adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Mart 2023 09:50
607
HADİSƏ

“Bir də baxtım ki, ərimin dayısıyla münasibətdəyəm...”- Xəyanətin qurbanı olan qadının həyat hekayəsi

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Zülfiyyənin (adı şərtidir) həyatından bəhs edəcəyik. Amma ailəsinin dağılmasına səbəb elə onun özü olub. O, olanları belə nəql edib:

“Onun mənə qarşı diqqətsizliyi içimdə bir qisas...”

“Sizə danışdığım hadisənin üstündə artıq 20 il ötür. Öz kəndlimlə ailə qurduq və məni götürüb Rusiyaya apardı. Orda dayısı yaşayırdı və biz də onun yanına pənah aparmışdıq. Beş il bir yerdə yaşadıq. Bir oğlum və qızım dünyaya gəldi. Amma həyat yoldaşım mühafizə xidmətində işlədiyi üçün gecələr evdə olmurdu və sonradan eşitdim ki, çox vaxt iş adıyla evdən çıxıb başqa qadınların yanına gedir. Vaxt gəldi və hər şeyin üstü açıldı. Onun mənə qarşı diqqətsizliyi içimdə bir qisas hiss formalaşdırmışdı. Çünki mənim kimi görkəmli bir qadına qarşı onun etdiklərini qəbul edə bilmirdim. Onunla məclisə gedəndə hamı mənə baxırdı, bunu o özü də bilirdi”.

“Dayısının əvvəl gündən məndən...”

“Olanları onun dayısına danışmağa başladım. Elə söhbət edə-edə bir də baxdım ki, artıq ərimin dayısıyla münasibətlərimiz yaranıb. Dayısının əvvəl gündən məndən xoşu gəldiyini bilirdim. Çox imkanlı adam idi, mənə hər şey edirdi. Amma bu münasibətin uzun müddət davam etməyəcəyini özüm də bilirdim. Elə oldu ki, bu işin üstü açıldı və ərim məni döyüb evdən qovdu. Uşaqlarımı da götürüb Azərbaycana qayıtdım. Kənddə bir müddət qalandan sonra bir vaxtlar məni dəlicəsinə sevən adamla rastlaşdıq. Sonra gizli görüşlərimiz başladı, amma bu işin də üstü açıldı və onun ailəsi bu münasibətə son qoymağımızı tələb etdi. O, da evli idi, övladları vardı”.  

“Məni qaçıran adam da tərk edib getdi...”

“Kənddə mənə gözü düşən, arxamca gəzən oğlanlar çox idi. Amma kənd elə yerdi ki, orda dişini qurdalasan, hamı bilir deyə qərara gəldim ki, kənddən çıxım. Bakıdan bir nəfərlə tanış oldum və günlərin bir günü məni Bakıya qaçırdı. Təbii ki, bu bir plan idi, kənddən hansısa adla çıxmalıydım. Bakı kəndlərinin birində yarımçıq bir ev tikib yaşamağa başladım. Məni qaçıran adam da tərk edib getdi. Bundan sonra ehtiyac məni başqa yollara düşməyə vadar etdi. Hər şeyə tüpürüb pula görə düşdüyüm yolu qəbul etdim. Amma bu da insanın yaşının bir dövrünə kimidir. Keçmiş ərim isə məndən sonra iki dəfə ailə qurdu və ayrıldı. İndi yenə bir qadınla ailə qurub və kəndimizdə bomj kimi yaşayır. 

Mən isə yaşımın elə bir dövründəyəm ki, artıq düşdüyüm yoldan geri qayıtmışam. Övladlarım böyükdü, qızım ailə qurub, oğlum əsgər gedib gəlib. Ailə həyatımda bəxtim gətirmədi. İndi onun ağrısını həm mən, həm də övladlarım çəkir”. 

Vasif Əlihüseyn