BANM tələbələri “Azərkimya” İstehsalat Birliyində təcrübə keçəcəklər
Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində "Azərkimya” İstehsalat Birliyində təcrübə keçəcəklər. BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, bu məqsədlə BANM-nin tələbələri rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə "Azərkimya” İstehsalat Birliyində olublar.
Tədbiri giriş sözü ilə açan "Azərkimya” İstehsalat Birliyinin rəhbəri, millət vəkili Muxtar Babayev təcrübə müddətində tələbələr üçün istehsalat yönümlü proqram qurulduğunu deyib. O, Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsinin rəhbərliyini və tələbələrini "Azərkimya” İstehsalat Birliyində görməkdən məmnun olduğunu bildirdi. Muxtar Babayev gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə bu təcrübənin tələbələr üçün böyük rolu olacağını bildirib.
Ümumilikdə, BANM-in 38 tələbəsi "Azərkimya” İstehsalat Birliyinin strukturlarında istehsalat təcrübəsi keçəcəklər. Onlardan 18 nəfəri isə, 2 ay müddətində ödənişli əsaslarla təcrübə keçəcəklər. Belə ki, "Azərkimya” həmin tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlayacaq və onlar iki ay müddətində maaşla təmin olunacaqlar.