Cəbrayıllı toxucular qədim Qarabağ xalçalarına yeni həyat verir
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filialında 150 kavadratmetrə yaxın xalça toxunub.
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ötən il fəaliyyətə başlayan xalça istehsalı emalatxanalarından biri də Cəbrayıl filialıdır.
Prezident İlham Əliyevin "Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” 3 aprel 2018-ci il tarixli Sərəncamı qısa müddət ərzində uğurla icra olunub.
Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filial binasında tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb, 2018-ci ilin dekabr ayından burada məhsul istehsalına başlanılıb. Filial öz fəaliyyətini günü-gündən genişləndirir.
"Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Cəbrayıl filialında olub, istehsal prosesi ilə maraqlanıb, toxucularla görüşüb.
Filialın direktoru, əslən Qarabağdan olan xalçaçı Eliza Abdullayeva məlumat verib ki, hazırda emalatxanada 65 nəfər çalışır. Ötən dövr ərzində filialda 150 kavadratmetrə yaxın xalça toxunub.
E.Abdullayeva deyib ki, bu filialın yaradılması məcburi köçkünlərin işlə təmin olunması baxımından çox əhəmiyyətli hadisədir.
Qeyd olunub ki, burada çalışan peşəkar toxucular qədim çeşnilərimizə yeni həyat verərək Qarabağ xalçalarını yaşadır, onların tarixi şöhrətini özünə qaytarırlar.
İdarə Heyətinin sədri kollektivə fəaliyyətində uğurlar arzulayıb. Sonra emalatxanaya baxış olub, indiyə qədər toxunan xalçaların keyfiyyəti dəyərləndirilib, istehsal prosesi ilə bağlı müvafiq tapşırıqlar verilib.