adalet.az header logo
  • Bakı -°C
14 Iyul 2026 11:00
68
MƏMLƏKƏT
A- A+

“Ətin qiymətinin kəllə-çarxa çıxdığı bir vəziyyətdə heyvanların daşınması məsələsinin...”

“Azərbaycan Qida Təhlükəsizliyi yaranandan ilk hədəflərindən biri heyvanların idendifikasiyası məsələsi olub. Yəni heyvanlar doğulanda ona pilka taxılır, məlumatları kompüter bazasına yerləşdirilir, bütün baytar xidmətləri təqdib olunur. Hələ üç il bundan əvvəl AQTA-nin sədr müavini dedi ki, biz bir ildən sonra bu hədəflərə nail olacağıq. Düşünürəm ki, bu hədəflərin heç 10 faizinə də nail olunmayıb. Fərdi təsərrüfatlarda heyvanların ümumiyyətlə identifikasiyası ilə bağlı heç təsəvvür də yoxdur. Yəni bu işlər sürətlə getməlidir”.

Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O, bildirib ki, heyvanların daşınması məsələsi də çox mühüm məsələlərdən biridir:

“Bu ilin yanvar ayından heyvanların daşınması məsələsində xüsusiləşdirilmiş avtomobillərin cəlb edilməsi nə qədəri zəruri olsa da kafi vəziyyətdə deyil. Çünki Azərbaycanda ətin qiyməti sürətlə artır. Şübhəsiz ki, bu avtomobillərin xidməti ətin qiymətinə təsir edəcək. Demək olar ki, Azərbaycanda ətin qiyməti Avropa qiymətlərinə xeyli yaxınlaşıb. Azərbaycanda bəzən heyvandarlığın artırılması üçün çox primitiv kənd təsərrüfatı siyasəti həyata keçirmək istəyirlər. Məsələn, bunların dediyinə görə, quzu əti zərərlidir, onu kəsmək olmaz. Guya bununla onlar heyvandarlığı artırmaq istəyirlər. Bu çox primitiv yanaşmadır. Mənim yadıma 1982-ci ildə Sovet hökumətinin ərzaq proqramı düşür. O, Azərbaycanda daha əcaib şəkildə tətbiq olundu, toylarda heyvan kəsimi qadağan edildi və məsləhət gördülər ki, toyda qonaqlara kolbasa verilsin”. 

Ekspertin sözlərinə görə, şübhəsiz ki, heç bir sahibkar cibindən heç kimə pul vermir, bu istehlakçıdan alınır:

“Heyvanların daşınmasında olan bu məsələ ətin qiymətinə təsir edəcək. Ona görə hökumətin mühüm vəzifələrindən biri budur ki, heyvandarlığı inkişaf etdirsin, qiymətlər aşağı düşsün. Ondan sonra heyvanların daşınması məsələsi qaydaya salına bilər. Bu da lazımdır”. 

E.Hüseynov Kəlbcərin böyük heyvandarlıq zonası olduğunu və bu sahədə orda böyük işlər görməyin mümkünlüyünü vurğulayıb:

“Kəlbəcərdən olan, Rusiyada təhsil almış baytarlar mənimlə tez-tez görüşür və onlar gileylənirlər ki, bizi o sahələrə dəvət edən yoxdur. Yəni hökumət bu kimi adamlara yiyə durmalıdır ki, heyvandarlıq inkişaf eləsin, ətin qiyməti düşsün. Lakin indi ətin qiymətinin kəllə-çarxa çıxdığı bir vəziyyətdə heyvanların daşınması məsələsinin gündəmə gətirilməsi çox tezdir. Fərdi kənd təsərrüfatı sahələrində çox böyük problemlər var. Əgər biz Azərbaycanda kənd təsərrüfatının inkişafına dair dövlət proqramlarını vərəqləsək, görərik ki, Azərbaycanda böyük meqa fermaların yaradılması üçün hədəflər qoyulub. Təsadüfi deyil ki, böyük heyvandarlıq ölkəsi olan Perudan bir nəfər mənimlə tez-tez əlaqə saxlayaraq Azərbaycanda heyvandarlığın inkişafını çox ciddi şəkildə izlədiklərini bildirir. Onun sözlərinə görə, vəziyyət heç də hədəflərə yaxın deyil. Ona görə də kənd təsərrüfatı siyasəti güclənməlidir və heyvandarlıq inkişaf etməlidir. Kadr siyasətində də ciddi dəyişiklik olmalıdır. Məsələn, mənə şikayət edən bir gənc baytar deyir ki, dörd aydır Kənd Təsərrüfatı Nazirliyinə gedir, imtahan verir, lakin ona bir təyinat vermirlər. Ona görə də hökumət bu kimi məsələləri həll etməlidir”. 

Vasif ƏLİHÜSEYN