adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
23 May 2022 12:23
745
ƏDƏBİYYAT

Bilal Alarlı Hüseynov və onun “Son dua”sı...

Mütaliə insana mənəvi zənginlik,

nitq mədəniyyəti və düzgün yazı nümunəsi gətirir.

Fransis Bakon.

Şair, yazıçı, folklorşünas, AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı Hüseynov ədəbi mühitə XX əsrin 80-ci illərində gəlib. O vaxtdan bu günümüzə kimi ədib özünün üstünlük verdiyi sərbəst məzmunlu şeirlər və real həyatı əks etdirən hekayələr yazır. Ədibin şeir və hekayələrində öz taleyini görən oxucular onun şeirlərini və hekayələrini sevə-sevə oxuyur və dərin rəğbət bəsləyirlər.

Ədib təkcə şeir və hekayə yazmaqla kifayətlənmir, yaşadığı bölgənin dəyərli folklor nümunələrini böyük həvəslə araşdırır və təqdir edir. Folklor mövzusuna da dair onlarla sanballı, ölkə əhəmiyyətli kitabların müəllifidir.

Qeyd etmək lazımdır ki, Bilal Alarlı ədəbiyyatı sevərək şeirlərini və hekayələrini yazır. Məhz ədəbiyyat sevgisi onu cənub bölgəsində geniş "Nöqtələr” ədəbi birliyi yaratmağa sövq etmişdir. Qısa müddətdə ədəbi birliyə çoxlu ədəbiyyat həvəskarları toplanır. Demək olar ki, bu birlik vasitəsi ilə yüzlərlə gənc şair və yazıçıların yetişməsinə böyük dəstək vermişdir.

Ədib ədəbi birlikdə fəaliyyət göstərən gənc şair və yazıçıların kitablarının işıq üzü görməsinə təmənnasız yardım etmişdir. Bu gün də ölkəmizindigər rayonlarında fəaliyyət göstərən ədəbi birliklərlə sıx əlaqə saxlayır, ədəbiyyatın qarşılıqlı, müqayisəli inkişafına böyük təkan verir. Səmimi demək lazımdır ki,başqa rayonların da şair və yazıçılarının kitablarını çap etdirməyə olan mümkün köməyini əsirgəmir.

XX əsrin əvvəllərində Mirzə Cəlil, Mirzə Ələkbər Sabir ədəbi məktəblərinin fəaliyyətini sevə-sevə oxumuşuq və onları ədəbiyyatımızın, mədəniyyətimizin və yaxın tariximizin nəhəng simaları adlandırmışıq. Mənə elə gəlir ki, XX əsrin sonlarında Bilal Alarlı Hüseynovun yaratdığı "Nöqtələr” ədəbi birliyində çoxşaxəli fəaliyyətinə görə onu Bilal Ədəbi Məktəbi adlandırmaq olar.

Tanınmış alimin poeziya yaradıcılığını ədəbiyyat nəzəriyyəsi baxımından izah etdikdə "Sentimental” metoda uyğun gəldiyini qeyd etməmək mümkün deyil. Şeir və hekayələrində xalqın qanını soran vicdansız məmurları tənqid atəşinətutması və zəhmətkeş fəhləni, kəndlinin tərəfini saxlaması, onların arzularının həyata keçməsini, həyatda xoşbəxt yaşamalarının daim tərənnüm etməsi buna parlaq misaldır.

Bilal Alarlı- Hüseynov Bilal Hüseynağa oğlu 1958-ci il sentyabrın 8–də Cəlilabad rayonunun Alar kəndində anadan olub. Bakı Dövlət Universitetini (1981), Jurnalist sənətkarlığı institutunu (1989), ADPU-nun(keçmiş AMİ-nin) Cəlilabad filialını(2006) bitirib.

Bilal Alarlı ADPU Cəlilabad filialında, eyni zamanda Cəlilabad rayonundakı Alar kənd 3 nömrəli tam orta məktəbdə ixtisasına uyğun Azərbaycan dili və Ədəbiyyat fənlərini tədris edir. O, filologiya üzrə fəlsəfə doktoru, Azərnaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm” media mükafatı laureatıdır və Prezident təqaüdçüsüdür. Otuzdan çox bədii, elmi və publisistk kitabın müəllifidir.

Ədibin sonuncu nəşr olunan kitabı"Son dua”dır. Kitab xoşuma gəldiyinə görə birnəfəsə oxuyub qurtardım. Kiyabda ədibin son illərdə qələmə aldığı şeirlər toplanıb. Həmişə olduğu kimi müxtəlif mövzuda yazılan şeirlər oxucunun diqqətini cəlb etməyə bilmir. Onu da qeyd edim ki, kitabın daha bir özəlliyi ondan ibarətdir ki, burda Azərbaycanın görkəmli ədəbiyyat simaları Bilal Alarlının şəxsiyyətinə və yaradıcılığına çox dəqiq qiymət veriblər. Oxucu ilk səhifədən kitabı heyranlıqla oxumaya bilmir.

Kitabı oxuduqca müəllifin mənasızlığa, haqsızlığa qarşı nifrətin öz əksini tapdığının şahidi olursan. O, insanların başı uca yaşamasını istəyir. Cəmiyyətdə alçalan insanlara üsyan edir. Bir şeirinə nəzər salaq:

Alçalmağı sevənlər

alçalmış insanlardı,

yəni alçaqlar...

Ürəyini versən də,

Quyruğu tapdanmış ilan kimi

Dönüb özünü çalacaqlar.

Vüqarı sevməzlər,

çünki qüruru sınıb,

qeyrəti tapdanıb onların.

Kim bilir,

bəlkə də nə vaxtsa

zəhməti tapdanıb,

şöhrəti tapdanıb onların.

Və tüpürüblər üzünə...

Kimsə gözdən salanda

toxdaqlıq verir

özünə.

 

Yazıçı həyatda olduğu kimi görünməyi daha üstün tutur, "böyüklük” iddiasına düşənləri xoşlamır. İnsanlarda sadəliyi, təvazökarlığı yüksək qiymətləndirir. Bir şeirində olduğu kimi:

Danışanda hamı özündən yekə görünür

nədəndi bu böyüklük iddiası bilmirəm.

Mən özüm böyüklükdə oldum həmişə,

Özümdən böyüklərə həsəd aparmıram.

Özümdən kiçiklərə

yuxarıdan aşağı baxıb gülmürəm.

Nə yaxşı ki, az da olsa,

olduğu kimi görünənlər var hələ.

 

Kitabı varaqlayıb şeirləri oxuduqca Bilal Alarlının taleyi ilə qarşılaşdığını zənn edirsən, amma elə deyil. Bilal Aları burada səmimi, ürəyitəmiz, haqsızlığı sevməyən insanların ümumiləşmiş obrazıdır. Şeirlərinin birində dediyi kimi:

 

Bu dünya malında gözüm qalmayıb

Tanrı nə vermişdi töküb gedirəm.

Məni ki, sevmədi sevdiklərimdə,

Bağrımın başını söküb gedirəm.

 

Yanıram, kül qalır, qor, köz olmuram,

Ha başı dik tutum, dümdüz olmuram

Söz güləşdirmirəm, üz-göz olmuram,

Abrı ətəyimə büküb gedirəm.

 

Vətənin ağır günlərində şairin qəlbi dözmür, əsgər yaşının keçməsinə baxmayaraq, döyüşə getmək istəyir. Ölməyə yox, öldürməyə can atır. Vətən sevgisi şairi bir an belə rahat buraxmır:

 

Vətən yolunda

ölüm-dirim mübarizəsindən

keçməyə gedirəm!

Mən tabutda qayıtmayacağam,

ölməyəcəyəm

öldürüb gələcəyəm.

Düşmənə həddini

bildirib gələcəyəm.

 

İnsanların gələcək talelərini həmişə onların xarakterləri müəyyən edir. Buna görə də hər bir insan öncə öz xarakterini saflaşdırmalı, ətraf mühitlə şəffaf münasibət saxlanmalıdır. Rast gəldiyim bir şeirində:

Özündən

Öz xarakterindən çıx

Çıx hamı ol.

Haraya üz tutsan

Səni özünə aparır.

Getdiyin yol

Hər kəsin xarakteri

Onun taleyidir.

Bunu bil.

Hamı üçün yaşayan

Özü üçün yaşayan deyil.

 

Bəzən elə olur ki, şair çoxlu bilik qazanmağın əleyhinə çıxır. Geniş dünya görüşə malik olmağı başa bəla gətirdiyini vurğulayır:

 

Yaxşı ki, nələr baş verdiyini

yaxşı bilmirik.

Yaxşı ki, bildiklərimizə görə

dara çəkilmirik.

Çox bilənin başı,

çox ağrıyar, deyirlər.

Başını ağrıtmayanlar

nələr baş verdiyini

bilmək istəmirlər

sadəcə

yaxşı yaşamaq istəyirlər.

 

Bilal Alarlı humanist, səmimi, dostluqda etibarlı, bir sözlə əsl ədəbiyyat adamıdır. Onun şəxsiyyətini əks etdirən şeir və hekayələrini çox oxumuşam, amma "Son dua” şeiri qədər onun daxili aləminin incilərini güzgü kimi göstərən ikinci bir şeir tapmaq mənə çətindir. Hiss edirəm ki, Allah sevgisi onun həyat yoludur:

Ulu Tanrı, mərhəmətinə sığınıram,

Səndən

mənə verdiklərinə özgə

heç nə istəmirəm.

Hüzurunda çox səhvə yol vermişəm,

günahımdan keçmə, istəmirəm.

Nə var həvəskarıyam,

nə dövlət,

İştahım da həddini aşmır.

Bu dünyanın malına-mülkünə boyun əymək

mənə yaraşmır.

Uzun ömür də yaşamaq keçmir ürəyimdən

Razıyam "kasıb” süfrəmdən,

süfrəmi bəzəyən duzumdan-çörəyimdən...

 

Gəlib çıxdım mövzumun sonuna. Şair dostum Bilal Alarlı, yaşınız altımış beşi haqlasa da, çox cavan və gümrah görünürsünüz. Odur ki, son duadan danışmağınız hələ çox tezdir-daha doğrusu əbəsdir. Yeni nikbin ruhlu şeirlərinizin yolunu gözləyirik.

 

Hörmətlə: Cəlil Qurbanov,

tərcüməçi-filoloq