Cavid Qurbanov dəmiryolçulara mənzil verdi - FOTOLAR
Bu gün "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Adalet.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr-dəmir yolu işçilərinin peşə bayramı münasibəti ilə təbrik edib.
Tədbirdə, "Azərbaycan Dəmir Yolları" QSC-nin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 12 oktyabr 2017-ci ildə imzaladığı sərəncamlar oxunub.
Daha sonra çıxış edən Cavid Qurbanov dəmir yolunun yaranma tarixinə qısa ekskurs edərək bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb:
"Bu, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf edib və təkmilləşib”.
Sonra bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, "Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub. Tədbirin sonunda iştirakçılar adından prezident İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul olunub.