10 Noyabr 2022 11:23
594
ƏDƏBİYYAT

Bədahətən yaşayır, bədahətən ölürük! - Aqşin Yenisey yazır

Adətdən qanuna, inamdan bilgiyə, şifahi ədəbiyyatdan yazılı ədəbiyyata keçmək xalqın milli qüruruna toxunur. Çünki xalq öz milli kimliyini adətində, inancında, folklorunda qaxac edib gələcəyə saxlayır. Gözünü oyduğumuz Salman Rüşdi yazır ki, 1960-70 illərdə Qərbdə tələbələr daha çox hüquqlar, azadlıqlar uğrunda küçələrə axışanda pakistanlı tələbələr daha sərt şəriət, daha çox qadağa tələbi ilə İslamabadı dağıdırdılar. Çünki istənilən yenilik başlanğıcda iyrəncdir. Milli şüur yeniliklərə iyrənə-iyrənə vərdiş verir. İyrənə-iyərənə adətdən qanuna, inamdan bilgiyə, folklordan yazıya keçir.

Dəvə sidiyini bəh-bəhlə içən əlcəzairlilər Hüqoya “Səfillər"i yazdıran fransız şərabını ilk dəfə içəndə ögüyüb qusurdular.

Elə Əlcəzair Azadlıq mübarizəsinin ideoloqu, mütəmləkəçilik psixologiyası uzmanı məşhur psixiatr Frans Fanon da ömrünü bu "mədəni ögümənin" səbəblərini araşdırmağa həsr etdi.

Fanon deyir ki, xalq əsarətdən çıxdıqda onda əvvəlcə irqi, dini, qəbiləvi, məhəlli kimliklər baş qaldırar və bu başqaldırma milli kimliyə, millətçiliyə qədər davam edir. Fanona görə, müstəmləkə insanında ikinci əsas qabarıq cəhət şiddətə meyillilikdir ki, bu da onun müstəmləkəçilik illərində basdırılmış, yaxud gizlədilmiş öz “mən”ini başqalarına tanıtmaq arzusundan doğur.

Yəni müstəmləkəçilik təzyiqi altında əzilən eqo ilk növbədə daha kəsə yol olan şiddət yoluyla özünü ətrafındakılara hiss etdirmək, yenidən yaratmaq istəyir.

Bədahətən din, bədahətən siyasət, bədahətən ədəbiyyat bizə də müstəmləkəçilik illərində əzilən "mən"lərimizi daha rahat və daha tez dirçətmək üçün həmin o şiddət mühitini yaradır.

Biz adətdən qanuna, inamdan bilgiyə, folklordan yazıya keçid mərhələsində ona görə ilişib qalmışıq ki, özümüzü reallaşdırdığımız, təsdiqlədiyimiz, əzilən "mən"lərimizin qisasını göz qırpımında ala bildiyimiz bu doğma şiddət mühitimizi itirmək istəmirik.

Buna görə bədahətən yaşayır, bədahətən ölürük!