəaliyyətlər isə bizim üçün tamamilə yolverilməz idi”. 

Ə.Verdiyev deyib ki, Laçın keçid məntəqəsinin qurulmasından sonra bu daşınmaların qarşısı alındı:

“Lakin yenə də ruslar erməni silahlılarını nə tərksilah etdilər, nə də Azərbaycan ərazilərindən çıxardılar. Ümumilikdə antiterror əməliyyatına qədər rusların nəzarətində olan ərazidə 10 mindən artıq erməni silahlısı mövcud idi və onlar nəinki silahlarını təhvil verib ərazidən çıxmağa, əksinə olaraq Azərbaycan hərbçilərinə qarşı təxribatlar törədirdilər”. 

O, deyib ki, bu azmış kimi separatçılar özlərinə dırnağarası “prezident” seçkiləri keçirirdilər:

“Azərbaycanın sülh çağırışlarına reaksiya verməyən Qarabağdakı separatçı rejim isə özlərinin növbəti dırnağarası “prezident” seçkilərini keçirirdilər, qondarma parlament adından Azərbaycan dövlətinə qarşı bəyanatlar səsləndirirdilər. Digər tərəfdən isə mövqelərimizi, əsgərlərimizi atəşə tuturdular, ərazilərimizin minalamasın davam etdirirdilər. Döyüş mövqelərində səngərlər qazırdılar, mühəndis qurğuları, sığınacaqlar və sair inşa edirdilər. Digər tərəfdən isə erməni silahlıları Azərbaycanın vətəndaşlarının və hərbi qulluqçularının hərəkət etdiyi yollara 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar yerləşdirirdilər və bu minalara görə həm mülki şəxslərimiz, həm də polis və hərbi qulluqçularımız xəsarətlər alırdılar və bəziləri isə həyatlarını itirirdi”. 

Ə.Verdiyev deyib ki, belə olan halda Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikası ərazisində konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə rusların müvvəqəti nəzarətində olan ərazilərdə lokal xarakterli antiterror əməliyyatlarının başlanması üçün əmr verdi:

“Cəmisi bir gün davam edən əməliyyatlarda erməni separatçıları təslim oldular, növbəti kapitulyasiya aktını imzaladılar və Azərbaycan Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni silahlı dəstələr tamamilə silahı yerə qoydular, Azərbaycana təslim oldular, hərbi mövqelərini tərk etdilər və silahlarını da ölkəmizə təhvil verdilər. Bununla da növbəti 10 min nəfərdən ibarət erməni silahlısı Azərbaycan əsgəri tərəfindən fərari statusu ilə “təltif” edildi. Əməliyyatların başa çatmasından səkkiz gün sonra Qarabağda cəmisi üç həftə əvvəl dırnağarası “prezident” seçilən Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənədi imzaladı. Ardınca isə Ermənistan ordusunun Azərbaycan ərazisində yerləşən hissələrinin tərksilah edilməsi ilə ölkəmizin ərazisindən çıxarılması prosesi başa çatdı. Qarabağda qeyri-qanuni xunta rejimi tamamilə ləğv edildi, separatçıların əvvəl də, daha sonrakı dövrlərdəki rəhbər şəxsləri həbs edildi və bu antiterror əməliyyatı ilə Azərbaycanın dövlət suverenliyi tam təmin edildi”. 

Hərbi ekspert deyib ki, Azərbaycanın Zəfər tarixinin qızıl hərflərlə yazılmış səhifələrindən biri olan antiterror əməliyyatları nəticəsində əsgərimiz Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızı qaldırdı:

“Bu əməliyyatlar Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə yekunlaşdı. Ardınca isə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindəki Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı məhz Xankəndi şəhərində keçirməklə ordumuzun, dövlətimizin, xalqımızın, birliyi və bərabərliyi nəticəsində əldə olunan möhtəşəm bir qələbəmizi bütün dünyaya elan etmiş oldu”. 

Vasif ƏLİHÜSEYN