adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Dekabr 2017 11:59
11343
MƏMLƏKƏT

Cəbhə bölgəsində Həmrəylik Günü qeyd olundu

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon ərazisində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış füzulili məcburi köçkünlərlə görüş keçirilib, bayram süfrəsi açılıb.
Görüşlərdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, imtiyazlı ailələr və ziyalılar iştirak ediblər.

Alı Alıyev çıxış edərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Görkəmli dövlət xadimi Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan Alı Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının olduğunu qeyd edib.

Alı Alıyev bildirib ki, 2017-ci ilin nəticələri Füzuli rayonunda ürəkaçan olub, bütün sahələrdə inkişaf, tərəqqi, irəliləyiş baş verib, əhalinin həyat səviyyəsi yüksəlib.

"Görülmüş işlər, əldə olunmuş nəticələr füzulilərin Prezident İlham Əliyevin sosial-iqtisadi və siyasi dəst-xəttinə sadiq olduqlarını, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun çalışdıqlarının göstərmişdir”-deyə Alı Alıyev vurğulayıb.


Rayonda keçirilən bayram şənliyində şəhid atası Vəliəhd Abdullayev, şəhid anası Şəfiqə Orucova, Qarabağ müharibəsi əlili, "Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov çıxış edərək respublikada və Füzuli rayonunda şəhid ailələrinə Qarabağ müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.