22 Sentyabr 2023 21:27
1545
MƏDƏNİYYƏT

Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri Bakıda

21 sentyabr 2023-cü il tarixdə Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri Konfederasiya tərəfindən 2024-cü ilin may-iyun aylarında Qazaxıstanda (Alma-Ata) keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin Teatr Forumunda iştirak etmək üçün gənc rejissorların tamaşalarına baxış keçirmək məqsədi ilə Azərbaycana səfər ediblər.

Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakıya gələn Forumun Ekspert Şurasının üzvləri - Konfederasiyanın məsul katibi İrina Troitskaya, Rusiya Dövlət İncəsənət İnstitutunun böyük elmi işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Mariya Xalizeva və Risiya Dövlət İncəsənət İnstitutunun Teatr sektorunun elmi işçisi Mariya Lvova Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Dövlət Kukla Teatrının qonağı olublar.
Azərbaycan Dövlət Kukla Teatrında rejissor Anar Məmmədovun quruluş verdiyi “Məlikməmməd” (Azərbaycan xalq nağılı), Teatr Xadimləri İttifaqında rejissor Ümüd Abbasın quruluş verdiyi “Mühacirlər” (S.Mrojek) tamaşalarına baxan qonaqlar baxışdan əvvəl İttifaq Sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə görüşüb, hər iki sənət ocağının binasına qısa ekskurs edib, onların fəaliyyəti ilə tanış olublar. 

Səmimi qarşılama və yaradılan şəraitə görə Azərbaycan Teatr Xadimləri İttifaqına və Dövlət Kukla Teatrına dərin minnətdarlıqlarını bildirən  Ekspert Şurasının üzvləri qeyd ediblər ki, nəticələr nəzərdə tutulan bütün namizədlərin tamaşalarına baxış keçirildikdən sonra məlum olacaq.

Şəlalə Camal