adalet.az header logo
  • Bakı -°C
05 Mart 2026 11:26
117
ƏDƏBİYYAT
A- A+

Çünki sənin adın Qadın!

 “Qadın nəsri” janr deyil, özünəməxsusluğu, estetikası ilə seçilən fenomendir. Yazıçıları (yaradıcılıqlarını) cinsə görə ayıranda bəzi qadınlar qəti etiraz etmiş, məsələn, Anna Axmatova özünü prinsipial şəkildə “şairə” deyil, “şair”  adlandırmış, cinsi ayrı seçkiliyə protestini belə bildirmişdi. Başqa nümunələr də göstərmək olar. Mənzər xanıma gəlincə isə, “qadın diskursu, əslində, Mənzər Niyarlının bütünlükdə yazıçı stixiyasının əsasında durur və qələmini təsbit edir”. (Tehran Əlişanoğlu) Mənzər Niyarlı “qadın yazıçı” olmaqdan qorxmur, baxmayaraq ki, yaradıcılığı çox ciddi, sosial mövzuları əhatə edir. Baxmayaraq ki, auditoriyasının genişliyinə, mövzularının dərinliyinə görə heç adamın dili gəlmir onu yazıçı kimi sinfə bölsün... Adının yanında mütləq “qadın yazıçı” paraleli çəkilsə də...

Ədəbi aləmə gənc yaşlarından gələn M.Niyarlı (Eynullayeva) “70-ci illərdə də hekayə yazırdı, indi 2000-ci illərdə də hekayə ilə nəfəs alır” (Nazif Ələkbərli), və hazırda, 2026-da da hekayəyə yeni – üçüncü nəfəslə davam edir. Ümumiyyətlə, yaradıcılıq Mənzər xanımın daxili ehtiyacı, həyatının “beşinci fəsli”dir.

Mənzər xanımın yaradıcılığı barədə görkəmli ədəbiyyatşünaslar, alimlər, tənqidçilər dəyərli fikirlər söyləmişlər. “Azərbaycan qadın yazarı Mənzər Niyarlı” kitabındakı məqalələr Mənzər xanımın şərəfinə toplanan dəmətdən seçmələrdir.   Onun yazıçı dünyasından, vətəndaş mövqeyindən, müasir nəsrimizdə qadın yazıçılar içərisindəki yerindən AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, əsərlərinə seçdiyi maraqlı mövzulardan, uğurlu hekayə və romanlarından, dil, sənətkarlıq, üslub xüsusiyyətlərindən professor İsmayıl Kazımov, janr xüsusiyyətlərindən, problematikasından filologiya elmləri doktoru Salidə Şərifova, qadın psixologiyasına bələdliyindən tənqidçi Vaqif Yusifli yazmışlar... Mən isə Mənzər xanımın həssas qəlbini, yüksək ədəbi zövqünü, yaradıcılıq eşqini, bundan irəli gələn yazıb-yaratmaq həvəsini, oxucunun duyğularına xitab etmək bacarığını, həmkarlarına səxavətlə, açıq ürəklə verdiyi dəyərli məsləhətlərini qeyd etmək istəyirəm. 

Onun əsərləri dərin psixoloji məqamları ilə yadda qalır. Bu məqamlar obrazın daxili hiss və həyəcanını açır. Cəmiyyətin problemlərini əhatə edən sosial məsələlər, insanlar arasında qarşılıqlı münasibətlər, ədalət, sevgi, vəfa, birlik, bərabərlik prinsipləri Mənzər xanımın yaradıcılığının  əsas məziyyətləridir. Mənzər xanımda həm də, final, ibrət güclüdür. \

İki əsrdir xalqımızın ürəyində dərin sağalmaz yaraya çevrilən Cənub dərdi Mənzər xanımın yaradıcılığından da ağrı-acı ilə keçir. Əsl azərbaycanlı, yazıçı olduğu üçün... Əslən Ərdəbildən, Şeyx Səfi yurdundan olduğundan, “ayağı yer tutandan haqsız repressiyaya uğradılmış ailəsinin ağırlığını çiynində daşıdığından”, qohumları o tayda qaldıqlarından... Təxəllüsünü də valideynlərinin mənsub olduğu Ərdəbilin Niyar kəndindən götürüb. Özü Şirvanda doğulub böyüsə də, genlə, qanla, ruhla Niyarlı olaraq qalıb. Yazıçının sevimli, başqa əsərlərindən ayırdığı, üstün tutduğu “Vətəndən vətənə” romanı ikiyə bölünmüş Azərbaycanın taleyindən, vətənsizlikdən, vətəndə yaşayıb o biri tərəfinə adlaya bilməmək dərdindən, “yurd adamı çəkir” xiffətindən, vətənin pisi-yaxşısı olmaz tendensiyasından danışır. Müəllif romana mənim də çox sevdiyim V.Nabokovdan açar (epiqraf) salır: “Ən təmiz hiss vətən üçün qəribsəyən insanların hissidir”. Romanda Güney Quzeyin, o Tay bu Tayın həsrətini çəkir. Əsər avtobioqrafikdir, süjetin mərkəzində Mənzər xanımın prototipi olan “Həlim” dayanır, yaddaşının saxladığı hadisələr də onun dilindən danışılır. Romanda o tayın simvolu olan Savalan, hər iki tayın Novruz bayramı, onun Cənub ritualları, etnoqrafik məqamlar, yerli kolorit, Şurəvidə baş verənlər təsvir edilir. Yazıçının saf dilinə o tayın şirin şivəsi qarışır. Dil canlı orqanizmdir, o da o taya “keçəndə” dəyişir: “Nişanlı qıza Novruzda bayram payı gətireler, Qurban bayramıdısa heyvanın boynuna qırmızı bağleb qız evinə aparelar, gəlini yaddan çıxarmelar, evlərinə nübaranlıq aparelar”... Roman düz xətt üzrə inkişaf edir, səhərin alatoranında başlayır, günəş üfüqə gedəndə bitir...

Mənzər xanımın yaradıcılığının daha bir “vizit kartı” var,  Qarabağ ... “Qızıl qaval” hekayəsi Seyid Şuşinskinin (Mir Möhsün Ağanın) xatirəsinə həsr olunmaqla, o zamanın Qarabağ mühitini əks etdirir. 

Mənzər xanım sadə yazır. Bəzək-düzəksiz, göstərişsiz, pafossuz. Həyatda gördüklərindən, olub-olacaqdan... Onu oxucuya sevdirən də təbiiliyi, “yüksək dozalı yazıçı səmimiyyətidir” (Əli Əmirli), canlılığı, həyatiliyidir. O seçdiyi mövzuya qəlbən bağlı, sədaqətlidir. Bu keyfiyyətlər də dolğun xarakterlər yaradarkən onun köməyinə gəlir. M.Niyarlının qadın obrazları bir ayrı mövzudur. Bu obrazlar arasında “femme fatale” yoxdur. Onlar müasir kanonlardan da uzaqdırlar. “Bir başıpapaqlının qalmadığı kənddə” (41-in davasında da beləydi) “cavanların o sarıbaşlara qoşulub o xarabalara – Rusiyətin hansısa vilayətinə” üz tutmaları, gözlərini onların arxasınca uzaqlara dikən kənd qadınları, sinəsi dağlı şəhid anaları... hər cür qadın taleyi və s. onun əsərlərində ovuc içi kimi görünür. Onun “qadınları” 37-nin gözüyaşlı analarıdır. Onun qadınları xarakter göstərməyə tələsməzlər... Ev işlərini bitirəndən sonra “duaya oturar”, namaz üstdə “tanıdığı, tanımadığı, hətta yolunu azmışlara da dua edər” (“Vətəndəndən Vətənə”), ya da “Tənhalığa çəkilən qadın” kimi evini şəhid ailəsinə, özünü “Kimsəsizlər qəbiristanı”na vəsiyyət edər. Hələ “Toy gününün səhəri”ndəki Aytikə püstə... Məclislərdə yeri yuxarı başda olan bu ağbirçək hörmət-izzəti “nə ağır taxtalı əri Fətulla kişiyə görə qazanmışdı, nə də pullu-paralı oğlanlarına görə”. Yalnız özünə görə. Öz əxlaqı, xeyirxahlığı, hamıya əl tutmaq istəyi, yardım təvəqqəsi ilə ona üz tutanları özündə olmasa belə, kimdənsə alıb heç kimi naümüd qoymamaq niyyəti sayəsində qazanmışdı.

Mənzər xanımda məişət motivləri çoxdur. Bunlar süjetin üst qatıdır. Burada Çexovun sözü yada düşür: “Axı həyatda insanlar hər dəqiqə atəş açmır, özlərini asmırlar, ağıllı-ağıllı danışmırlar da... Amma həmişə yeyib-içir, boş danışırlar...” Bunlar da ədəbiyyata köçür. Ədəbiyyatdan hər an xüsusi, qeyri-adi effekt gözləmək, tələb etmək düzgün deyil. Qoy hər şey həyatdakı kimi olsun. Necə ki, ədəbiyyat həyatın təzahürüdür...

Mənzər xanımın iç dünyası zəngindir, biz əsərləri vasitəsilə bu dünyanın qapısını açır, onun bədii həyat verdiyi müxtəlif peşə, fərqli dünyagörüşlü, cürbəcür taleli obrazlarla tanış olur, onların dostuna çevrilir, müəllifə qoşulub həvəslə finala yetişirik.   

Mənzər xanımın dəyərvermə, qədirbilmə, təbliğ və təşviq kimi ziyalı xüsusiyyətini xüsusi qeyd etmək istəyirəm. Həsəd duyğusundan məhrum insan da  onun bu cəhətinə qibtə etməyə bilməz, onun sevə-sevə reklam etdiyi şəxsin yerində olmaq istər. Mərhum yazıçı, sənətşünas Sara Oğuzu mənə Mənzər xanım tanıdıb və sevdirib. Özü də deyib keçmir, dönə-dönə mövzuya qayıdır, ta həmin yazıçını sənə hərtərəfli tanıdana, sevdirənə qədər. Verdiyi kitablarla, haqqında danışdığı xatirələrlə. Mən Mənzər xanımın belə tanıtdırma, təqdimetmə, diqqətçəkmə kimi keyfiyyətlərindən çox danışa bilərəm, amma bu barədə ən yaxşı Mənzər xanımın özü danışır: “Mən jurnalist Solmaz Əmirli ilə Sara Oğuzu yaxınlaşdırmaqdan ötrü fürsət axtarırdım. Saranın kitabını Solmaza verdim ki, oxusun, Saraya da Solmaz Əmirlinin “Buta” verilişinə baxmağı məsləhət gördüm”. Əsl dost münasibəti, xeyirxahlıq, təmənnasızlıq görmək, ona toxunmaq istəyirsənsə “Oğuz gözəlləməsi”ni aç! Sara Nəzirovanın həyat və yaradıcılığına həsr etdiyi “Oğuz gözəlləməsi” kitabını oxuyarkən Sara Oğuzu oxumaq həvəsi ilə bərabər, Mənzər xanıma da məftun olmaya bilmirsən: “Sara mənim qəlbimə əsərlərində təsvir etdiyi zərif və dözümlü cavanları, müdrik, ağırtaxtalı qocalarıyla girib və mənə elə gəlir ki, Sara heç kəsin yox, mənimdir, mənim müəllifimdir və düz 20 ilə yaxındır ki, Sara mənim həyatımda yaşayır”. O qədər ki, dünyadan köşəndən sonra da.... Dostluq etirafı sevgi etirafı qədər olmur. Burada daha çox susmağa üstünlük verilir. Amma duyumu, əks-sədası möhtəşəm olur... 

Yazıçı Seyid Hüseyn və istiqlal şairəsi Ümmügülsümün qızı Qumral Sadıqzadə də Mənzər xanımın sevgi, pərəstiş obyektlərindəndir. “Seyid Hüseyn yadigarı” məqaləsində Qumral xanımı ilk dəfə yazıçı kimi kəşf etməsindən, onun özünü yazıçı kimi çox gec təsdiq etməsindən danışır: “Əsəri heyranlıqla oxuduq... Çox istəyirdim onun özünü görüm, qismət deyilmiş, eşitdim ki, dünyasını dəyişib”. Sevgi dolu, səxavət epitetləri ilə zəngin bu yazı, Q.Sadıqzadəyə müəllif dəyəri ilə bərabər Mənzər xanımın həsəddən uzaq  xarakterini açır.

Bir millət kimi ağrılı yerimiz olan qaçqınlar, onların üzləşdikləri maddi, mənəvi, fiziki problemlər nasir M.Niyarlının yaradıcılığında öz əksini tapır.

Mənzər xanımın yaz müjdəli “Novruzgülü” hekayəsi balalar üçün yazılsa da, böyüklərin də zövqünü oxşayır, ruhunu təələyir, gözəlliyi artırır, bahar ab-havası gətirir.

Adətən, ciddi mövzularla işləyən müəlliflər yumorla bir qədər məsafə saxlayırlar. Mənzər xanım üçün belə bir mövzu sərhəddi, baryeri yoxdur. Onun yumoru tragikomik xarakterlidir. 

O, qardaş Türkiyədə də çap olunur, oxunur, “insan yaşamına sayğılı, milli degerlere sahib çıxan, zülmü kabul etməyən” bir vətəndaş, qələm adamı kimi  dəyərləndirilir. Türkiyədə M.Niyarlı “Çehov tarzı hikayelər yaratmağı tercih edən” (Zeynep Yıldırım) yazar olaraq xarakterizə olunur. Yəni, sadə insanlardan, onların dərd-sərindən, həyat tərzindən, yaşadığı problemlərdən yazır.Yığcamlıq, psixologizm, həyatın tragikomik təsviri bu üslubun əsas xüsusiyyətləridir ki, Mənzər xanımın hekayələrində müşahidə olunur.

Mənzər xanım səmərəli fəaliyyəti ilə Azərbaycan qadın nəsrinə öz qiymətli töhfələrini vermiş yazıçılarımızdandır. Mənzər Niyarlı bu gün bir imza, bir dəyərdir. Onun yaradıcılığının Ələviyyə Babayeva ilə yaxınlığını vurğulamaq istərdim. Bir məqamı da qeyd etmək istəyirəm ki, onun əsərləri kinematoqrafiya üçün xalis materialdır.

8 mart Qadınlar günündə dünyaya gələn “kübar yazıçımız” (Aygün Bağırlı) Mənzər Niyarlının hər iki bayramı mübarək!
 

Dilarə Adilgil

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu