Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir - YENİLƏNİB

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, Forumda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, artıq ikinci ildir ki, ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forum dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir.
O diqqətə çatdırıb ki, media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir.
Forumda çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva vurğulayıb ki, insan hüquqları cəmiyyətin inkişafında əsas dayaqlardan biri olmaqla, hüquqi dövlət quruculuğunun təməl prinsiplərindən biridir. Bu prinsiplərin qorunması və vətəndaşların hüquqlarının müdafiəsi sahəsində medianın cəmiyyəti informasiya ilə təminetmə və ictimaiyyəti maarifləndirmə funksiyası xüsusi rol oynayır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev bildirib ki, məhkəmə-hüquq islahatlarının düzgün təqdim olunması, hüquqi termin və prosedurların ictimaiyyətə aydın şəkildə çatdırılması, eyni zamanda, ictimai rəyin sağlam əsaslarda formalaşdırılması məhz media ilə məhkəmə orqanları arasında peşəkar əlaqələrə əsaslanan əməkdaşlıqdan keçir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev vurğulayıb ki, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması cəmiyyətin hüquqi maariflənməsi və konstitusiya dəyərlərinin qorunması istiqamətinə diqqəti daha da artırır, bu kontekstdə media vasitəsilə hüquqi informasiyanın cəmiyyətə dolğun, şəffaf və düzgün şəkildə ötürülməsi, vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov diqqətə çatdırıb ki, rəqəmsallaşma müasir cəmiyyətin inkişaf dinamikasında mühüm rol oynayır. Bu proses təkcə texnoloji sahələri deyil, informasiya dövriyyəsini, ictimai münasibətləri və vətəndaşların dövlətlə əlaqə imkanlarını da köklü şəkildə dəyişməkdədir, bu dəyişikliklər media və dövlət münasibətlərində yeni çağırışlar və imkanlar yaradır.
Qeyd edək ki, Forum “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”, “Nəqliyyat infrasturukturunda davamlı həllər media müstəvisində”, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzularında panel sessiyalarla davam edəcək.
***
Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum keçirilir.
Adalet.az xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev, həmçinin başqa dövlət qurumlarının idarə heyətlərinin üzvləri, nazir müavinləri və media subyektlərinin rəhbərləri iştirak edirlər.
Forum medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə təşkil edilir.
Tədbir açılış nitqləri və rəsmi hissənin ardınca “Konstitusiya və Suverenlik İlində media gündəmi”, “Nəqliyyat infrastrukurunda davamlı həllər media müstəvisində” və “Təhlükəsizlik rəqəmsal media mühiti: məlumatlı istifafəçilər” adlı panel sessiyalarla davam etdiriləcək.
Digər Xəbərlər

"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

Kollegiya sədri: Fikir və söz azadlığından istifadə edilərkən şəxsi həyata müdaxilə yolverilməzdir

Bakıda “Konstitusiya və Suverenlik İlində media gündəmi” müzakirə olunub

Anar Eyvazov: Bəzən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır

Hüquqi informasiyanın cəmiyyətə düzgün şəkildə ötürülməsi xüsusi əhəmiyyət daşıyır

Milli mətbuatımız bu il 150 illik yubileyini qeyd edir - Əhməd İsmayılov

Əhməd İsmayılov: Heydər Əliyevin Azərbaycanda senzuranı ləğv etməsi plüralizmin genişlənməsinə şərait yaradıb
