adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 May 2023 12:11
578
ƏDƏBİYYAT

Can ona sadağa, baş ona peşkəş - Vaqif Bəhmənlinin şeirləri

Adalet.az tanınmış şair Vaqif Bəhmənlinin şeirlərini təqdim edir:

Üzük

O vüsal günləri hayana düşdü,
Var imiş könlümü qırmağın sənin.
Nə vaxtdan bu üzük payına düşdü: –
Alışıb yanaydı barmağın sənin...

Səni bəxş etdilər nə bilim kimə,
Mənim sevməyim də bir günah imiş.
Həsrətin zəhərli gülləymiş demə,
Bu kövrək ürəyim nişangah imiş.

Nəfəsim alışıb gör necə yandı.
Yalvarram, o qızdan aralan, üzük!
Bəxtimə dolanan qızıl ilandır,
Sənin barmağında saralan üzük.

Tutub ürəyimi qərib bir giley,
Kədəri quzeyin daşı boydadır.
Gözümdə sozalıb, kiçilib hər şey,
Dünya da üzüyün qaşı boydadır.

Köçdüm gözlərinə günün birində,
Varlığım qəlbində durmadımı bəs?
Sənin o nişanlın bəbəklərində
Mənim nişanəmi görmədimi bəs?

Daş yerə çırpılıb əzilmişəm mən,
Ağrı qatar-qatar əzikdən keçər.
Yaman incəlmişəm, nazilmişəm mən
Varlığım sap kimi üzükdən keçər.

Bir haray bənd olub könülə, gözə,
Təmiz məhəbbəti günah sayıblar.
Səni bir oğlana, bir könülsüzə
Məni də kədərə nişanlayıblar...

Eşq

Başımı xəyalın qatır birtəhər
Yoxdu qaynamağım daha heç kimlə.
Mən sənin eşqinlə qalxıb hər səhər,
Axşam da...yatmıram sənin eşqinlə.

Nə bilim küçədə, yolda, yuxuda,
Yenə görərəmmi? Ürək yeyirəm!
Sənin eşqinlədi içdiyim su da,
Mən sənin eşqinlə çörək yeyirəm!

Unudub dost doğma qardaşlarımı
Bu eşqin qəminə qardaş oluram.
Çəkirəm başıma göz yaşlarımı
Mən sənin eşqinlə sərxoş oluram.

Eşqində gücə bax, bilsə də yoxdu
Öləni diriltmək hökmü Allahda
Çağa tək güldürür qəhr olan bəxti,
Məni gah öldürür,dirildir gah da.

İndi billəm nəymiş eşq odu canda
Ona kim baxırmış, nəfə baxırmış.
Məcnun çöl gəzəndə, Kərəm yananda
İsa da çarmıxda kefə baxırmış!

Allah, sən bilirsən nələrə dözdüm
Bu sevda yolunu tutana kimi.
Dəli dalğalara baş vurum, üzdür
Eşqin dəryasında batana kimi.

Sevdanın çətin yolu

Göstərdi hökmünü boranlar, qarlar,
Sitəm sipər çəkdi, qəm sıra tutdu.
Dikindən təkinə buzladı dağlar,
Şüşə könlümüzü sırsıra tutdu.

Baxmadı şaxtaya...
uçdu cüt ürək,
keçdi ayrılığın uzun içindən.
Buz buza çırpıldı çaxmaq daşı tək,
qığılcım ayrıldı buzun içindən!

Dar günün sahibi Allahdı yenə
Bir qarlı yol verdi bizə də, şükür!
Yaralar sarıyan qar tənzifinə,
Cana can calayan buza da, şükür!

... Sonra tonqal odu dağladı qarı,
Odumuz buzların bağrını yardı.
Əriyib sel oldu dağların qarı,
bu dəfə də bizi daşqın apardı!

Belə yaxşıdı

Bir yol da saymayıb qohum-qardaşı
nə qədər pərdə var, vurub yıxasan,
Alıb qoltuğuna sevdalı başı
çıxanda aradan elə çıxasan
boş yaxan keçməyə ələ, yaxşıdı! –
Qardaş, qadan alım, belə yaxşıdı.

Gözlərin dikilə guman yerinə,
daha atmayasan oxu heç kimə.
Qaşını çatanda kaman yerinə,
çölləri gəzəndə ceyran eşqinə
toruna düşdüyün tələ yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

Hər gün ayaqlasın, iz də qocalır,
bəsdi dirədiyin küncə qəlbini!
Oğlan da qocalır, qız da qocalır...
Qərib bir quş olub qönçə qəlbini
açasan bir qərib gülə, yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

İstə, ya istəmə, gecələr bitər,
Anbaan azalar canında odun.
Bu qəribə qismət tamama yetər –
Bir qərib dünyada bir qərib qadın
dərdindən can verib ölə, yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

Tanrının nə qədər gizlinləri var;
Qoy bu da ehmalca bəxtə yazılsın.
“Biz kimsə görmədik” –
söyləsin yollar,
Başına gələnlər yuxu yozulsun,
düşməsin dillərdən dilə, yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

Bu da ildə bir yol bərk aclığındı –
Dönəsən doymayan, ya doyan kimi.
Görəsən darvaza sən açdığındı,
qapın aralıdı...
sən qoyan kimi,
adlayan olmayıb hələ, yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

Kürkünü asasan sivri qarmağa
Getməmiş qürbətin ətri canından,
Arvadın yüyürə qaz yandırmağa,
Deyə: - Nə durmusan xoruz banından?
Sonra da üzünə gülə, yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

Varlı adam

Sərvət, dövlət deyib canı üzmədim,
yeridim yolumu sədaqət ilə.
Könül divarıma mərmər düzmədim,
üzlədim silinməz məhəbbət ilə.

Qocaya zamanın fəryadı dedim,
körpə çöhrələrə, duadı, dedim...
sirli bir damlaya dəryadı, dedim -
heç işim olmadı kəmiyyət ilə.

Rəsmini çəkənim şirəli çəkdi;
qayıdıb üstündən nur əli çəkdi...
Tanrımı hamıdan irəli çəkdim –
tül pərdə saxladım cəmiyyət ilə.

Məkrə, paxıllığa ilan söylədim,
kələyə ən qorxunc dalan söylədim...
Kim mənə qurama, yalan söylədi
ağzını qapadım həqiqət ilə.

Sözümdən söz çəkib demə kəmsərəm -
başımın daşıdı zalım, qansoran...
Xain süfrəsində tikə kəsmərəm,
nəsil qanlısıyam xəyanət ilə.

Başmaqçı odur ki, başına gələ,
sanma ki, söz dedim xoşuna gələ.
Üstümə fillərin qoşunu gələ
mənə bata bilməz bu qüvvət ilə.

Əlləri var olsun körpü cızanın –
altında qaynayır məhşər qazanı.
Sözümdə puç varsa, Tanrı cəzamı
versin özü bilən bir qiymət ilə.

Asilik

Bəsdir daha yaşadım ağac-uğac ağlıyla,
Bir az adam olmalı...
alıb –aldatmalıyam.
Yaş odun sırımalı aranlıya-dağlıya,
birisinə atmalı,
birini satmalıyam.

Dərisinə bükürkən xilqət qurdlu canını
Bəsdi oldum dərisiz Nəsiminin müridi!
toz bürüdü naqisi, qartmaq tutdu canını,
mənim şümşad bədənim təmizlikdən çürüdü.

Olsun otun, çiçəyin, suyun dili dərbədər;
Ruzu qazanmaq olmur biyan, yovşan diliylə.
Vergi müfəttişinin dilini bilsəm yetər,
quştək ötmək gülüncdü
Şah Süleyman diliylə.

Gördüm etibarını açıb-solan güllərin,
Qısır söyüdlər ilə sevişməyin nə adı?
Hazır ətdi,
ceyrana sıxım qızıl gülləni,
bir yol xoşbəxt eyləyim evdə uşaq, arvadı!

Halalın miqdarı az,
donluğum ondan betər,
darı-darı gül, gözüm, didən haram dən umur.
Bəsdi çinar olduğum, ərəl olduğum yetər-
Quruçayın yatağı suyu gözümdən umur!

Gözdə su yox, ağladım
ağacların yerinə,
Şitilə su dartmaqdan ovcum qabar bağladı.
Budaqlar budamaqdan suluq getdi dərinə,
Haçan tut ipək cırdı,
nar yaramı bağladı?

Daha bəsdi yaşadım xəyal-xöşək barımla;
hesabı qeyridən yox, özümdən sormalıyam.
Böyürtkən kolu kimi açıq tikanlarımla
həyasız dəvələrin üzünü cırmalıyam.

Ota, əncərə getdi,
bir quş ömrün yazına,
Bu gün payız,
sabah qış...
gora tərpənir çənəm.
Ey qələm tutan kişi,
asi olub yazına
mən daha bitkilərə qul olmaq istəmirəm.

Üstəlik havalı baş
baş qoşmadı azana,
orda,
haqq dünyasında
gur-gur yanır ocaqlar...
Son indidən bəllidi,
adam olsam qazana,
ağac olsam qazanın altına basacaqlar!

Belə

Ömür ki od aldı, əriyir şam-şam –
yağı yalavaca paylanır cam-cam,
Fələyin qolunda səhəngdi adam –
sonda qopur qulpu, lüləyi belə...

Qafil o kəsdi ki, çörəkdən qaçır,
Eşqin yeri dardı, ürəkdən qaçır...
Mehdə hünər hanı? –
Kürəkdən qaçır,
Şəlləmə belinə küləyi beləəə...

Fələk pəsdah açır sınıq təkərlə,
Novdanda dən yoxsa, hərlə, ha hərlə...
Un olub ələnir can zərrə-zərrə
Kafər, fırlatmazlar ələyi belə!

Ürəyi at verdi... Allah, min, dedi –
Çapırsan...
görmürsən tər içindədi? –
Allahın verdiyi yaman gündədi;
Adam əldən salmaz ürəyi belə!

Sözün şövqü dəysə qızıl qanayar,
Kəlməni ləldən çək, qızıldan ayır!
Mürəkkəb ayrı şey, qızıl qan ayrı
Qandı şax saxlayan lələyi belə...

Can ona sadağa, baş ona peşkəş,
Xas aşiq qul olmaz ötərgi eşqə!
Kimsəyə dil vermə Tanrıdan başqa,
Buraxma evinə mələyi belə!

Şuşa

Dağı dağ üstdə duran dağlı səməndərdi Şuşa,
Necə bəs dil-dil ötür gül-gül açan dərdi Şuşa?

Qol açıb hər yetənə; pis nəzərə gəldi yəqin –
Partlamışlar uladı: gör nə qəşəng yerdi Şuşa!..

Qaldırıb dik başına zatıqırıq qor-qoduğu,
Tullayıb dar dərəyə dərdləri min mərdi Şuşa!

O xəcil, axdı təri, qan bələnən köynəyini
Xarı-bülbül gülünün yarpağına sərdi Şuşa?

Bəlkə nərd taxtasıdı yek Cıdırın tas sinəsi –
Fəndgir əllərdə gəzən şeşli-beşli zərdi Şuşa?

Tanrıya asi olub qövr eləsəm hiddətdən,
Deyərəm, dərd yuvası, otlu-sulu şərdi Şuşa!

Əhdi Vaqiflə idi, peymanımız qəbrə qədər...
Bəs hanı? Gərdəyini düşmənəmi verdi Şuşa?

Yuxuda yuxu

Bürünüb üşüyən qoca yaşıma,
İşlək öküz kimi düşsəm də yorğun,
Güc tapıb dişimi sıxdım dişimə,
Bu gecə
mən səni yuxuda gördüm.

Gördüm doqqazdayam,
sən də gəlirsən,
Üstündən ötməyib elə bil çovğun.
Yenə o müəmma, yenə o sirsən,
Aytək ziyalısan,
namxuda,
gördüm...

O gözlər,
o gülüş...
yerindədi tam,
həmən o cığada, qaşda qalmısan.
Nə təhər olur ki,
mən altmışdayam,
Sən elə onaltı yaşda qalmısan?

Ay Allah, dilimin ucundadı lap,
Pozulub yaddaşım...
nə idi adın?
Adın muncuq-muncuq -
qırıqlanıb sap,
nə illah elədim xatırlamadım.

Adı neyləyirəm,
sən həmən sənsən,
bu huşsuz, bu başsız mənəmmi, əsla!
Ocaq alışarmı küləcən sönsə,
yuxuma gəlmisən hansı əsasla?

Qalın illər altda titrəyirəm mən,
Həsrət yorğanının şəriki sinəm...
İstədim üzündən,
əlindən öpəm,
Dedin,
haqqın çatmır hər ikisinə.

Eşq ötür bülbültək yuxu dilində,
Elə bil anladır nə imiş qüdrət.
Belə tər qalmağın hicran çölündə,
nə olar, sirrini mənə də öyrət!

Şair

Tanrıdan savayı anlamaz heç kim
sevgi göylərindi...
yer eşqi olmur.
Yerə, göyə sığmır şairin eşqi,
Eşqdən yarananın bir eşqi olmur!

Yerə, göyə sığmır şairin eşqi,
Şairin
dünyaya dəyən eşqi var,
yaxası bərq vuran cilvəli püşkü
Bir də ki...
qapqara geyən eşqi var!

...Təki yar dilinin qılıncı dəyə,
təbibə yollanmaz çaradan ötrü.
İlan tək atılar qızıl gülləyə,
Canı qurban verər yaradan ötrü.

Şairin dünyada bir eşqi olmur,
Payız eşqini say, yaz eşqini say.
Baxıb sonalamaq, ya seçki olmur,
Atəş eşqini say, buz eşqini say.

...Şairdə qanad var;
yüksəlir, enir
dərin dərəyə də,
qəlbi dağa da.
Şair adam vursa,
Allah bəyənir,
Şair
sevgi qatır əclaflığa da!

Azərbaycansayağı ayrılıq

Uşaq da bilir ki, “yek”dir tək təməl,
bölünən rəqəmdi –
“dü”, ayrılıqdı.
Hər kəsin sonuncu nəğməsi əməl,
Göl üstdə can verən qu...
ayrılıqdı!

Ha ula, harayın qurda da yetmir –
o taylı-bu taylı yurd dada yetmir...
Niskilin ləkəsi gorda da getmir –
durum necə deyim, yu, ayrılıqdı?

Tarix sürgün çəkir sarı kağızda -
zalımdı, saxlayır yaranı duzda!
Bir dil çürüyürsə iki ağızda
ayrı nə adı var? –
bu, ayrılıqdı!

Bədəndə baş deyil... sualdı, durur!
Həsrət aysberqdi, sualtı durur!
Hamını uğura su qovuşdurur,
Biz Araz nəsliyik –
su, ayrılıqdı...

Vaqifin nağılı

Sənə min şükür, xuda;
doğulcağın çağladım...
Nənəm dedi:
- Namxuda,
çağa qəşəng ağladı,
demək, yaxşı çağadı.

- Yarıdır haçan gedir,-
anam dedi, - dincəlmir,
işi dəndi, başaqdı,
nəyə yollasan gedir,
Vaqif yaxşı uşaqdı.

- Danışır göylər ilə;
zehni qəmə tək iti,
hafizəsi kirgiddi, -
məktəbdə söylədilər, -
- Vaqif yaxşı sagirddi.

Boy-buxun soy iləndi!
Çıxdım kəndin üzünə,
Çox analar boylandı,
eyham vurdu qızına:
- Vaqif yaxşı oğlandı.

- Sədaqətdi çeşidi,
beş işinin beşi də
külfətidi, işidi, -
bunu da arvad dedi:
-Vaqif yaxşı kişidi.

- Kölgəsi qalın olsun, –
dilə gəldi yadlar da, -
fağır-fuğura damdı,
adı qalsın adlarda,
Vaqif yaxşı adamdı...

Dördü mindi belimə,
nəvənin biri düşdü,
Qırmanc aldı əlinə:
- Dəh-dəh, tərpən, uç, atım!
Beşi birdən gülüşdü:
- Vaqif yaxşı qocadı!

... Dəfn günü mürdəşir
qopardı ayrı həşir:
- Pakdan pakdı sinəsi,
görünməyib beləsi,
bu ki, cənnət gülüdü,
Allah rəhmət eləsin,
Vaqif yaxşı ölüdü!



* * *
Yaşım bircə an yaşında,
canım sudu, bir də ki, qan...
Hamı çəkilsin başımdan,
bir mən qalım, bir də anam.

Cənnət qabarır döşümdən –
körpə qanmaz nədir günah...
Hamı çəkilsin başımdan,
bir mən qalım, bir də Allah.

Allah da, anam da boşuna;
çapırsa altımda kəhər.
Hamı çəkilsin başımdan,
bir mən qalım, bir də dəftər.

Uçsun kəpənək, yansın şam,
yellənsin beşikdə eşqim,
Hamı çəkilsin başımdan,
bir mən qalım, bir də heç kim.

Lütf edin, məzarım daşında
ömürüm gül açsın ağ-ağ...
Hamı çəkilsin başımdan,
bir mən qalım, bir də torpaq!


* * *
Sevgi qədim bir adətdi,
Səni candan alır, alır...
Çox qəribə ibadətdi,
Canı dindən alır, alır...

Durma, cala baxtı baxta,
Say ki, yatır şah yataqda.
Sevgi güldü şah budaqda,
Əllə üzsən solur, solur...

Canın yetim quzusudu,
Mələrtisi ruzusudu.
Sevgi alın yazısıdı;
Məzarda da qalır, qalır...

Min desələr, yüz bilmərik,
Yol desələr, iz bilmərik
Sevgi nədi? Biz bilmərik-
Onu göylər bilir, bilir...

Təmiz adam

Təmiz adam
xəyallarda axar gedər;
Olmur axı
su kilidi...
Təmiz adam
halala əl vurmaz,
Yaxın qoymaz
haramı...
Təmiz adam
distilə edilmiş
Su kimidi –
içməyə yaramır!...

Söz var ki

Mənim nəyim var ki, sizə verəsi,
əgər söz olmasa, nədir ki, aləm?
Ağacam,
içimin sözdü şirəsi,
Mən sözün içində ömür sürürəm...

Mən sözün içində ömür sürürəm –
Həyatım baxtıma bağlıdır mənim.
Söz var ki,
başına corab hörürəm,
Söz də var,
anamı ağladır mənim...