14 Sentyabr 2023 12:14
1241
AVTOMABİL

DYP itən maşın nömrələri və sürücülük vəsiqələrilə bağlı MƏLUMAT YAYDI

"Təmiz şəhər” ASC Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsi ilə birgə “Tap qaytar” layihəsinə başlayıb.

DYP-dən Adalet.az-a verilən xəbərə görə, “Təmiz Şəhər” ASC bərk məişət tullantılarının yerləşdirilməsi və zərəsizləşdirilməsi ilə məşğul olan dövlət qurumudur və hər il Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının 800 min tona qədəri qurumun təsərrüfat sahələrinə təhvil verilir. Cəmiyyətin nəzdində fəaliyyət göstərən Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna gətirilən tullantıların bir hissəsinin çeşidlənməsi zamanı bəzən insanların itirdikləri müxtəlif sənədlər və avtomobillərin dövlət nömrə nişanları tapılır.

Təmiz şəhər” ASC-nin təşəbbüsü ilə Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsi ilə birgə həyata keçiriləcək “Tap qaytar” layihəsi nəqliyyat vasitələrinə aid sənəd və dövlət nömrə nişanı itirən sürücülərimizi sevindirəcək. Tullantıların içərisindən tapılan nəqliyyat vasitələrinə aid sənədlər və dövlət nömrə nişanları haqqında operativ qaydada polisə məlumat veriləcək və qısa zamanda sahibinə qaytarılması təmin ediləcək.

Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təşkil edilən mediatur çərçivəsində yeni layihə haqqında jurnalistlərə məlumat verilib və tullantıların içərisindən çıxan avtomobillərə aid 57 dövlət nömrə nişanı, 8 sürücülük vəsiqəsi və 2 qeydiyyat şəhadətnaməsi sahiblərinə qaytarılması üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşlarına təqdim edilib. Bildirilib ki, tapıntılar haqqında məlumatın verilməsində medianın da dəstəyinin zəruri olduğu nəzərə alınaraq Avto 107.7 fm layihəyə informasiya dəstəyi verəcək.

Qeyd edək ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu alman texnologiyası əsasında fəaliyyət göstərir və burada çeşidlənən tullantılar təkrar emala göndərilir. Çeşidləmə prosesində həmçinin dəyərli əşyalar və dəmir pullar toplanır. Tapılan dəyərli əşyalardan zavodda yaradılan kiçik muzey bura gələnlərin böyük marağına səbəb olur. Dəmir pullar isə “Tapılan arzular” layihəsi adı altında xeyriyyə məqsədi ilə istifadə edilir.