13 May 2025 12:34
267
MÜSAHİBƏ

 "Ağdam ilk gündən sona qədər döyüşdü, amma namərdlər çox idi"- Döyüşçü danışır

Əziz oxucularımız, xatırlayırsınızsa, ötən həftələrdə keçmiş döyüşçü Əhməd Xudiyevin I Qarabağ döyüşü zamanı xatirə olaraq redaksiyamıza hədiyyə etdiyi bir fotonun tarixi haqqında sizə məlumat vermişdik. Eldar Bağırov adına 845 saylı ərazi müdafiə batalyonunda düşmənə qarşı döyüşmüş “güləşçi” Əhməd müəllimin söhbətlərini dinlədik.

Çox maraqlı, ictimaiyyətin bilmədiyi mövzular, məqamlara rast gəldik. Bu səbəbdən də topladığımız materelları sizə müsahibə şəklində təqdim edirik.


- Münaqişənin ilk illərində , hələ ordu yaranmamışdan əvvəl Ağdamda nələr vardı, hansı hadisələr cərəyan edirdi?

- İndi ömrümün elə bir çağındayam ki, dönüb geriyə, yaxın keçmişə baxmaq məcburiyyətində olduğumu anlayıram. Uzun illər əvvəl, dünən yaşamış kimi  hələ də yaddaşımda ilişib qalmış bəzi hadisələri bu dəfə sizin üçün danışmaq istəyirəm. Ona görə də çalışacağam ki, ilk yaranan və üzvü olduğum Eldar Bağırov adına 845 saylı ərazi müdafiə batalyonunu haqqında, batalyon üzvlərinin , ümumilikdə ağdamlıların  düşmənə qarşı mərdliklə döyüşməsi barədə yaddaşımda qalanları sizlərlə bölüşüm. 32-33 il uzaq bir tarix deyil. İçində yaşadığımız yaxın tarixdir. O tarixin canlı şahidlərindən hələ yaşayanlar var. Şahid olaraq danışaq kimi, sonralar özündən uydurma və rəvayət danışanlara yer olmasın.


- Əhməd müəllim, xatirinizdə qalan ən maraqlı, eyni zamanda sizə ağır təsir edəcək hansı hadisəni bizim üçün danışarsınız?

- Dahi ədiblərimiz də, müdriklərimizdə bütün zamanlarda insan üçün ən sarsıdıcı insana ən yaxınının, doğmasının ona vurduğu zərbənin ən ağır zərbə olduğunu deyiblər. İnsanı məhz belə bir məqam sarsıda, sındıra bilir. Münaqişə yeni başlayan dövrdə biz – o vaxtın əli silah tutanları Ağdamı və Ağdamın ermənilərə yaxın kəndlərini separatçı və terrorçulardan qoruyurdu.

Çünki ermənilər İrəvandan gələn muzdlu terrorçuların (onlara saqqallılar deyirdik - Ə.R) hesabına qudurğanlıqlarının sayını artırır , tez-tez azərbaycanlılara hücum edir,   kəndlərimizi atəşə tuturdu. Hadisələrin belə qızğın vaxtında, Ağdama xəlvət gəlib, tanışları vasitəsi ilə alver edib getmək istəyən iki erməni ilə təsadüfən arxa küçələrində qarşılaşdım.

O vaxt güləş üzrə məşqçi işləyirdim və gücümə güvənərək hər iki erməniyə hücum etdim, onları döydüm. Ürəyim soyumadı, maşınlarına qalxdım, aldıqları ərzaq və içkiləri boşaltmağa başlayanda qəflətən onlar maşına minib oradan uzaqlaşmağa çalışdılar. Ərzaqları tam tökməyincə maşından düşmək istəmirdim. Tələsə-tələsə ərzaqları yollara səpələyirdim.

Maşını Xocavəndə ( Martuniyə) tərəf sürürdülər. Rusların postuna yaxınlaşanda maşından yerə tullandım. İdmançı olmağım məni xilas etdi. Amma qollarım və belim bərk sıyrılmışdı. Rus əsgəri  avtomatı başıma dirədi. Yaralı olduğumu gördükdə, arxamca gələn maşına minib xəstəzanaya getməyimə mane olmadı. Düzdü, bərk yaralanmışdım, ağrıyırdım, amma vecimə də deyildi, çünki sevinirdim ki, ermənin xeyli ərzağını məhv eləmişəm. Düşünürdük ki, həmin ermənilər  aldıqları ərzağı  ermənilər yaşayan kəndlərə yerləşmiş “saqqallılar” üçün almışdılar. Aldıqları da ünvanına çatmadı.



- Yadımdadır ki, 1988-ci ilin fevralında Qarabağ tələbi ilə Ağdamda nümayiş edən azərbaycanlılar təqib olundu, cəzalandı, cərimələndi, hətta həbs olundu. Sovet höküməti tam yıxılmamış bir dövrdə erməniyə “güldən ağır söz” demək sizə baha başa gəlmədi?

- Mən xəstəxanaya çatdırılanda artıq bütün ağdamlılar məsələdən hali idi. Hətta Ağdam polis mayoru Əliko özünü məndən qabaq Ağdam xəstaxanasına yetirmişdi. Fərhad həkim mane olmasaydı, məni oradaca həbs edəcəkdi. Ağdam əhalisi hadisəyə təpki verməsəydi, Əliko məni ermənilərə qarşı cinayət hadisəsi törətdiyim üçün Əsgəran təhvil verərdi. Vermədi ona görə ki, erməninin dağıtdığım ərzaq və içkilərini yenidən mənə aldırdı.Hətta yük maşının qırılmış ön şüşəsini də mənə aldırıb ermənilərə təhvil verdi.Sağ olsun xalq, arxamda dayandı. O vaxt Ağdamdan Əsgərana doğru irəliləyən nümayişçilərin cəzalanmasında da əsas rol Əlikoya məxsus idi. Ümumiyyətlə, millətini sevən, düşmənə nifrət edən gəncliyə qarşı mənfi münasibət göstərən, onları “ektremist” adlandıranlar çox idi.

- Daxildəki bu qədər neqativlərlə də qarşı-qarşıya gəlmək, onları zəiflətmək üçün bir planınız yox idimi?

- Həmişə olduğu kimi o dövrdə də xalqın ümid yeri onun sayılıb seçilən qeyrətli oğulları olub.Onların ətrafında toplaşıblar. Ağdamda belə oğlanlardan biri Allahverdi Bağırov idi.O, Ağdamın qeyrətli oğullarını ətrafına topıayaraq ,ilk dəfə "Vətən oğulları" adlı dəstə yaratdı.Bu dəstəyə qoşulmağım da bir hadisə ilə bağlı oldu. Belə ki, hadisələrin daha da kəskinləşən bir vaxtında Əsgəran polisində xidmət edən Ramil adında bir nəfər bizə gəldi.

Mənə dedi ki, Ağbulaq (Ermənilər yaşayan kənddir, Abdal kəndi ilə qonşudu)kəndinin kolxoz sədri Slavik Mirzoyan səninlə görüşmək istəyir. Deyir ,sabah Abdalla Ağbulaq arasında Qaradaş deyilən yerə gəlsin,görüşmək istəyirəm. Slaviklə Xankəndi Pedaqoji İnstitutunda paralel oxumuşduq.Hətta bir il yataqxanada bir otaqda qalmışdıq. Məni bütün məclislərinə dəvət edirdi. Dostluq etmişdik. Dedim ki,get denən sabah saat on birdə orda olacağam.

- Getdiniz?

- Pis vaxtlar idi, gizli görüşə bilməzdim. Artıq söz- söhbət çıxardı.Allahverdinin restoranına getdim. Dəstə üzvlərindən də vardı orda.Məqsədimi dedim.Dedi ki,Əhməd sən nə düşünürsən,neynir səni ? Dedim ki, eşitmişəm Abdal uşaqları onun qohumunu tutublar. Abdaldan itgin düşən Əbil kişi ilə dəyişmək istəyillər.

Yəqin məndən kömək istəyəcək.Allahverdi və Eldar Əbil kişinin axtarışı ilə əlaqədar Abdal meşəsində erməni sahə rəisi (uçastkovu) Qəriblə görüşüblər.Eldar Qəribi döyüb, o da qaçıb aradan çıxmışdı. Bir nəticə alınmamışdı. Ağdamın cəsarətli oğullarından Vahiq (ləqəbi qarın Vahid idi)belindən cəngi naqanı çıxarıb mənə verdi: "Axmed (mənə həmişə belə müraciət edirdi)artıq -əskik danışsa, bir dəfə çaxmağı çəkərsən".

Alı (biz hamımız Allahverdiyə Alı deyirdik) dedi ki, bizim uşaqlardan birinin maşını ilə gedərsən. Rəmişin qardaşı Sabir dedi ki, səni sabah kənddə gözləyəcəm. Səni özüm gizli müşayiət edəcəm. Sabahı gün deyilən yerdə görüşdük. Dərəni kecdim. Görüşdük, amma üzümüzdə keçmışdəki ifadə, münasibətimizdə əvvəlki səmimiyyət yox idi.Söhbət əsnasında dedi ki, ara ,Axmed ,Qarabağ bizimdi də.
Dedim bu məsələni biz ikimiz həll etmirik.

Onsuz da yaşayırdınız də. Pis də yaşamırdınız. Sözünün canın de, niyə çağırmısan? Dedi ki ,qohumumu sənin kəndçilərin tutub, köhnə haqq salama xətir kömək elə.Dedim ki, sən də bizim adətləri bilirsən,bizim ölümüz də, dirimiz qədər əzizdir.Sən də Əbil kişini sağdırsa ,özün, ölübsə meyidin tap gətir, onda kömək edərəm. Belə razılaşıb ayrıldiq. İki gün sonra Əbil kişinin meyitin göz qabağıında bir yerdə basdırıb, bir əlin çöldə qoymuşdular. Bu hadisədən sonra mən də Vətən oğulları dəstəsinin üzvü oldum.


- Bəs ilk dəfə nə vaxt döyüşə atılmısınız?

-Həmin dəstənin tərkibində ilk döyüşüm və yara almağım oldu1992 -ci ilin yanvarın ayının 31- də. Bizim dəstə gecədən Naxçıvanlı kəndi ilə Əsgəran yolunun üstündə mövqe tutdu. Məqsəd Naxçıvanlı kəndindən Əsgərana gələcək köməyin qarşısın almaq idi. Səhər saatlarında döyüş Yaqub Rzayevin Əsgəranı top atəşinə tutması ilə başladı.Qızğın döyüş getdi.Bizimlə vuruşan həm erməni, həm də rus əsgərləri idi. Rus əsgərləri BTR maşını ilə üstümüzə gəlirdilər. Ağdam Polis Şöbəsindən bizə verilən qranatamyot mərmiləri təlim üçün imiş. Bizdən yuxarıda mövqe tutan yoldaşlarımız BTR- in təkərlərini yatırtdılar. Mənimlə BTR- in arasında məsafə çox yaxın idi. Arxasında gizləndiyim qara daşa dəyən güllələr daşın çarpanaqları ilə sifətimi didmışdi.

Qəflətən əlimi dəlib keçən güllə məni elə bil ayıltdı.Arxamda dayanan həmişə birgə olduğum Əkbər Rüstəmovun köməyi ilə güllə yağışının altından çıxmağım bir möcüzə idi.Əlimin yarasını Alı sarıdı.Həmin döyüşdə 8 nəfər şəhid verdik. Bir neçə nəfər yaralandı.

Bizim texnikamız yox idi , ən yaxşı silahımız avtomat idi. Ermənilər isə rus silahları və həm də rus zabitləri ilə birgə bizə qarşı doyüşürdü. 26 gün sonra Xocalı hadisələri baş verdi.Vətən oğulları dəstəsi və Ağdam Xalq cəbhəsinin üzvləri böyük fədakarlıq göstərdilər.Allahverdi Bağırovun xidmətləri isə məlumdur. Bu barədə çox yazılıb, amma nədənsə sonradan yaranan və haqqında bəhs olunacaq 845 saylı batalyonun fəaliyyəti həmin batalyon qərargahında makinaçı olmuş, Atlas Xanlar qızının video çəkilişlərin çıxmaqla respublika mətbuatında işıqlandırılmayıb. Bu batalyona qarşı elə bil qısqanclıq vardı.Bu barədə də söhbət açılacaq.


- Səhv etmirəmsə, sonra başqa dəstələr də yarandı…1991-ci il…


-"Vətən oğulları" dəstəsindən başqa bir neçə başqa dəstələr də yaradılmışdı ki, Ağdamın igid oğulları hərəsi rayonun bir istiqamətində mövqe tutaraq, düşmənin qarşısını kəssin. Onlardan biri Yaqub Rzayevin Xalq cəbhəsindən ayrılaraq yaratdığı "Qarabaş şahinləri" dəstəsi idi.Fred Asifin ağsaqqallıq etdiyi Haqq cəbhəsi dəstəsi də düşmənlə mübarizədə fəal idi.

 

 

Hakimiyyət klanlarının fəaliyyəti bu dəstələrin bir rəhbərlikdə birləşməsinə mane olurdu.Hətta cəbhəci adlansa da, rusa xidmət edən deputat Rəhim Qazıyevin ,,xidməti" sayəsində Ağdam igidləri arasına qan davası salındı. Fürsətdən istifadə edən hakimiyyət hərisləri deputat Eldar Bağırovun qətlini təşkil edərək ziddiyyətləri daha da gücləndirdilər.


- Söhbət təbii ki, 1991-ci ildən gedir.


- Bəli… O dövrdə artıq ermənilər rusların köməyi ilə nizami ordu yaratsalar da, hələ Azərbaycanda Müdafiə Nazirliyi də yaradılmamışdı.
Azərbaycanın müxtəlif rayonlarından köməyə gəlmiş insanlardan və Ağdam cavanlarından təşkil olunmuş "Vətən oğulları" dəstəsinin əsasında, Allahverdi Bağırov batalyon yaratmaq qərarına gəldi. Hərbi işi bilən kadrlara ehtiyac var idi. Batalyon yaratmaq üçün könüllülər lazım idi... Ağdam Xalq Cəbhəsinin üzvlərinə müraciət olundu. Xeyli könüllülər toplandı. Siyahı tutuldu.Bu işdə cəbhəçilərdən Nizami Şükürov, Akif Nağıyev, Əkbər Rüstəmov, Rizvan Səfərov fəal iştirak etdilər.

Xeyli adam toplaşdı. Sənədlər, hərbi biletlər yığıldı. Sonradan başqa rayonlardan da xeyli könüllülər cəlb olundu. Könüllülərin içərisindən keçmiş rus ordusunda xidmətdə olmuş hərbiçilər də bu işə cəlb olundu. Bunlardan biri qocaman hərbiçi əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan, Politexnik İnstitutunun hərbi kafedrasının müəllimi mayor Quliyev Barat Təhməz oğlu idi. Onun hərbi təcrübəsi işə böyük təkan verdi. Sovet ordusunda xidmət etmiş kapitan Natiq Əhmədovun da hərbi təcrübəsi batalyonun yaranmasında mühüm rol oynadı..Hərbi sahədə biliyə malik olan Akif Nağıyev, Allahverdi Bağırovun hərbi məktəbi bitirmiş oğlu Elşən Bağırov da bu işə cəlb olundu və böyük köməklik göstərdi. Onun sayəsində batalyonun rabitə sistemi təşkil olundu. Rus ordusunun hərbi qaydaları kitabından(ustav)tərcümə olunaraq istifadə edildi.Beləliklə, batalyonun bütün komandir və əsgər heyəti komplekləşdi.Batalyonun üzvləri hazır olandan sonra onu Müdafiə Nazirliyində əmrləşdirmək üçün Behbuduov Hüseyn vasitəsilə Müdafiə Nazirliyinə göndərildi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 083 N-li 19 mart 1992 - ci il tarixli əmrinə əsasən Eldar Bağırov adına 845 saylı hərbi hissənin yaradılması haqda əmr gəldi. Əmrə əsasən 21 mart 1992- ci il tarixdən Bağırov Allahverdi özünü batalyonun komandiri elan etdi. Onun əmrinə əsasən isə batalyonun qərargah rəisi Natiq Əhmədov, batalyon komandirinin müavini mayor Barat Quliyev, qərargah rəisinin müavini Abdullayev Yaqub, təchizat rəisi Behbudov Hüseyn, rabitə xidmət rəisi Bağırov Elşən, avtomobil xidmət rəisi Məmmədov Sabir, ərzaq təminat rəisi Əliyev Tahir, yanacaq xidmət rəisi Əliyev Ədalət, geyim xidmət rəisi Məmmədov Yahya, maliyyə xidmət rəisi Səfərov Rizvan, tibb xidmət rəisi Şükürov Nizami təyin edildi. Silah və texnika çatışmazlığı vardı.Onunla əlaqədar Barat Quliyev Bakıya,Müdafiə Nazirliyinə ezam olundu.

Barat Quliyev xeyli hərbi silah,sürsat və bir necə maşınla geri döndü. Sevincimizin həddi hüdudu yox idi.Amma yenə silah qıtlığı vardı. Xalq həmişə ordusunun arxasında dayanır. Ayrı-ayrı şəxslər öz hesablarına silah və ərzaq təminatına köməklik göstərirdilər. Rusiyada bizneslə məşğul olan Ağdamın Poladlı kəndindən olan Məmmədov Mikayıl İmran oğlu biznesini buraxaraq şəxsi vəsaiti hesabına avtobus və müxtəlif sursatlar alaraq batalyona bağışladı. Özü isə bölük komandiri kimi döyüşlərdə iştirak etdi. Belə fədakar insanların sayəsində Ağdam instrumental zavodunda iyirmi stvollu qrad qurğusu düzəltdirərək silah arsenalımızı artırdıq. Batalyon dörd bölükdən ibarət yaradıldı və ştat cədvəli üzrə bölük komandirləri və sonrakı komandir və əsgər heyəti ştatı təsbit olundu.

Eyni zamanda batalyonda artilleriya batareyası, kəşfiyyat taqımı, rabitə taqımı, təchizat taqımı,mina axtaranlar taqımı, minamyot taqımı, həkim məntəqəsi və tibb taqımı yaradıldı. Batalyon üzvlərinin hamısı tibbi baxışdan keçirildı.Beləliklə Ağdamda 836 saylı batalyondan sonra ikinci həqiqi hərbi hissə yarandı və ciddi təlimlər başladı. Az bir zamanda batalyon mükəmməl polk səlahiyyətli batalyona çevrildı. Batalyon bəzən əhalidə ruh yüksəkliyi yaratmaq üçün rayon mərkəzindən nizami qaydada keçidlər edirdi. Təlimdə və düşmənə qarşı keçirilən ilk əməliyyatlarda təcrübə toplayan batalyon mükəmməlləşdi. Çoxlu cəsur döyüşçülər yetişdi ki, sonrakı yazılarımızda onlardan bəhs olunacaq.


- Söhbətimizin qalanı qalsın gələn saylarımıza! Əziz oxucularımız bizi izləyin...

 Əntiqə Rəşid