adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Fevral 2023 10:03
1360
MÜSAHİBƏ

Barat  VÜSAL: YENƏ YAZMAQ YOXSA ,YENİ NƏSƏ YAZMAQ?!

Söz adamı ilə, illahda ki, bu ADAM ruh doğman olanda həmsöhbət olmaq, onu dinləməq şəxsən mənim üçün cox maraqlı və həm də daxilən bir rahatlanmadı...Ona görə də , fürsət yarananda, ürək adlananda , təbii ki, Allahın izni ilə bu söhbətlərə can atıram.. Və söhbət alınanda da sevinirəm...Elə RUH DOĞMAM Barat Vüsalla həmsöhbətlikdə SEVİNDİYİM kimi!

- Barat, Səninlə müsahibəyə birbaşa rəhbəri olduğun bölmə ilə bağlı başlamaq istəyirəm. Sualım da belədir: - Ötən ili AYB-nin Qazaxbölməsi üçün necə xarakterizə edə bilərsiniz?

- Ay qağa, Sən özündə bilirsən ki, qələmin vəzifəsi yenə söz demək yox, yeni söz deməkdir. Bu vəzifəni reallaşdırmaq üçün AYB-nin Qazax bölməsində də müəyyən işlər görür və tədbirlər həyata keçiririk. Həmişə olduğu kimi,keçən il də klassik irsə sayğı və qayğı ilə yanaşmışıq. Ədəbi gəncliyə qayğını xüsusilə, diqqət mərkəzində saxlamışıq. Bölgədə yaşayan yazarların yaradıcılıq gecələrini, yubileylərini, kitab təqdimatlarını təşkil etmişik.Xalq şairi Mirvarid Dilbazinin 110, Davud Nəsibin 80, Heydər Qasımlının 80, Alı Mustafayevin 70, Eldar Nəsibli Sibirelin 70, Məzahir Yaqubun 60 illiyi təntənəli şəkildə qeyd edilmişdir.2022-ci ilin mayında Qazaxda Ədəbiyyat muzeyində möhtəşəm bir tədbirin də iştirakçısı olmuşuq. Səməd Vurğunun və Dədə Şəmşirin dostluğu və yaradıcılığına həsr olunmuş beynəlxalq konfrans baş tutmuşdur. İştirakçılar sırasında akademik Muxtar İmanovun (Bakı), Əli Kafqaziyalının (Türkiyə) Mahmud Kamaloğlunun ( Borçalı ), Qazax RİH-nin başçısı Rəcəb Babaşovun,Qazax Xeyriyyə Cəmiyyətinin sədri professor İlham Pirəmmədovun, şair Adil Cəmilin olması konfransın masştabı haqqında kifayət qədər təsəvvür əldə etməyə imkan verir.

20 yanvar, Xocalı, Aprel şəhidlərinə həsr etdiyimiz tədbirlər, poeziya saatları bölgədə də tariximizə, milli dəyərlərimizə ehtiram hissinin daha da güclənməsinə kömək edir.Hər il keçirdiyimiz Səməd Vurğun poeziya günü də bu qəbildəndir.

44 günlük Vətən müharibəsində həlak olmuş həmyerlimiz Murad Nağıyevin haqqında buraxılmış şeirlər və xatirələr kitabının təqdimat mərasimində kitabın araya-ərsəyə gəlməsində mühüm rolu olmuş Ə.Kərim Poeziya klubunun sədri şair İbrahim İlyaslı və şəhidin ailə üzvləri də iştirak etmişdir.2022-ci ildə Azərbaycan Yazıçılar Birliyinə yeni üzvlərimiz qəbul edilmişdir. Sərxan Carçı, SeymurAtilla, Arif Musayev,Adil Əmrahov, Nazim Əhmədov, Bəyaz Əliyeva, Ələsgər Ələsgərov.Seymur Atilla hərbçi həmyerlimizdir. O, nəinki AYB Üzvləri sırasına qəbul edilmiş, üstəlik,gənc və istedadlı yazıçı kimi müddətli Prezident təqaüdünə də layiq görülmüşd Xalq şairi Hüseyn Arifin Ağstafadakı və Qazax xeyriyyə cəmiyyətinin yaradıcısı şair Aslan Kəmərlinin Qazaxdakı məzarları başında anım mərasimləri keçirilmişdir. Bu dövrdə İbrahim Göyçəlinin, Seymur Atillanın, Razim Hüseynbəylinin, Mehman Nəbiyevin , Nəriman Mehdixanlının və başqalarının kitabları çap olunmuşdur.

BDU-nun Qazax Filialında DĞTYB-nin başqanı İntiqam Yaşarın təşəbbüsü ilə, BDU-nun Qazax Filialının və AYB Qazax bölməsinin dəstəyi və iştirakı ilə keçirilən dəyirmi masada Azərbaycan gənclər fondunun dəstəyiylə cap olunmuş “Nizami Gəncəvi irsi və gənclik” kitabı müzakirə olunmuşdur.AYB-nin Qazax filialı nəzdində bir neçə ədəbi məclis fəaliyyət göstərir. Bunlardan biri də BDU-nun Qazax filialında yaradıcı gənclərlə bağlı yaratdığımız “İ.Şıxlı adına “Dəli Kür” tələbə poeziya klubu”dur. Həmin gəncləri Qazaxda Ədəbiyyat muzeyində keçirdiyimiz müxtəlif ədəbi tədbirlərə və müzakirələrə də cəlb edirik. Bizim bir sıra yaradıcı gənclərimiz də AYB nəzdində yaradılmış “Gənc ədiblər məktəbi”ni müdavimi olmuşlar. Bu gənclərin bir çoxu DĞTYB-nin üzvlüyünə də qəbul edilmişdir. Bölməmizdə hərbi vətənpərvərlik tərbiyəsinin inkişafına da xüsusi fikir verilir. Əsgərlərimizlə bölgədə müxtəlif tədbirlər keçiririk.

Başqa bölmələrlə sıx yaradıcılıq əlaqələrimiz davam edir. AYB-nin Gəncə,Şəki, Quba, ,Lənkəran, Mingəçevir bölmələri ilə yaradıcılıq əlaqələrimiz buna misal ola bilər. Sıralarımızda imzasını təsdiq etmiş şair və yazıçılardan İsa Cavadoğlunun, Saqif Qaratorpağın ,Mustafa Rasimoğlunun, Səhlədar Hidayətoğlunun, Mübariz Qaragözlünün, Məzahir Alıyevin, Bilal Qocanın, Əli Cəfəroğlunun, gənc şair Rüfət Axundlunun adını çəkmək istərdim. Saqif Qaratorpaq Türkiyədə, Adana şəhərində keçirilən poeziya müsabiqəsindən ödüllə qayıtmışdır. O, özbək və qırğız ədəbiyyatından da maraqlı tərcümələr etmişdir. Ə.Cəfəroğlunun nəsr kitabları bir çox ölkələrdə nəşr olunmuşdur.

Sosial şəbəkələrdə də işimiz lazimi şəkildə öz əksini tapmışdir.Asif Ata bir vaxtlar bəzi özlərindən razı yazarlar haqda deyirdi ki, “Sadalanırlar. Sədalanmırlar.” Mən belə hesab edirəm ki, bölməmizdə təmsil olunanların sırasında sədalananlar üstünlük təşkil edir. Onlar da daha çox yazmağa yox, daha çox yeni söz deməyə səy göstərirlər.

- Mənim üçüün söylədiyin bu uğurlu işlər həqiqətən xoş oldu. Elə bu xoş ovqatlada bilmək istəyirəm ki,Şəxsi yaradıcılığında 2022-inin yerini necə qiymətləndirirsən?

- Mən də həmişə öz yaradıcılığımda yenə yazmaq yox, yeni nəsə yazmağa çalışıram. Bir il əvvəl elmi, fəlsəfi və irfani araşdırmalarımla bağlı “ Xətadır qeyri-eşq” adlı esseler kitabımı oxuculara təqdim etmişdim. 2022-ci ildə bu araşdırmalarımı davam etdirmişəm, yeni esselər, məqalələr və təbii ki, yeni şeirlər də yazmışam. Bir neçə kitabım var ki, çapa hazırlamışam, amma çap etdirməyə qorxuram. Məni mən istədiyim kimi oxuyan oxucu yoxdu. Mən şairdən çox məna əhliyəm. Ən mənasız şeyə də məna vermək tərəfdarıyam. Bu işdə Füzulinin bir fikri mənə də yol göstərir.O, yazırdı ki, istəyirsənmi ki, Allahın nəzəri sənin üzərində olsun? Onda çalış ,məna əhli ol. Məna əhli olanın üzərindədir Allahın lütfü!

26 min beytlik “Məsnəvi” sindən sonra C.Rumi söyləyirdi ki, “Daha mən şair deyiləm, Haqq aşiqiyəm!Mənim üçün də məna əhli olmaq, haqq aşiqi olmaq şair olmaqdan daha önəmlidir!

- Qağa, Vaqif poeziya günlərinin yaradıcılığında və həmçinin bölmənin həyatında yeri ,izi barəsində nə deyə bilərsən?

-Məlumdur ki, “Vaqif Poeziya günləri” 1982-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamıyla keçirilməyə başlanmışdır. Qarabağın işqalı dövründə bu poeziya bayramını Şuşada keçirmək mümkün olmasa da Qazaxda keçirməkdə davam etdik.

Şükürlər olsun ki, Qarabağ azad olundu, Şuşada Vaqifin məqbərəsi də H.Əliyev fondunun dəstəyi ilə yenidən yüksək şəkildə bərpa olundu. 2021-ci ilin avqustunda prezident İlham Əliyev məqbərənin açılışını etdi. O, tədbirdə mən də dəvətlilər sırasında oldum.

2022-ci ildə də həmin poeziya günlərinə dəvət edildim.13-15 iyul 2022 -ci ildə baş tutan növbəti “Vaqif Poeziya günləri”ndə mən də çıxış etdim. “Şuşanı alan oğullar” şeirini oxudum. Həmin çıxışdan bir az sonra şeirimdən və çıxışımdan bir parçanın H. Əliyev Fondunun saytında paylaşım edildiyini eşitdim. Bu fakt da bir daha nəyi sübut edirdi? Dövlət səviyyəsində şairə, yaradıcıya olan hörməti və diqqəti!Bu cür hörmət və diqqətin biz dəfələrlə şahidi olmuşuq və oluruq.

“Vaqif Poeziya günləri”ndə “Ədəbiyyat qəzeti”ndə mənim hazırladığım materillar da yer aldı. Qazaxlı şairlərin Vaqifə həsr etdikləri şeirlərin geniş panoramı orda öz əksini tapdı.

Vaqiflə bağlı daha bir maraqlı layihənin həyata keçirilməsinə biz də cəlb olunduq. Azərbaycan və bir dünyanın sıra şairlərinin böyük şairə həsr olunmuş şeirlərindən ibarət böyük bir toplunun çapa hazırlanması məsələsini deyirəm... Yəqin ki, həmin kitab bu il keçirələcək “Vaqif Poeziya günləri”nə ən gözəl töhfələrdən biri olacaq.

- Bir az şablon səslənsə də bu ilin yaradıcılıq proqramınızla bağlı - Şəxsi və Bölmə müstəvisində nə deyə bilərsiniz?

- Azərbaycan yazıçılarının XIII qurultayında bizim bölməmizdən olan qurultay nümayəndələri və mən iştirak etdik.Qurultaya qədər ayrı-ayrı yaradıcılıq janrları ilə bağlı hesabatlarda bizim də bölməmizdən olan qələm adamları haqqında deyilən fikirlərlə tanış idik. Qurultayda edilən çıxışları da maraqla dinlədik, normal qarşıladıq.

Anar müəllimin bir daha sədr seçilməsi bizi də də ən çox razı salan nəticələrdən biri oldu.

Öz yaradıcılığım haqda, bölməmizin işləri ilə bağlı olaraq düşünərkən yadıma M.Svyetayevanın “Mən dünyanı şair və digərlərinə böldüm və şairi seçdim” sözləri düşdü.Ədəbiyyat sözü latınca “loqos” sözündən olub “hərf” deməkdir.

Bax, mən həyatımda keçici,adamı şirnikləndirici nə varsa hamısından vaz keçdim, hamısına göz yumdum. O hərfi seçdim. Ömrümü-günümü o hərfə sərf etdim. Bundan belə də nə qədər sağam, o hərf üçün (lap elə hər sözə qoyulan vergül, nöqtə üçün!) yaşayacağam!Keçən il 500 səhifəlik “Ayrılmaz yollar” adlı kitabımı çapa hazırlamışam. Kitabda Azərbaycan Ədəbiyyatına məxsus bir çox şair və yazıçıların ədəbi yaradıcılığına dair məqalələrim yer almışdır.

Məni tanıyanlar bilir ki, mənim yaradıcılığımda vətənpərvərlik motivləri əsas yer tutur. Zəfərimizlə, Qarabağın işğaldan azad olunması ilə bağlı onlarla şeirlər yazmışam, çap etdirmişəm. Bu şeirlər içində xüsusi təyinatlı kəşfiyyatçımız şəhid Fədail Nadirova həsr etdiyim “Yol üstə toy” şeiri özümü də qane edir Nədən ki?! Şeirdə deyilir ki, həmin qəhrəmanımız döyüş başladığını eşidəndə müharibəyə sevindiyindən bir yol üstə oynaya-oynaya gedib.

Yeri gəlmişkən, mən həmin şeirdə də dediyim kimi çox istərdim ki, o şəhidimiz oynadığı həmin yol üstə bir heykəl qoyulsun.” Oynayan əsgər “heykəli!Bu, məncə, döyüşlərə sevinə-sevinə getmiş bütün şəhidlərimizin xatirəsinə qoyulmuş ən gözəl abidələrdən biri olardı, əsl tərbiyə məktəbi olub. O heykəli görənlər ayaq saxlar və Azərbaycan oğullarının ölməzliyi, mətinliyi qarşısında bir daha öz heyranlıqlarını bildirməzdilərmi?!

Keçən il yazdığım şeirlər sırasında “Təbriz cəngisi”ni də xatırlatmaq istərdim. Cənubi Azərbaycanda baş verən, İranın molla rejimə qarşı başlanan mübarizədə bizim də üzərimizə böyük vəzifələr düşür. Çoxdan, lap çoxdan vaxtı çatmayıbmı Səməd Vurğun kimi deməyimizin, hayqırmamızın:

Təbriz oğlu! Təbriz qızı!

Yadlar yedi haqqınızı!

Çoxdan, lap çoxdan vaxtı çatmayıbmı “Təbriz cəngisi”ndə deyildiyi kimi deməyin:

Bəsdi danışdığın özgə dilində,

Bəsdi danışdığın kölə dilində,

Yaradan dilində danış, Təbrizim!

Sən Vətən dilində, ölkə dilində,

Savalan dilində danış, Təbrizim!

Keçən il özüm haqda məqalələrdən, fikirlərdən, şeirlərdən ibarət “Qələm böyüdəni kiçiltmək olmur” adlı bir kitabımı da çapa hazırlamağa başlamışam. “Sələflər və Xələflər” kitabım üzərində də yaradıcılıq işlərimi tamamlamaq üzrəyəm.

- Qazaxda yazıb -yaradan Barat VüsalaAYB-nin üst qurumu və çevrəsi bir əyalət yazarı olaraqnecə görünür?

-Vallah, ədəbiyyat hər yerdə ədəbiyyatdır. İstər bölgədə olsun, istər mərkəzdə.Əslində ədəbiyyatdan danışanda Anar müəllim demişkən, onu əyalətə, mərkəzə bölməyin heç bir faydası yoxdur.

Ədəbiyyat üçün bircə mərkəz var:

İnsan qəlbi! Oxucu məhəbbəti!

Bu varsa demək ədəbiyyat da var!

Qazax bölməsi AYB-nin bölmələrindən biridir. Biz yazıb-pozanda heç də dönüb baxmırıq (və baxmaq istəmirik) ki, başımızın üstündə hansə mərkəz var, hansı lap tutaq ki, tabe olduğumuz qurum var. Biz ədəbiyyat yaratmaq istəyiriksə, gərək başımızı bircə dəfə qaldırıb yuxarı baxaq: həmin yuxarıda Allah olduğuna görə!

AYB-nin özü də , bölmələri də Cəmiyyətin üstqurumudur. Bu üstqurumun da daha da güclü olması milli-mənəvi dəyərlərimizin daha da güclənməsi və yenilməz olması deməkdir. AYB sədri, xalq yazıçısı Anarın bir vaxtlar bölməmiz haqqında dediyi qiymətli fikirlərlə verdiyim bu müsahibəni yekunlaşdırmaq istəyirəm:

“Qazax dövlətimizin sərhədində yerləşir. Bir yanda Borçalılar yaşayır, digər tərəfdə Ermənistandakı soydaşlarımız yaşayırdılar.Əminəm ki, vaxt gələndə yenə yaşayacaqlar.Belə bir üçbucaqda Qazax böyük Mədəniyyət mərkəzidir. Belə bir yerdə filiala rəhbərlik etmək həm məsuliyyət , həm də şərəfdir”.

Bu qiymət bizi həmişə ruhlandırmış və yenə də ruhlandırmaqdadır.

 

Barat vüsalla etdiyim bu telefon söhbətini kağıza köçürüb təkrar müsahibə kimi özüm üçün oxuyanda gördüm ki, ondan soruşub, münasibətini öyrənmək istədim bəzi məqamlar söhbətin şirinliyində tərəfimdən unudulub...Düşünürəm ki, bu çox da böyük qəbahət deyil.Çünki hələ bizi , Allahın izni ilə, çox söhbətlər gözləyir...

 

Müsahibəni qələmə alan: Əbülfət Mədətoğlu