adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Sentyabr 2022 17:13
531
HÜQUQ

Baş prokuror şəhid olan prokurorluq işçilərinin ailə üzvləri ilə görüşdü

Sentyabrın 27-də prokurorluq orqanlarının yaranmasının 104-cü ildönümü ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələri və prokurorluğun veteranları ilə  ənənəvi olaraq görüş keçirilib.

Adalet.az xəbər verir ki, ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Baş prokuror şəhid prokurorluq əməkdaşlarının ailə üzvlərinə dərin hörmətini ifadə edərək onların cinayətkarlıqla mübarizə zamanı Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb.

Tədbirdə çıxış edən şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan söz açmış, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlər görülməsindən bəhs ediblər.

Görüş zamanı çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Qubadlı rayon prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva, Qazax hərbi prokurorluğunun sabiq müstəntiqi Səbuhi Xasayevin anası Qeysun Babayeva, prokurorluğun veteranları Seyfulla Aslanov, Dürhəsən İmanov baş vermiş hadisələrlə bağlı ötən xatirələri bölüşərək prokurorluq orqanlarının əməkdaşları tərəfindən göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər. 

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara, həmçinin prokurorluğun veteranlarına hər zaman dəstək olacağını nəzərə çatdırıb.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

Bundan əlavə, bu gün prokurorluq əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, eləcə də Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilib.