22 Sentyabr 2023 09:00
2150
LAYİHƏ

DÜNYAYA AÇILAN PƏNCƏRƏ

Bu gün dünyada çox böyük siyasi və iqtisadi proseslər gedir. Daha doğrusu, dünya beynəlxalq güclərin və qüdrətli dövlətlərin təsiri, təzyiqi altındadır. Ən azından ona görə ki, dünyanı idarə edən güclü dövlətlər kiçik ölkələrin inkişafına və tərəqqisinə şərait yaratmır, əksinə, ona maneçilik törədirlər. Başqa sözlə demiş olsaq, dünyanın nəhəng dövlətləri istəmirlər ki, kiçik ölkələrdə sürətli iqtisadi, hərbi və mədəni inkişaf olsun. Amma onların istəyib-istəməməsindən asılı olmayaraq artıq bir çox ölkələr, o cümlədən Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolunda inamlı addımlar atır. Düzdür, bayaq dediyimiz kimi, bu addımları ləngitmək istəyən, hətta tormozlayan iri ölkələr var. Çox uzağa getməyək, Avropa ölkələri arasında Fransa açıq-açığına bizimlə düşmənçilik edir, ermənilərin haqsız işini müdafiə edir, üstəlik də məmləkətimizin iqtisadi inkişafına maneçilik törətmək istəyir. Bunu kim bilməsə də biz yaxşı bilirik. Hansı ki, Fransanın ölkəmizdə bir neçə şirkətləri uzun illərdir fəaliyyət göstərir və bundan külli miqdarda xeyir əldə edirlər. Ancaq buna baxmayaraq, onlar hər vəchlə ölkəmizin siyasi-iqtisadi, hərbi, mədəni inkişafına badalaq vurmağa çalışırlar. Düzdür, bu badalaq bizi yıxmasa da başımızı qatır və müəyyən problemlər yaradır.

Ancaq Azərbaycan bu gün elə bir sivil, iqtisadi və demokratik, hüquqi yol tutub ki, onun qarşısını heç bir qüvvə ala bilməz. Bunun bariz nümunəsi kimi, Azərbaycanın son 20 ildə əldə etdiyi iqtisadi inkişafı xatırlamaq kifayət edir. Belə ki, bu zaman ərzində ölkəmizdə yüngül və ağır sənaye sahələri inkişaf etdirilmiş, kənd təsərrüfatında əsaslı islahatlar aparılmış və digər sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Ulu Öndər Heydər Əliyev xalqın dəvəti ilə hakimiyyətə gələndən sonra ölkəmizdə sabitlik yaranmış, əmin-amanlıq bərpa edilmişdir. Heç şübhəsiz, nəinki Cənubi Qafqazda, keçmiş MDB dövlətləri arasında ən sağlam mühit Azərbaycanda yaradılmışdır. Torpaqlarımızın iyirmi faizinin işğal edilməsi bir çox beynəlxalq layihələrin həyata keçirilməsində çətinliklər yaratsa da, buna baxmayaraq, Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində Avropa ölkələrinin, İngiltərənin, İtaliyanın, Bolqarıstanın, Macarıstanın, Türkiyənin, Rusiyanın Azərbaycana maraqları əsaslı surətdə artmışdır. Çünki Ümummilli Lider Heydər Əliyev beynəlxalq layihələrdə iştirak edən hər bir ölkəyə əsaslı təminat vermişdir. Elə bu təminata və münbit şəraitə görə də Avropa ölkələrinin, eləcə də digər məmləkətlərin Azərbaycana maraqları daha da yüksəlmişdir.

Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, daha doğrusu, “Əsrin müqaviləsi”nin reallaşması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasına əsaslı şərait yaratdı. İngiltərənin məşhur “bp” şirkəti bu layihənin əsas iştirakçısı oldu. Azərbaycanla onlar arasında imzalanmış müqavilə zaman-zaman özünün bəhrəsini verdi. Hansı ki, bu müqavilə imzalananda xarici və daxili düşmənlərimiz düşünürdülər ki, bizim neft yataqlarından nəzərdə tutulduğu qədər məhsul istehsal edilməyəcək. Amma illər keçdikcə aparılmış birgə işlər göstərdi ki, Azərbaycanda çox böyük neft yataqları var və onlar 100 il bundan sonra da istismar edilsə belə neftimiz tükənməyəcək. Bununla yanaşı, yeni-yeni qaz yataqlarının kəşf edilməsi və orada istehsal sahələrinin qurulması ölkəmizin dünya iqtisadiyyatına daha sürətlə inteqrasiya olunmasına güclü təkan verdi. Dünya şöhrətli mütəxəssis, akademik Xoşbəxt Yusifzadə bildirmişdi ki, yeni neft və qaz yataqlarının kəşf edilməsi və istismara verilməsi ölkəmizin büdcəsinə milyardlarla dollar vəsait gətirəcək. Bəli, doğrudan da Xoşbəxt müəllimin verdiyi proqnoz çox çəkmədi ki, özünü doğrultmağa başladı. Azərbaycan neft və qaz istehsalında önəmli yerlərdən birini tutdu. İndi Azərbaycan nefti və qazı Avropaya ixrac olunur və onların digər ölkələrdən asılılığını azaldır. Azərbaycan neftinin və qazının yüksək keyfiyyətli olması əksər Avropa dövlətlərinin ölkəmizə marağını daha da artırıb. Yuxarıda adını çəkdiyimiz ölkələr bu məhsulları almaq üçün Azərbaycanla yeni-yeni müqavilələr imzalayıblar. Heç şübhəsiz, Azərbaycanın belə yüksək sürətlə inkişafına bəzi dövlətlər inanmazdılar. Amma tarix göstərdi ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, dünya iqtisadiyyatında və siyasətində güc sahibidir. Heç kimə sirr deyil ki, bu gün Cənubi Qafqaz uğrunda dünyanın hegemon dövlətləri mübarizə aparırlar. Çünki Cənubi Qafqaz strateji cəhətdən əlverişli regiondur. Bu regionun isə söz sahibi siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli olan Azərbaycandır. Azərbaycanın razılığı olmadan heç bir Qərb dövləti Cənubi Qafqazda hegemonluq edə bilməz.

Bu gün Azərbaycanın sürətli inkişafı həm qonşularımızı, həm də bəzi Avropa ölkələrini çox narahat edir. Ən azından ona görə ki, bu gün Azərbaycanı İlham Əliyev kimi uzaqgörən və güclü bir siyasətçi idarə edir. Çünki İlham Əliyev müstəqil siyasət yürüdür və Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Onun hakimiyyəti dövründə Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən daha da güclənib, dünyanın ən müasir texnologiyası və yenilikləri ölkəmizə gətirilib. Təbii ki, belə bir sağlam və münbit şəraitdə Azərbaycan dünya iqtisadiyyatına bir qədər də sürətlə inteqrasiya olunur. Eyni zamanda bu o deməkdir ki, ölkəmizdə yaşayan insanların həyat şəraiti günü-gündən yaxşılaşmaqla yanaşı, həm də dünyaya yeni bir pəncərə açılır. Bu pəncərədən dünya bizi görür. Dünya görür ki, Azərbaycan Avropanın ən inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlir və bu istiqamətdə inamla irəliləyir. Heç şübhəsiz, ökləmizdə mövcud olan ictimai-siyasi sabitlik və ərazi bütövlüyümüzün təmin edilməsi, bu istiqamətdə yeni addımların atılması ölkəmizin gələcəkdə daha güclü bir dövlətə çevrilməsinə əsaslı şərait yaradır. Qoy bu sürətli inkişafa görə dostlarımız sevinsin, düşmənlərimiz xar olsunlar!

Bu gün dünyanın çox narahat anlarıdır desək, səhv etmərik. Çünki dünya üçüncü Cahan müharibəsi qarşısındadır. Dünyanı yenidən bölüşdürmək istəyən böyük ölkələr hər vəchlə bu müharibəni başlamaq istəyirlər. Ən təhlükəlisi odur ki, bu ocağı Cənubi Qafqazda yaratmağa çalışırlar. Bu müharibəyə Azərbaycanı, Rusiyanı və İranı cəlb etmək istəyirlər. Düşünürlər ki, bəlkə Ermənistanı bu yolla xilas etsinlər, ordan rus ordusunu çıxarsınlar, avropalıları gətirsinlər. Təbii ki, bunlar hamısı bir oyundur. Türkiyə, Azərbaycan və Rusiya dünya iqtisadiyyatına inteqrasiya olunmuş ölkələrdir və həmin adını çəkdiyimiz böyük dövlətlər heç vaxt Cənubi Qafqazda hegemonluq edə bilməyəcəklər. Çünki Cənubi Qafqazın öz sahibləri var!

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.