Bakı Dövlət Universitetində Aqil Abbasla görüş - FOTOLAR
Bakı Dövlət Universitetində millət vəkili, yazıçı Aqil Abbasın tələbələrlə görüşü keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Aqil Abbasın həyat və yaradıcılığı barədə geniş məlumat verib.
"Əvvəlcə istədik, tədbirini adını "BDU-nun nüfuzlu məzunları" qoyaq, sonra düşündük ki, onsuz da BDU-nun tələbələrinin demək olar hamısı nüfuzludur. Sonra fikirləşdik ki, "BDU-nun məzunları qonağımızdır" olsun, gördük ki, məzunlarımız heç vaxt burada qonaq olmayıb, BDU onların öz evləridir. Ona görə də bu tədbiri "BDU-nun məzunları" adlandırdıq. Tale elə gətirib ki, mən həm jurnalistika üzrə, həm də ədəbiyyat üzrə mütəxəssisəm. Aqil Abbas imzasını həm jurnalist kimi, həm də yazıçı kimi yaxşı tanıyıram. Aqil Abbas hər şeydən əvvəl xalqın ziyalısıdır. Xalqın dilində, xalqın sözünü deyən ziyalıdır" - deyən Əliş Ağamirzəyev Aqil Abbası salamlayıb və görüşdə iştirak edən tələbələri yazıçını daha yaxından tanımağa, müzakirələrdə iştirak etməyə çağırıb.
Çıxışını zarafatla başlayan Aqil Abbas tələbələri salamlayıb, BDU-nun 1976-cı ildə məzunu olması səbəbilə bu görüşdən məmnun olduğunu vurğulayıb:
"Çox yaxşı oxuduğuma görə məni 1 il kursda saxladılar ki, getmə, qal biraz da oxu. Əslində səbəb başqa idi. Biraz davakar idim deyə bu da bir gün başıma bəla oldu. Biz tələbə olanda mühazirə yazdığımız dəftərin yuxarısına "Azərbaycan Dövlət Universiteti" yazıb taxırdıq toqqamıza. Küçədə fəxrlə gəzirdik, qoy qızlar görsün ki, biz harda oxuyuruq. O vaxt bir universitet var idi. Şifahi xalq ədəbiyyatını keçəndə bayatı da yazmışdıq. "Əzizinəm dilən gəz, Əlini aç dilən gəz, APİ-də xan olunca, Universitetdə dilən gəz". APİ-də oxuyanların xətrinə dəyməsin, bu bizim öz aramızdakı zarafat idi. Əvvəllər bir universitet var, elə indi də bir universitet var. Sonralar nə oldusa, bütün institutlar adını dəyişib universitet elədi. Mən də qəzetdə yazdım ki, kasıb itinin adını gümüş qoyan kimi institutlar da adını dəyişib universitet qoydular, elə bildilər universitet olacaqlar. Mümkün deyil".
Daha sonra yazıçı universiteti bitirdikdən sonra 1 illik müəllimlik fəaliyyətindən də danışıb:
"Taleyim elə gətirdi ki, Ağsuda yaşayan bir qohumum katib idi. Universitetdən təyinat veriləndə məni Ağsuya saldılar. Orada 1 il internat məktəbində ədəbiyyat müəllimi işlədim. Gördüm ki, Ağsu camaatı qonağına nə qədər mehribandır. Ondan sonra jurnalistika ilə maraqlanmağa başladım. Jurnalistika fəaliyyətimdə heç vaxt 3 rayon haqqında tənqid yazmamışam, işçilərimi də yazmağa qoymamışam. Biri Ağdamdır, oralıyam, biri Ağcabədidir, orada doğulmuşam, biri də Ağsudur, 1 il ağsuluların çörəyini yemişəm".
Yazıçı çıxışını bitirdikdən sonra tələbələrin suallarını cavablandırıb. Tələbələr xüsusən "Dolu" romanı, yazıçının şəxsi həyatı ilə bağlı suallar ünvanlayıblar.
Sonda yazıçı "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" povestini tələbələrə hədiyyə edib. Tələbələr kitabı maraqla qarşılayıb. Aqil Abbas kitab çatmayan tələbələrə də kitab göndərəcəyinə söz verib, təbələr onunla şəkil çəkdiriblər.
Eminquey