adalet.az header logo
  • Bakı -°C

Bayramın mübarək, ana!

2749 | 2015-03-06 01:00
A- A+
...8 Marta sayılı günlər qalıb. Bəs niyə həyəcanlanmırıq? Bu sualı redaksiyada elə özümüzə ünvanladıq. Qəzetin bu sayı 8 Mart bayramı ərəfəsinə təsadüf edir. Amma biz hələ bəşərin anası qadın haqqında heç bir kəlmə də yaza bilmirik. Ancaq baxdığımız filmlərdən, gündəlik mütaliə etdiyimiz kitablardan, 20-30 il bundan əvvəlin insan dünyasını bizə təkrar xatırladan ekran, efir verilişlərindən geriyə boylananda, tamam başqa bir mənzərənin şahidi oluruq. Adama elə gəlir ki, o vaxtlar insan istəyi, sevgi, məhəbbət, qarşılıqlı ünsiyyət indikindən qat-qat artıq, məhrəmanə, daha səmimi olub. Maraqlıdır, indi də fəsillər yerindədir, indi də həyat öz axarı ilə axır, bu gün də isti, soyuq, qaranlıq, işıq eynidir və birini də öz adıyla çağırırıq. Bəs nədəndir ki, münasibətlər bunca dəyişib? Keçən əsrin 60-70-ci illəri, lap elə 90-cı illərə kimi bir qadını, bir ananı, yaxud sıradan bir nəfəri əlamətdar bir gündə təbrik etmək üçün iki kəlmə isti söz dünyaya bərabər tutulduğu halda, bu gün isti sözlərin yerinə maddiyyat sərf etməlisən. Açıq deməliyik ki, çox vaxt heç bir dəstə gül də təbrik üçün özünün ülvi mahiyyətini təsdiqləyə bilmir. Qarşı tərəf gül gətirənin istəyini anlamaqdan qaçır. Çünki gülün uzağı, üç-beş gün ömrü var, canındakı su qurudumu, ləçəkləri quruyub - töküləcək. Bu günün insanı istəyir ki, aldığı onun mətbəxində, yataq otağında, gündəlik qayğılarının ödənilməsində bir gərəyə çevrilsin...
Bəli, bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür. Dünya tarixində, dünya gündəmində bu gün qadınların, anaların günü kimi qeyd olunur. Qadın deyəndə, hər kəsin gözləri önünə ilk olaraq ana gəlir; ana abidəsi, ana ürəyinin mücəssəməsi, ana eşqi, ana ülviyyəti, ana qayğısı, bütün kişilərə örnək olan ana mərdanəliyi... Və bütün bunların qarşılığında biz sanki donmuşuq. Təzə bir fikir, təzə bir sözlə, lap elə təzə bir duyğu ilə analarımızı təbrik edə bilmirik. Yadıma Azərbaycanın tanınmış ziyalısı Oqtay Rzanın maraqlı bir fikri düşür: "texnika, yeni texnologiya əxlaqı üstələyib, texnika əxlaqdan önə keçib". Məncə, bu fikir çağdaş insanın hissi, mənəvi dünyasının deformasiyaya uğramasıdır, bir qədər dərin ifadə etsək, insanın faciəsidir.
...Hərgah insan nə qədər dəyişsə də, dövran nə qədər bəd gəlsə də, ana hər birimiz üçün zirvədə qərar tutmuş bir varlıqdır, ana bitib, tükənməyən sevdadır. Ana urvatdır. Ana insan oğlunun, bəşər övladının dayağıdır.
Ana haqqında heç nə deyə bilməsək də, yadımıza insan hisslərini titrədən dünyəvi fikirlər, poetik örnəklər düşür. Ana mələkdir və övladlarını da hər zaman qanadlı görmək istəyir. Bu mənada, övladlar ananın qol-qanadıdır. Təəssüf ki, bəzi övladlar ananın zəhmətini itirəndə, nankorluq edəndə, anadan üz çevirəndə onun qol - qanadı sınır, ürəyi param-parça olur. Aşağıdakı misralarda ananın övlada təmənnasız sevgisi bütün coşğusu, əzəməti ilə görünür:

...Annesi dün Zeynebe "melek yavrum" diyordu,
Eşidincə bu sözü, kız maraq etdi, sordu:
"Melek yavrum" ne demek, doğrusu, anlamadım,
Melek kanadlı olur, hani benim kanadım?
Cavab verdi anası: daha üç yavrum vardı,
onlar kanadlanarak əlimdən uçmuşlardı.
Hepsi yalnız burakdı, şu talesiz kadını,
Bari sen uçma diye, kopardım kanadını...

Ancaq o da həqqiətdir ki, ən qüdrətli qələm belə, ana sevgisinin əsl dəyərini, mahiyyətini üzə çıxara bilməz. Çünki ana - qadın elə həyatın özüdür. Həyat fəlsəfəsi isə ana qədər müqəddəs, bu adın mənası qədər dərin və əzəmətlidir. Ana, and olsun müqəddəs adına, səndən əzəmətli dağ görmədim, səndən uca zirvəyə də rast gəlmədim; o zirvə sənin adındır.
Təəssüflə deyirik ki, dünyada bəzən elə naxələflər, nankorlar tapılır ki, ana adının ucalığına əl uzadır. Anaları, qadınları o ucalıqdan endirməyə çalışırlar. Unudurlar ki, onları doğan, dünyaya gətirən anadır. Kim bilir, bəlkə dünyanı, kainatı, hələ bizə məlum olmayan qalaktikaları belə dünyaya ana gətirib. Sizə elə gəlmirmi ki, hər dağın, hər daşın, hər bulağın, hər çiçəyin anası var?! "Anan ölsün, ay bala" deyən hər canlının, hər cansızın anası...
Ana haqqında məşhur bir rəvayətdə nankor övladın ayağına toxunan daş belə, onun əlindəki köksündən qoparılmış ana ürəyini sızladır. "Sənin ayağına toxunan o daş, mənim bu ürəyimə sancılaydı kaş!"
Belələrinin timsalında istərdik deyək ki, əlləri ana qanına batmış hər kəs xar olsun, utansın. Xocalıda ana fəryadını ərşə dayayanlar, dünyanın ayrı-ayrı nöqtələrində ana ah-naləsini göylərə bülənd edənlər qəhr olsun! Əli ana qanına batanlar Tanrı dərgahında ən böyük günah işlədənlərdir. Heç olmasa, analara qıymasınlar! Tarixdən bəllidir ki, hətta dünyanın ən qəddar fatehləri belə, ana qanı tökməkdən çəkiniblər. Fikrimizcə, bu, indiki günümüzdə də nümunə götürüləsi hadisələrdir...
Bütün bunlara rəğmən, fəxr edirik ki, tarixdən əmanət qalan ana adına, ana müqəddəsliyinə Azərbaycan cəmiyyətində, ailəsində böyük sayğı, tükənməz sevgi var. Hələ də ana adı güvəncimiz, başımızı söykədiyimiz dizləri belə bizlər üçün bir dəbistandır.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün analarımızı ürəkdən təbrik edirik. Onlara cansağlığı, əminamanlıq, övlad sevinci arzulayırıq!
Təbrik edəcəyimiz qadınlar çoxdur: bayramın mübarək, şəhid anası, gözü yollardan yığışmayan, hörüyünün birini ağ, birini qara hörən gəlinlərimiz, erməni əsirliyində can çürüdən, sitəm görən qadınlarımız, qızlarımız. Sənin də bayramın mübarək övladı tərəfindən qocalar evinə atılan ana! Güvəndiyi oğulun ildə bir dəfə qapısını döymədiyi ana, sənin də bayramın mübarək!


  • Aprel:
  • 3

TƏQVİM / ARXİV