07 Fevral 2017 09:32
68671
MƏMLƏKƏT

Bu gün Şəhid Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür. O, 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq, 2005-ci ildə orada orta təhsilini başa vurub.

Elə həmin il həqiqi hərbi xidmətə çağırılan Mübariz İbrahimov əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan qəhrəman onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görəPrezidenti İlham Əliyev Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhrəmancasına həlak olduğu göstərilib, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə və rayonun küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilib.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı vefrilən tanker isə 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu "2010-cu ilin adamı" elan edib.

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunnmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.

Ad günün mübarək şəhidim!