23 Aprel 2022 13:46
1035
GÜNDƏM

Daşaltıda turizm kompleksləri tikiləcəksə, yəqin ki, orda şəhid olan 90 hərbçiyə də abidə qoyular...

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb. Bu gün isə davam edir.

Adalet.az xəbər verir ki, bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov da çıxış edib. O, Şuşanın girişində, Daşaltı kəndində turizm kompleksləri tikiləcəyi xəbərini hər kəsə duyurdu..

Aydın Kərimov dedi ki, artıq turizm komplekslərinin tikintisinə başlanıb: “Bu turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək. Bu komplekslər Şuşanın turizm potensialına xüsusi töhfə verəcək”.

Qeyd edək ki, haqqında danışılan Daşaltı kəndi I Qarabağ müharibəsi dövründə ən böyük hərbi itki verdiyimiz yaşayış məntəqəsi olub. Beləki, 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.

Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.

P,S. Ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad olmuş kəndlərimizdə, şəhərlərimizdə tikinti abadlıq işləri sürətlə irəliləyir. Üstünə daş qoyulan təməllər, tikilən hər tikililər bizim uğurumuzdur, qələbəmizdir! Zəfər çalmış Azərbaycan xalqının bir nümayəndəsi olaraq, bir Qarabağlı olaraq, həmçinin bütün yaradıçılığı Qarabağa həsr olunmuş bir yazar olaraq arzu edərdim ki, Daşaltıda şəhid olmuş həmin 90 əsgər və zabitimizə əvvəlcə bir abidə, sonra bir muzey tikilsin!Ora gəzməyə gələn fransız da, ingilis də, rus da, amerikalı da bilsin ki, Azərbaycan oğulları hələ 30 il əvvəl faşizmə qarşı döyüşüb, ölümü üstün tutub, amma heç vaxt vətən sevdasından geri çəkilməyiblər.

Əntiqə Rəşid