adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Mart 2024 11:11
3413
MÜSAHİBƏ

Diqqət çatışmazlığı və hiperaktiv pozuntu nədən yaranır? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir.

- Fidan xanım, ilk olaraq diqqət çatışmazlığı və hiperaktiv pozuntu barəsində məlumat verərdiniz…

- Müasir dövrdə rast gəlinən diqqət çatışmazlığı ilə müşahidə olunan hiperaktivlik aktual pozuntusu tibbi-sosial məsələlərdən biridir. Diqqət çatışmazlığı və hiperaktiv pozuntu (DÇHP) uşaqların MSS (mərkəzi sinir sistemi) yetkinləşməsinin ləngiməsi, beyin funksiyalarının formalaşması, yeni yaşam şəraitinə uyğunlaşma və idrak fəaliyyətində çətinliklərə səbəb olur. Təxminən 2-3 yaşlarında uşaq ayaq açmağa başladıqda hərəkət funksiyalarında özünü büruzə verir.

- Uşağa diqqət əskikliyi və hiperaktivlik sindromu diaqnozu nə vaxt qoyulur?

- Diaqnoz məktəbəqədər və ilk məktəb illərində qoyulur. Yeniyetməlik və yetkinlik dövründə həddindən artıq olan hərəkətlilik azalır. Diqqət əskikliyi və hiperaktivlik sindromu (DƏHS) olan uşaqlar kompleks fəaliyyətlərini planlaşdırmaq və təşkil etməkdə çətinlik çəkirlər. DƏHS diaqnozu qoyulan insanlarda yuxu və narahatlıq pozğunluqları da olur.

Diqqət çatışmazlığı və hiperaktiv pozuntu olan insanlar impulsiv davranışlarını idarə etməkdə çətinlik çəkirlər. Bu vəziyyət uşaqda təhsil almaqda geriləməyə səbəb olur.

- Diqqət çatışmazlığı və hiperaktiv pozuntunun yaranma səbəbi nədir?

- Çoxsaylı araşdırmalara baxmayaraq, diqqət çatışmazlığı və hiperaktiv pozuntunun spesifik səbəbləri yoxdur. Buna genetik, neyroanatomik, neyrofizioloji, biokimyəvi, psixososial amillərin təsiri ehtimal olunur. Pozuntu patogenezində genetik meylin həlledici rolunu oynayır, lakin problemin davametmə müddətində isə ona uyğun gələn simptomlarla bağlı olur.

- Diqqət çatışmazlığı və hiperaktiv pozuntunun mövcudluğu necə müəyyən edilir?

- Diqqətsizlik meyarlarına fikirləri toparlamamaq və uzun müddətli zehni əmək tələb edən işləri yerinə yetirməkdə çətinlik çəkmək, unutqanlıq, şəxsi əşyaların itməsi və s. aid etmək olar.

İmpulsivlik ilə bağlı qarşılaşa bilinəcək situasiyalara isə verilən sualları tam dinləmədən cavablandırmaq, növbə gözləməkdə çətinlik çəkmək və başqalarının sözünü kəsmək daxildir.

Hiperaktivlik ilə bağlı qarşılaşıla bilinəcək amillərə isə çox danışmaq, davamlı hərəkət halında olmaq və s. aiddir.

- Diqqət əskikliyi və hiperaktivlik sindromu necə müalicə olunur?

- Hər bir hal üçün optimal müalicə fərqlidir. Düzgün aparılan korreksiya normallaşma ilə nəticələnir. Korreksiya işləri uşağın özünüqiymətləndirmə, yeni bacarıqların mənimsənilməsi, ailədəki vəziyyət, valideynlər və digər insanlarla münasibətlərı, məktəb müəllimləri ilə əlaqə qurmaq, başladığı işi planlaşdırmaq və başa çatdırmaq bacarığını aşılamaq, düzgün nitq ünsiyyəti və s. məsələlərin həllinə yönəldilməlidir.

- Diqqət çatışmazlığı və hiperaktiv pozuntusu inkişafının səbəblərini mümkün qədər necə aradan qaldırmaq olar?

- DÇHP olan uşaqlar və yeniyetmələr mütləq psixiatr müayinəsindən keçməlidirlər. Psixiatrın müəyyən etdiyi müalicə psixoloqun və ailənin dəstəyi ilə birlikdə daha yaxşı nəticə verir. Psixiatr və psixoloqun birlikdə müalicəsi nəticəsində uşağın diqqətini toplamağa kömək edə və impulsivliyini azaldaraq davranışda daha az müşahidə olunmasına səbəb ola bilər.

Psixoloq sistemli şəkildə bu çatışmazlıqların korreksiyası ilə məşğul olur. İlk olaraq diqqətin korreksiyasından başlamaq lazımdır. Müəllim və valideynlər bilməlidir ki, diqqət inkişaf etdirilməsindən uşaqdan sakit və qeyri-impulsiv olmasını gözləmək olmaz. Çünki hiperaktiv uşaqdan eyni zamanda sakit, diqqətli olmaq, həm də davranışlarını idarə etmək çətindir.

Bundan əlavə, diafraqma ilə nəfəs almağı və nəfəsə nəzarət etməyi öyrənmək üçün həm onların fiziki, həm də emosional sağlamlıqlarına müsbət təsir edəcək.

- Əlavə olaraq hansı məqamlara diqqət etmək lazımdır?

- Psixoloq valideynlərə uşaq haqqında məlumat verməli, eyni zamanda onları maarifləndirməlidir. Öz növbəsində, valideynlər də uşaq haqqında müəllimi məlumatlandırmalıdırlar.

Uşağın müsbət davranışlarını mükafatlandırmaq lazımdır. Hər dərsdə fiziki tapşırıqlar verilməlidir. Məsələn, löhvəni silmək, gülləri sulamaq, sinifin jurnalını gətirmək və s.

Yerində durmadıqları, sakit oturmadıqları, çox hərəkətli olduqları üçün bu uşaqların böyüklərin tez-tez “etmə”, “olmaz”, “dəymə” “tərpənmə” sözlərinə məruz qalması bu davranışlarını daha da möhkəmləndirir. Sabit rejim yaradılmalıdır. Qaydalar müəyyən edilərkən uşağın davranışlarına qarşı daim tutarlı reaksiyalar verilməlidir. Uşaqlara qaydalar anlaya bildikləri, xatırlaya biləcəkləri şəkildə müəyyən edilməlidir. Hətta uşaqlardan gözlədiyiniz davranışları diqqətlərini çəkəcək şəkildə kağıza yazıb, rahat görə biləcəkləri bir yerə asa bilərsiniz. Bu, onların nə etməli olduqlarına kömək edəcək.
Psixiatrın və psixoloqun birgə işləməsindən əlavə, valideynin uşağa evdə və məktəbdə müəllimin uşağa yanaşma təsiri də önəmlidir. Birgə aparılan iş effektiv təsir göstərir.

Psixiatr, psixoloq, valideyn və müəllimin birgə işi diqqət əskikliyi və hiperaktiv pozuntusunun aradan qalxması üçün ən effektiv üsuldur.

- Bu pozuntu ancaq uşaq və yeniyetmələrdə müşahidə olunur?

- Böyüklərdə və uşaqlarda gündəlik həyatda zaman-zaman bir vəziyyətə, hadisəyə laqeydlik, konsentrasiyanın itirilməsi, diqqətsizlik və ya unutma kimi davranış reaksiyaları müşahidə oluna bilər. Bu reaksiyalar adətən insanın həyatında baş verən psixoloji və bioloji təsirlərə əsaslanır.

Adətən buna səbəb olan vəziyyətlər aradan qalxdıqda, insan əvvəlki vəziyyətinə qayıdır. Ancaq bu reaksiyalar yaşandıqca, uşaqlıqdan yetkinliyə qədər davam edə bilən diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu ilə tez-tez qarışdırılır.

Diqqət əskikliyi və hiperaktivlik pozğunluğu tibb və psixologiya sahələrində “həddindən artıq və impulsiv fəaliyyət, anlama pozğunluğu və diqqəti cəmləyə bilməmə, fəaliyyət pozğunluğu” kimi müəyyən edilir.

- Yeniyetmələrdə diqqət əskikliyi və hiperaktivlik sindromunun ən çox görülən simptomları hansılardır?

- Yeniyetmələrdə DƏHS-nin ən çox görülən simptomları və əlamətləri arasında diqqəti tapşırıqlara cəmləməmək və onları tamamlaya bilməmək və s. bu kimi amillər daxildir.

Eyni şəkildə işləyə bilməmə, məhsuldarlığın itirilməsi, səmərəsiz vaxt planlanması da görülə bilər. Bu, insanın öz düşüncəsinə fokuslana bilməməsindən irəli gəlir. Nevroloji müalicələr və psixokorreksiya nəticəsində bu çatışmazlığı aradan qaldırmaq mümkündür.