04 Oktyabr 2023 11:25
1186
MƏMLƏKƏT

“Dünyanın o üzü”ndən gələn səs - FOTOLAR

Şəhid Elçin Süleymanova həsr olunmuş kitabın təqdimatı Füzuli rayonu Allahyar Əliyev adına Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəbində yüksək səviyyədə keçirildi

Azərbaycanın azadlığı və ərazi bütövlüyü yolunda döyüşüb şəhid olan igid oğlanlardan biri də Füzuli rayonunun Böyük Bəhmənli kədində anadan olmuş Elçin Tehran oğlu Süleymanovdur. O, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ savaşında bir tankçı olaraq, Füzulinin və Cəbrayılın kəndlərinin azad olunmasında böyük igidlik göstərib. Birinci tankı düşmən tərəfindən vurulsa da, ikinci tankla yenidən döyüşə atılıb, yaralı halda olan dostlarını xilas edib və özü isə, qəhəmancasına sentyabrın 30-da şəhid olub. Onun qəhrəmanlığına həsr olunmuş “Dünyanın o üzü” kitabı bir daha təsdiq edir ki, Elçin kimi oğullar heç vaxt ölmürlər. Elə onun şəhadətə qovuşduğu gün – sentyabrın 30-da təhsil aldığı Allahyar Əliyev adına Böyük Bəhəmənli kənd 2 nömrəli tam orta məktəbində kitabın təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, Elçinin sinif yoldaşları, silahdaşları və qohumları iştirak edirdilər. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova, Füzulu təhsil sektorunun müdiri Ramella Məmmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz Misirli, Füzuli rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Böyük Bəhmənli kənd ziyalıları Fazil Məhərrəmov, Əsəd Kazımov, Birinci Qarabağ Müharibəsi iştirakçısı, şair-publisist Asif Talıboğlu, Böyük Bəhmənli kənd 1 nömrəli tam orta məktəbin direktoru Solmaz Qənimətli və bir neçə şəhid ailələrinin nümyəndələri çıxış edərək, Elçin Süleymanovun şəhadətə qovuşması ilə torpaqlarımızın azad olunmasını gündəmə gətirdilər və dedilər ki, əgər bizim bu şəhidlər olmasaydı, torpaqlarımız işğal altında qalardı. 

Çıxış edənlər bir firkir də vurğuladı ki, Faiq Qismətoğlunun müəllifi ollduğu “Dünyanın o üzü” kitabı bütün şəhidlərimizə olan böyük sevginin təcəssümüdür. 
Allahyar Əliyev adına Böyük Bəhmənli 2 nömrəli tam orta məktəbin direktoru Həsən Rzayev çıxışında bildirdi ki, Elçin Süleymanov kimi şəhidlərimiz öz qanları ilə böyük bir tarix yazıb və bu tarixi biz heç vaxt unutmayacağıq. Üstəlik də, “Dünyanın o üzü” kitabının işıq üzü görməsi şəhid Elçin Süleymanovun ruhunu sevindirir, atasına, anasına və balaca Xalidə qızına bir təsəlli verir. 

Tədbirin yüksək səviyyədə keçirilməsində məktəbin direktoru Həsən Rzayevin, şəhid Elçin Süleymanovun sinif yoldaşı Ramil Məmmədovun, məktəbin müəllimi Aynurə Məmmədovanın, Cavid Mirzəliyevin, Miralı Ələkbərovun, Asif Məmmədovun, Oruc İsmayılovun, İsmayıl və aparıcı Fazil qardaşımızın böyük zəhməti olub. 

Tədbirdə şəhid ailəsi adından Hacı Təbriz Süleymanov çıxış edərək, şəhid Elçin Süleymanovun xatirəsini uca tutduqlarına görə tədbir təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib. Məktəblərin təşkil etdiyi ədəbi-bədii kompazisiya öz orijinallığı ilə diqqəti cəlb edib və iştirakçıların yaddaşında silinməz iz qoyub. Sonda kitabın müəllifi Faiq Qismətoğlu “Dünyanın o üzü” kitabını tədbir iştirakçılarına payladı. Görüşdən belə bir məntiqi nəticə çıxdı ki, şəhidlər ölməz, Vətən bölünməz!

Emil Faiqoğlu