adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 May 2024 04:10
130
ANALİZ

Azərbaycan Prezidentinin Almaniyaya unudulmaz və tarixi səfəri

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya işgüzar səfəri bir neçə mühüm parametrlərilə yadda qaldı. Avropanın aparıcı media qurumlarının böyük diqqət ayırdığı bu səfər dünyanın tanınmış siyasi ekspertləri tərəfindən ətraflı şərh olundu. Xüsusilə də,  ölkə başçısının Almaniya kansleri Olaf Şolts ilə təkbətək görüşü və keçirilən birgə mətbuat konfransında səsləndirilən fikirlər bu günə qədər bir çoxları üçün qaranlıq olan məsələlərə aydınlıq gətirdi. Son iki ildə Prezident 3-cü dəfədir ki, Almaniyaya səfər edir.

Bütövlüyümüzün tam təmin olunmasından sonra Azərbaycanda keçirilən ilk prezident seçkilərində qələbə çalan dövlət başçısı kimi ilk xarici səfərini də bu ilin fevralında Almaniyaya etmişdi. 

Avropada bəzi ölkələrin, təşkilatların ölkəmizə qarşı qərəzli kampaniyalarının davam etdiyi bir zamanda Prezident İlham Əliyevin Almaniyaya səfər etməsi, orada siyasi dairələrdə isti qarşılanması, Berlində səsləndirilən məzmunlu açıqlamalar olduqca düşündürücü idi.  Prezidentin köməkçisi Hikmət Hacıyevin bu səfəri "unudulmaz və tarixi uçuş" adlandırması təsadüfi deyildi. Prezidentin Berlinə məhz işğaldan azad olunmuş Füzuli hava limanından yola düşməsi səfərə rəmzi məna çalarları qatır.  Şoltsun dəvəti ilə "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün edilən səfər təkcə COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi Prezidentin orada təmsil olunması kimi başa düşülməməlidir. Təbii ki, Berlin dialoqunda aparılan müzakirələr Bakıda baş tutacaq COP29 üçün mövzuların müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. İqlim problemlərinin qarşısının alınması üçün "yaşıl enerjiyə" keçid və investorların "yaşıl enerji"yə kapital yatırmasının təşviq edilməsi aktual məsələlərdir. İlham Əliyev Berlinə məhz azad olunmuş ərazilərdən getməklə göstərdi ki, Qarabağ investorlar üçün təhlükəsiz bölgədir. Azad olunmuş torpaqların "yaşıl enerji zonasına" çevrilməsi Bakının hədəflərindən biridir. Fransa başda olmaqla, suverenliyimizin bərpasını qəbul etməyən, hələ də regiondakı reallığı dəyişdirə biləcəklərinə ümid edən qüvvələr də artıq taleyin hökmü ilə barışmaq məcburiyyətindədirlər. 

Siyasi təhlilçilərin bu səfərlə bağlı rəyləri Azərbaycan-Almaniya, Azərbaycan-Avropa, Azərbaycan-Ermənistan münasibətlərində yeni cığırların yarandığını deməyə imkan verir. Keçirilən birgə mətbuat konfransında da jurnalistlərin sualalrı daha çox Azərbaycan-Ermənistan münasibətləri, Qarabağda aparılan quruculuq işləri istiqamətlərində idi. Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan cənab İlham Əliyev növbəti görüşün Qazaxıstanda planlaşdırıldığını da vurğuladı: "Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk. Sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq".

Almaniya kansleri isə öz növbəsində, münaqişənin ancaq sülh yolu ilə həll olunmalı olduğuna diqqət çəkib: "Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz. Almaniya hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləyməyə hazırdır. Demarkasiya ilə bağlı ilkin razılıq bizi sevindirir. Bu istiqamətdə cəsarətli addımı təşviq edirəm".

Təbii ki, müharibə artıq geridə qalıb, Qarabağ münaqişəsi bitib. Azərbaycan 30 ildən artıq davam edən qanlı münaqişə səhifəsini özünün gücü hesabına qapadıb. Kimlərinsə bu münaqişənin ömrününü uzatmaq cəhdləri, Cənubi Qafqazda qovğanı alovlandırmaq səyləri stəkanda fırtınadan başqa bir şey deyil. Qərb dövlətləri də anlayır ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığl yeni reallıqla barışmaq lazımdır. Bu arada ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngini də bu konteksdən qiymətləndirmək lazımdır. 

Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma münaqişəni alovlandırmaq istəyən qüvvələrin kefinə soğan doğradı desək, yanılmarıq. İki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşma ikitərəfli dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsidir. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək. Prezident İlham Əliyevin Berlində postmünaqişə dövrü və sülh gündəliyinə dair məzmunlu çıxışı, Avropa coğrafiyası ilə münasibətlərə aid açıqlamaları ciddi mesajlar kimi qəbul edildi. 

Azərbaycan Almaniya kimi dövlət üçün təkcə ənənəvi, alternativ, bərpa olunan, yaşıl enerjilər üzrə əhəmiyyət kəsb etmir. Eyni zamanda böyük iqtisadi, enerji və loqistika layihələrinin kəsişdiyi qitələrarası yolun üzərində yerləşən dövlət rolunu oynayırıq. İkinci Dünya müharibəsində Almaniyanın əsas maraq dairəsində olan Bakı bu gün Berlin üçün daha da cəlbediciliyini artırıb.  Münasibətlərimizin və əməkdaşlığımızın Almaniya üçün də önəminin yüksək olduğunu Prezident İlham Əliyevin ölkənin Kansleri Olaf Şoltsun xarici işlər naziri Annalena Berbokla birlikdə qarşılamasında özünü açıq göstərmiş oldu. Prezidentin Almaniya Prezidenti, Kansleri və xarici işlər naziri ilə təkbətək məhsuldar görüşlər keçirməsi qarşı tərəfin Azərbaycana olan həssaslığından xəbər verir. 

Mətanət Səfərli 
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı