Azərbaycan taekvondosunun tarixi zəfəri - 3 qızıl, 1 gümüş, 1 bürünc medal - TƏHLİL
Bakı 2015 I Avropa Oyunlarının artıq 9-cu gününü yaşayırıq. Azərbaycan yığması hələlik 13 qızıl, 5 gümüş, 12 bürünc mükafat qazanıb. Toplam 30 medalla ölkəmiz hazırda Rusiyadan sonra ikinci pillədə qərarlaşır.
Geridə qalan müddət ərzində Azərbaycan adına özünü ən yaxşı tərəfdən göstərən idman növlərindən biri də taekvondo oldu. Dayanq ustalarımız turnirdə yüksək səviyyədə çıxış edərək, yerli azarkeşlərə sevincli anlar yaşatdı. İranlı Reza Mehmandust və koreyalı Sun Mi Parkın rəhbərlik etdiyi məşqçilər korpusu yarışa optimal heyəti cəlb etmişdi . Mehmandust kişilərdən ibarət yığmanın heyətində 58, 68, 80 və 80+ çəki dərəcələrində müvafiq olaraq, Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Milad Beiqi Harçeqani və Radik İsayevə şans vermişdi.
Koreyalı məşqçilər korpusu isə 49, 57, 67 və 67+ çəkidə Patimat Abakarova, Günay Ağakişiyeva, Fəridə Əzizova və Marina Tedeyeva dördlüyünə güvənmişdi.
İlk olaraq mübarizəyə Patimat Abakarova və Məhəmməd Məmmədov qoşuldu.
İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Rusiya və Yunanıstandan olan rəqiblərini dayanqdan məyus yola salaraq, final uğrunda görüşə vəsiqə qazandı. Bu mərhələdə serbiyalı rəqibinə yenilən 20 yaşlı idmançımız üçüncülük uğrunda görüşdə İtaliya təmsilçisinə böyük üstünlüklə qalib gələrək, aktivimizə bürünc medal yazdırdı.
Patimatın keçirdiyi görüşlərə nəzər saldıqda onun qarşıdakı yarışlarda nəticəsinin daha da yaxşılaşdıracağı real görünür.
Gənclər arasında Avropa və dünya birinciliklərində adından söz etdirmiş Məmmədov ilk görüşdə israilli Haimovitsə qalib gələrək, 1/4 finala çıxdı. Yarımfinal uğrunda qarşılaşmada Serbiya təmsilçisinə minimal hesabla yenilən Məmmədov rəqibin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərə qatılmaq hüququ əldə etdi. İlk cəhdində Belarus idmançısına çətin anlar yaşadan 17 yaşlı taekvondoçumuz həlledici görüşdə belçikalı rəqibinə məğlub oldu. Böyüklər arasında ilk ciddi sınağına çıxan Məmmədovun bu nəticəsini qənaətbəxş saymaq olar.
Sonrakı gün Günay Ağakişiyeva və Ayxan Tağızadə millimizin idman şərəfini qorudu.
Ağakişiyeva yığmamızın heyətində etimadı heç doğrultmayan iki idmançıdan biri oldu. Ötən il paytaxtımızda keçirilən Avropa çempionatının bürünc mükafatçısı elə ilk mərhələdəcə məğlubiyyətə üzüldü. Onun məğlub olduğu Serbiya idmançısı sonrakı mərhələdə uduzduğundan həmyerlimizin bürünc ümidi də puç oldu.
Yarışların üçüncü günündə Fəridə Əzizova və Milad Beiqi Harçeqani dayanq üzərinə çıxdı.
Milad Beiqi Harçeqani yığmamızın aktivinə ikinci qızıl medalı yazdı. Yarımfinaladək rəqiblərindən bir baş üstün döyüş sərgiləyən təmsilçimiz bu mərhələdə Portuqaliya, finalda isə Rusiya idmançısını üstələdi.
Sonuncu gün isə Marina Tedeyeva və Radik İsayev baş mükafat uğrunda mübarizə apardı.
Ağakişiyevadan sonra yığmamızın heyətində yarışların digər uğursuzu Tedeyeva oldu. Ağır çəkili qadın taekvondoçumuz ilk mərhələdəcə ukraynalı Koniyevaya yenilərək, turnirlə vidalaşdı.
Azərbaycan taekvondo yığmasının lideri Radik İsayev ona bəslənən ümidləri artıqlamasıyla doğrultdu. İlk mərhələdən azad olan dünya və Avropa çempionu 1/4 finalda Niderland, yarımfinalda isə Sloveniya taekvondoçularını üstələyərək, həlledici görüşə vəsiqə qazandı. Finalda əzəli rəqiblərindən olan rusiyalı Larinə minimal hesabla qalib gələn İsayev ikinci qızıl medalını əldə etməklə 2015-ci ilə öz damğasını vurdu.
Ümumilikdə 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanan teakvondoçularımız ümumi hesabda birinci oldu. Bir ay öncə dünya çempionatı kimi nüfuzlu turnirdə iştirak edən, digər növlərdə mübarizə aparan idmançılara nisbətdə daha gərgin qrafiklə çalışan dayanq ustalarımız əsil şücaət, əzmkarlıq nümunəsi nümayiş etdirdilər.