adalet.az header logo
  • Bakı -°C
07 Oktyabr 2026 09:22
86
MƏMLƏKƏT
A- A+

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hər il dünyada 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir.

Adalet.az xəbər verir ki, bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.

Layiqli əmək – səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir.

Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir.

Layiqli əmək və iqtisadi artım dayanıqlı inkişafın 17 əsas məqsədindən birini təşkil edir.

Azərbaycanda layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindən biri kimi qəbul olunur. Əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarəti sisteminin İKT-nin geniş tətbiqi ilə dünya praktikaları əsasında təkmilləşdirilməsi, həmin sistemin işçi və işəgötürənlərin qanuni mənafelərinin təminatında, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında çevik və fəal, təsirli alətlərə malik olması, məşğulluq xidmətlərinin çeşidinin və keyfiyyətinin, işsiz və işaxtaranlar, işəgötürənlər üçün əlçatanlıq səviyyəsinin yüksəldilməsi və şəffaflaşması, vahid məşğulluq portalının yaradılması, sosial təminat sistemində ünvanlılıq və şəffaflığın tam təminatı, aktiv əmək bazarı proqramlarının, özünüməşğulluq proqramının genişləndirilməsi, əmək bacarıqlarının artırılması üçün mövcud peşə tədrisi sisteminin maddi-texniki imkanlarının genişləndirilməsi həyata keçirilən islahatlar sırasındadır.

Aparılan işlərin əsas məqsədi ölkə vətəndaşının sosial siyasətin nəticələrini öz həyatında yaxından hiss etməsinə, onun rifahına təminat yaradan bu sosial siyasətdən layiqli şəkildə faydalana bilməsinə əlverişli şərait yaratmaqdır.

Ötən ilin noyabrında Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb.

Ölkə Proqramı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in məqsədlərindən, habelə BƏT-in layiqli əməyin təşviqi konsepsiyasından irəli gəlir. Layiqli əmək konsepsiyası işçilərin əmək hüququ, məşğulluq, sosial müdafiə və sosial dialoq kimi komponentlərə əsaslanır.

Ölkə vətəndaşlarının bu prinsiplərə tam cavab verən hüquqları Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında, habelə ölkəmiz tərəfindən BƏT-in ratifikasiya edilmiş 59 konvensiyası və 1 protokolunda, milli əmək və sosial müdafiə sahəsində qanunvericilikdə dolğun şəkildə təsbit olunur.