26 Sentyabr 2023 12:43
360
GÜNDƏM

"Dərs"in ürəkaçan nəticəsi: "Torpağın sahibi sizsiniz"

 Orta məktəbdə oxuyurdum.3-cü sinifdə. Bir gün sevinə-sevinə gəldim ki, ana, bu gün  şeiri əzbərdən söylədim 5 aldım.

Anam da dedi ki, gəl sabahkı dərsini öyrən. Vecimə almadım. Çantamı atıb getdim "evcik" oynamağa.. Anam bir neçə dəfə xəbərdarlıq eləsə də, kitaba yaxın getmədim. Səhər açıldı. Çantamı dünən gətirdiyim kimi-ağzını açmamış götürüb getdim dərsə.  Rahatam. Bilirəm ki, müəllim məni dərsə qaldırmayacaq… Çox rahat.  Uşaqlarla, danışıram, gülürəm, zarafatlaşıram. Zəng çalındı. Səlbinaz müəllimə girdi sinfə. Yerini rahatlayıb outran kimi amiranə səslə dedi:

- Əntiqə, gəl dünən verdiyim şeiri danış!

Adımı eşidəndə, öldüm yapışdım oturacağa… Əntiqə nə gəzir? Rəngim qaçıb, dilim topuq çalır.  Nə qədər çalışıram deyəm ki, müəllim dərsimi öyrənməmişəm… müəllimin baxışlarını görəndən sonra  ağzımdakı söz hara qaçıb gizlənirsə, tapa bilmirəm. Səlbinaz müəllim oturduğu yerdən qalxdı, mənə yaxınlaşdı. Şapalağın səsi yadımdadı… Sinifdə exo verdi. Şapalaq məni tutub, uşaqların nitqi batıb..

-Dərsi başa düşməmişdin? Düşməmişdinsə, soruşaydın, öyrənəydin?Dərsini niyə oxumamısan?

Cavab verməyə hal nə gəzir? Şşşşaaappp!

- Müəllim, oxuyacağam!

Və elə o gündən 7 il orta məktəb, 2 il 6 ay texnikum, 5 il də universitet…. Hələ yadıma düşmür ki, 14 il 6 ay müddətində məktəbə hazırlıqsız gedəm.. Dərsimi hazırlamamış heç çörək yemək də ağlımın ucundan keçməyib. Məni məndən xəlvət müəlliməyə şikayət edən anam hər dəfə Səlbinaz müəllimdən soruşandaki, qız dərsə hazırlıqlı gəlirmi? Səlbinaz müəllim gülə-gülə deyirdi ki, onun “dərs”ini elə vermişəm ki, ömrü boyu unutmaz!  Doğrudan da heç unutmadım!

Bu xatirəni niyə danışıram?    

 Deməli, report.az-a danışan  Qarabağın erməniəsilli sakini Robert Safaryan deyib ki, Azərbaycan tərəfdə əsirlikdə olanda onunla yaxşı rəftar edilib, vəziyyəti ilə yaxından maraqlanıblar:"Mən Azərbaycan xalqını sevirəm. Bu, belə də olmalıydı. Gec-tez siz torpağınızı azad edəcəkdiniz. Mənə nə İrəvan, nə də Qarabağ lazımdır. Səmimi deyim ki, torpağın sahibi sizsiniz. Tənha adamam, Rusiyaya gedəcəm. Xankəndiyə yenidən qayıtmaq istəmirəm. Heç bir təzyiq göstərilmir, normal qaydada yoxlanılıb keçirik".

 İndi düşünürəm ki, Qarabağda yaşayan və Azərbaycana qarşı 100 ildir düşmənçilik edən ermənilərin dərsini həşəmətli ordumuz, dəqiq siyasətimiz necə gözəl veribsə, hamısı bülbül kimi cəhcəh vurur. Hələ o gün də bir erməni deyir ki, nə danışırsınız. nə düşmənçilik mən azərbaycanlıları həmişə sevmişəm, Hələ sizing qarmonçalan Aftandil İsrafilovla da dost-tanış olmuşuq!

 

Hələ görün Qarabağın erməniəsilli sakini Slava Usebyan nə deyib?

Deyib ki, azərbaycanlılarla həmişə münasibətləri yaxşı olub, duz-çörək kəsib:"Mən Xankəndidə, eyni zamanda Bakıda da yaşamışam. Orta məktəbi də elə paytaxtınız Bakıda bitirmişəm. Bakıda Montin qəsəbəsində qalırdım. Azərbaycanlılarla duz-çörək kəsmişəm, çox yaxşı insani münasibətlərimiz olub. Allah etsin, yenidən mehribançılıq olsun. İki evimi-eşiyimi qoyub, çıxdım Xankəndidən. Yanğından mühafizə idarəsində rəis müavini vəzifəsində çalışmışam. Bakıdakı dostlarımla olan şəkillərimi hər zaman saxlayırdım. Erməni tərəfi düşünür ki, məni burda saxlayıblar. Amma çox rahat şəkildə heç bir təzyiq olunmadan keçid edirəm".

Qurban olum e sizə "dərs" verənlərə,  yaxşı "dərs" verib. İnsan psixologiyasının xeyirliyə inkişafı  "dərssiz“ mümkün deyil:"Torpağın sahibi sizsiniz”. Artıq hər şeyi əzbər bilirsiniz…

Əntiqə Rəşid