adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Avqust 2022 12:39
808
ƏDƏBİYYAT

CƏNNƏT ADAMI

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.
                                                             
Ümummilli lider Heydər Əliyev

Dünyada gözəl, nəcib peşələr çoxdur. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə  var. Bu müəllimlikdir.  
Müəllimlər həyatını xalqının işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahibləridir. Bu peşə sahibləri öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Məhz buna görə də müəllim əməyinin bənzəri yoxdur. Müəllim əməyi, sözün əsl mənasında, fədakarlıq nümunəsidir.  Bu bir həqiqətdir ki, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək  kimi mühüm vəzifənin öhdəsindən onlar gəlib. 

Bu da bir danılmaz gerçəklikdir ki, müəllimlər  elm-bilik xəzinəsinin qapılarını insanların üzünə açan bir varlıq olaraq, onların hər birimizin həyatında danılmaz əməyi var. Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Həmin insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.   Bu əzəmətli peşənin adını şərəflə daşıyan müəllimlərdən biri də 40 ildən artıq pedaqoji fəaliyyətlə məşqul olan, ömrünün 70 illik zirvəsinə qədəm qoysa da, bu gün də yorulmadan öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verən respublikamızın əməkdar müəllimi Məmmədrza Əsgərovdur.

Məmmədrza Əsgərov 1952-ci ilin avqust ayında Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.  Qəsəbədəki 1 saylı orta  məktəbi bitirdikdən sonra min bir zəhmətə qatlaşaraq halal qazancı ilə ailəsini dolandıran fəflə atası Qulam kişinin arzusunu gerçəkləşdirərək müəllimlik peşəsini seçib və 1978-ci ildə  V.İ.Lenin adına Azərbaycan Prdaqoji İnstitutunun (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) riyaziyyat fakültəsini bitirib.

Ali məktəbi bitirdikdən sonra Məmmədrza Əsgərov təyinatı üzrə Salyan rayonunun Xıdırlı kənd məktəbində pedaqoji fəaliyyətə başlayıb. İki ildən sonra Bakıya köçərək Buzovna qəsəbəsindəki Vərəm sanatoriyasının nəzdindəki məktəbdə, daha sonra isə Xətai rayonundakı 63 saylı orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib.    
Gələcəyin gənclərin, gənclərin isə müəllimlərin əsəri sayan Məmmədrza Əsgərov 2001-ci ildən bu günə kimi Xəzər Universitetinin nəzdindəki “Dünya” Məktəbində çalışır. O, 45 ilə yaxındır ki, bənzərsiz saydığı pedaqoji aləmin ağuşunda həyatını bu yola sərf edərək şagirdlərinin riyaziyyat eiminin dərinliklərinin mənimsənilməsinə gərgin əmək sərf etməklə yanaşı,  gənclərin savadlı, sərbəst düşüncəli və öz mövqeyi olan şəxsiyyət kimi formalaması, xalqımıza layiq vətəndaşların yetişməsi  üçün gərgin əmək sərf edib,  Azərbaycanın xoşbəxt gələcəyi üçün bir müəllim kimi tam səfərbər olub. Böyük M.K.Atatürkün “Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər” müdrik kəlamı məhz Məmmədrza Əsgərov kimi müəllimlərə ünvanlanıb, desək yanılmarıq. Bəli, sözün həqiqi mənasında Məmmədrza Əsgərov kimi fədakar pedaqoqun ürəyinin hərarətindən, gözünün nurundan, zəkasının kamilliyindən yüzlərlə Azərbaycan gəncinə pay düşüb. O, yüksək əxlaqi keyfiyyətləri, təmənnasızlığı, insanlara qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı, prinsiplərinə sadiqliyi ilə daim ətrafındakıların yüksək rəğbətini, ehtiramını qazanıb. 

Yetirmələrinin Azərbaycanın, həmçinin  xarici ölkələrin aparıcı müəsissələrindən xoş sorağı gələn Məmmədrza Əsgərov ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri istiqamətində həyata keçirilən işlərdə də yaxından iştirak edib.

Xalqın zəngin mənəviyyatını, əxlaqını parlaq şəxsiyyətlərində ehtiva edərək, ləyaqət və şərəf hissinin yetərli qədər qoruyub saxlayaraq  müdriklik zirvəsinə yüksəlmiş, mənalı ömrünü bütövlükdə gələcək nəslin maariflənməsinə həsr etmiş Məmmədrza Əsgərovun xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  01 oktyabr 2012-ci il tarixi sərəncamı ilə Məmmədrza Əsgərova “Əməkdar müəllim” fəxri adı verilib. 

Məmmədrza Əsgərov  ləyaqətli ailə başçısı kimi də qəlblərdə təxt qurub. Əməkdar müəllim həyat amalını maddiyyata sahib olmaq kimi dar məqsədlər üzərində qurmayan, cəmiyyətin intibahına, mənəvi yüksəlişinə çalışan, müstəqil düşüncəsi, azad dünyagörüşü ilə sevilir. 

Hər bir şəxsiyyətin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, saf niyyətlərdə deyil, həm də özündən sonra layiqli davamçılar yetişdirmək əzmində ifadə olunur. Ləyaqətli ailə başçısı olan Məmmədrza Əsgərov ömür-gün yoldaşı Familə xanımla birgə övladlarını da milli təfəkkür, milli kök, ulularımızdan ərmağan qalmış əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan saf ailə mühitində tərbiyə edib.  

Əməkdar müəllim Məmmədrza Əsgərov da pedaqoyi fəaliyyəti ilə kamil və yetkin şəxsiyyət olmaqla yanaşı, həm də son dərəcə qayğıkeş və diqqətcil ailə başçısı kimi  cəmiyyət üçün layiqli vətəndaş kimi yetişdirdiyi üç qız övladı onun şəxsiyyətinin ucalığını əməllərində ləyaqətlə qoruyurlar. Məhəmməd peyğəmbərin (s.ə.s.)  “Elm öyrənmək üçün dünyanın ən uzaq guşəsinə get”,  “Elmi  beşikdən  məzara  qədər öyrənmək  lazımdır”, “Elmə sərf  olunan vaxt, namaza sərf olunan vaxtdan qiymətlidir”,   “Elm öyrənmək hər bir müsəlman üçün vacibdir”, “İnsan elmlə xoşbəxtliyin zirvəsinə və layiqli məqama çatır”  kimi çox dəyərli kəlamlarından güc alan Məmmədrza Əsgərov üç qız övladına ali təhsil verib, onları cəmiyyətimiz üçün ləyaqətli vətəndaş kimi formalaşdırıb. Qızlarından Ruhiyyə mühəndis, Ceyran həkim, Nigar isə müəllim ixtisasına yiyələnib. Ən başlıcası isə Məmmədrza Əsgərov ən yüksək əxlaqi dəyərlərlə üç qız övladını nümunəvi ailələrimiziin xanımı, anası kimi yetişdirib. Beləcə, Məmmədrza Əsgərov cənnət adamı olub. Sevgili Peyğəmbərimizin (s.ə.s.)  buyurduğu kimi -  “Üç qız övladını gözəl əxlaqla böyüdən və ailə qurmalarını təmin edən valideyn cənnətlikdir.”                                                 
                                                                                            
                                                                                            
Hikmət Xudiyev,
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə
doktoru, istefada olan polkovnik