Azərbaycanın ən görkəmli triosu
26 iyun görkəmli Azərbaycan cərrahı, Əməkdar Elm xadimi Nürəddin Rzayevin doğum günü idi.
Ehtiramla xatırlayaq.
Nurəddin Rzayev deyəndə gözümüzün önünə həm də dəyərli ziyalılarımız Xudu Məmmədov və Bəxtiyar Vahabzadə gəlir. Bu üçlüyü hamı birgə görməyə adət etmişdi... Üç ayrı-ayrı sahələrin adamları olsalar da, sanki bir elm sahəsində çalışırdılar. Onları böyük Azərbaycanımıza məhəbbət birləşdirmişdi
O, 1929-cu il iyun ayının 26-da Gədəbəydə ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1950-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə tamamlamışdır. Ali məktəbi bitirdikdən sonra təyinatla 1953-cü ilədək Türkmənistanda işləmişdir. Təyinat müddətini başa vurduqdan sonra Bakıya qayıtmış və elmi, cərrahi işini davam etdirmişdir. 1958-ci ildə "Mezatonun cərrahiyyədə tətbiqi" mövzusunda namizədlik, 1965-ci ildə "Ağ ciyər arteriyalarının emboliya və trombozları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, professor rütbəsi almışdır. 1966-cı ildə professor N.M.Rzayevin təşəbbüsü ilə "Qanın laxtalanma sistemi məsələləri" üzrə II Ümumittifaq konfrans keçirilmişdir. 1964-1990-cı illərdə Ümumittifaq Cərrahlar Cəmiyyətinin rəyasət heyətinin, Damar Cərrahlığı Üzrə İttifaq Problem Komissiyasının üzvü kimi SSRİ səviyyəsində keçirilən tədbirlərdə iştirak etmişdir.
1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq İnstitutunun elmi katibi, az sonra elmi işlər üzrə direktor müavini, 1963-cü ildə direktor əvəzi və 1964-cü ildən 1994-cü ilədək institutun direktoru vəzifəsində işləmişdir.
N. Rzayev 5 elmi ixtiranın, 300-dək elmi məqalənin müəllifi, 5 elmlər doktorunun və 31 elmlər namizədinin elmi rəhbəri olmuşdur. Dəfələrlə Rusiya, Ukrayna, Belorus, Özbəkistan, Latviya, Moldova, Ermənistan, Gürcüstan, ABŞ, Türkiyə, İngiltərə, İran, Polşa, Avstriyada keçirilmiş müxtəlif konfrans və simpoziumlarda istər SSRİ-ni, istərsə də onun tərkibindəki Azərbaycanı yüksək səviyyədə təmsil etmişdir.
Və bu üçlük yeni dünyada təzədən görüşdülər...