Danışılmış oyunlarla bağlı – AFFA-dan bəyanat
AFFA danışılmış oyunlarla bağlı bəyanat verib.
Xatırladaq ki, ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olmuş məlumatlar və AFFA-nın apardığı araşdırmalar nəzərə alınaraq, I Divizionda çıxış edən bir neçə klub, futbolçu, inzibati işçilər və hakimlə bağlı İntizam Komitəsinin qərarına uyğun olaraq, müvafiq cəzalar tətbiq olundu.
"Danışılmış oyunlar” dünyanın, demək olar ki, bütün ölkələrində rast gəlinən neqativ haldır və AFFA idman oyunlarının nəticələrinin manipulyasıyasına qarşı mübarizə aparan müvafiq orqanlarla hərtərəfli əməkdaşlıq etməyə, onlara dəstək verməyə hər zaman hazırdır.
Qeyd etdiyimiz kimi, danışılmış oyunlarla bağlı məsələlər qanunvericilikdə də nəzərdə tutulduğu üçün, təbii ki, hüquq-mühafizə orqanları tərəfindən də müvafiq tədbirlər görülür.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası idman oyunlarının nəticələrinin manipulyasıyası cəhdlərini, bu prosesdə iştirak edən bütün şəxsləri şiddətlə qınayır, bu cür neqativ halların qarşısının alınmasında fəaliyyət göstərən müvafiq orqanlara təşəkkür edir, gələcəkdə də əməkdaşlığa hazır olduğunu bildirir”.
Qeyd edək ki, bu gün AFFA İntizam Komitəsi "Keşlə” Peşəkar Futbol Klubunun rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə "Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.