24 Iyun 2025 17:26
100
SİYASƏT

Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi müzakirə edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BƏƏ-dən olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

XİN-dən Adalet.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında tərəfdaşlıq, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, problemlərin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

16:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed ilə telefon danışığı zamanı regional təhlükəsizliyi müzakirə edib.

Adalet.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Yaxın Şərqdə baş verən son hadisələri, onların regional sülh və təhlükəsizliyə təsirləri ətrafında fikir mübadiləsi aparıblar.