Dünyanın ən gözəl qadınını gördüm
Adalet.az Oğuz Ayvazın ən qısa hekayələrini təqdim edir:
At
Yorğun atın gözlərində sahibinin kiçilmiş görkəmi vardı...
Savaş
Müharibədən sonra dağıdılmış bağçanın həyətində bir uşaq əllərini açıb anasına doğru qaçırdı...
Qaranlıqda gizlənənlər
Onlar kafedən çıxıb yaxınlıqdakı parka tərəf gedəndə dekabr ayı təzəcə girmişdi. Külək kimsəsiz parkda vurnuxurdu.
Yekəpər dostuna baxıb qımışdı.
-Nədir?
Külək sözləri uğultuya çevirdi. Ucaboy dinmədi. Dostu susdu, başını buladı. Parkdan çıxıb metroya üz tutanda:
- Gəl, - dedi, - qaranlıq tərəflə gedək.
- Niyə?
- Bu vid-fasonda özümüzü kimə göstərək?
Gülüşdülər. Metroya çatanda qəfil bir dilənçi qabaqlarını kəsdi.
-Allah sizi xoşbəxt eləsin! Kömək edin!
Ən gözəl qadın
Dünyanın ən gözəl qadınını gördüm: qıvrıla-qıvrıla axan çayın yatağında saçını yuyurdu...
Səni sevirəm
Bilmədən qar örtüyünə yazdığım "səni sevirəm" sözünü tapdaladım...