03 Sentyabr 2025 13:02
105
ƏDƏBİYYAT

“Azərbaycan kinosunun atası”- Əntiqə KƏRİMZADƏ YAZIR….

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi kino və teatr rejissoru, aktyor Adil İsgəndərov 1910-cu ildə Gəncə şəhərində bəy ailəsində anadan olub. Ağır təbiətli insan olsa da həmişə özünəməxsus zarafatları ilə insanların qəlbinə yol tapmağı bacarırdı. Onunla təmas yaratmaq o qədər də asan deyildi. Amma dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan ayrılmaq heç də asan olmurdu.

1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi, bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi.  Bu 25 ilə yaxın bir dövrdə  teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil İsgəndərov teatrı” adlandırırdılar.

Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına “Azərbaycanfilm”kinostudiyasına direktor təyin etdilər. A.İsgəndərov səkkiz il kinostudiyaya rəhbərlik edib. 

Adil İsgəndərovun kino sahəsində zirvədə dayanan obrazlarından biri də “Kərbəlayi İsmayıl” obrazıdır. Aktyor “Axırıncı aşırım” filmində məhz bu obrazla tamaşaçının sevgisini qazanır. Ömrünün ən çətin günlərini yaşayan Kərbəlayi İsmayıl Qəmlonun çılğınlığına belə aldanmır. Öz səbrini qorumağı bacarır. Kərbəlayi kəsdiyi duz-çörəyi tapdamayan adam kimi tamaşaçıların yaddaşına yazılır. Adil İsgəndərov məhz  bu roluna görə Ümummitifaq festivalının “kişi rolunun ən yaxşı ifasına görə nominasiyasının qalibi olur.

Sərt, tələbkar, mərhəmətli və xeyirxah insan idi Adil İsgəndərov. Onu niyə Azərbaycan kinosunun atası adlandırırlar? 1965-ci ildə kinostudiyanın tərkibində kinoaktyor studiyası açır. 850 namizəddən cəmi 50 nəfəri seçilir. Kursu isə 4 il ərzində cəmi 8 nəfər bitirir. Adil İskəndərov işi elə qurur ki, kinosudiyanın bütün məşhur insanları – rejissorlar, rəssamlar, operatorlar yeni studiyada təhsil alanlara dərs deyirlər. Artıq həmin kinostudiyanın heç bir yetirməsi həyatda deyil. Sonuncu yetirməsi Ənvər Həsənov da dünyasını dəyişdi.

Adil İsgəndərov Azərbaycan filmlərinə başqa ölkələrin aktyorlarının çəkilməsinin əleyhinə çıxırdı. Bir dəfə rejissor Eldar Quliyevə “Qadam, özümüzdə aktyor yoxdur? Teatra getmirsiniz? Gedin, öz aktyorlarımızı seçin”, - demişdi.
Azərbaycanın onlarla aktyor, Xalq artisti onu özünə müəllim, hətta bəziləri mənəvi ata sayır. Bir çoxları “Fəxr edirəm ki, Adil İsgəndərovun yetirməsiyəm”, - deyirdi.

Adil İsgəndərov olduqca sərt, tələbkar rəhbər idi. Lakin Azərbaycan kinosunun çiçəklənmə dövrü onun rəhbərliyi dövrünə düşüb.

Şəxsi münasibətlərini kinoya gətirməzdi. Ələsgər Ələkbərovla münasibətləri yaxşı olmasa da, Ələsgər müəllim vəfat edəndə Adil İsgəndərov “o, böyük sənətkar idi”, - deyə kövrəlmişdi.

Adil İsgəndərov kinostudiyada adam döydüyünə görə “xuliqan” adlandırdığı Yusif Vəliyevlə danışmasa da “Nəsimi” filminə məhz onun çəkilməsini istəmişdi. “Axırıncı aşırım”da rolunun Yusif Vəliyev tərəfindən səsləndirilməsini tapşırmışdı.
İştirak etdiyi məclislərdə çox vaxt çay süfrəsinə görə ödənişi özü edərdi. Zəhmli Adil müəllim “Axırıncı aşırım” filmində rejissor Kamil Rüstəmbəyova “qadam, nə qədər ki, film çəkilir, mən aktyoram, sən rejissor”, - deyib ondan rejissor kimi rahat işləməsini istəmişdi.

O, sərt və tələbkar olduğu qədər həm də mərhəmətli, xeyirxah idi. Bir dəfə Xalq artistimiz Həsənağa Salayev bacısı və yeznəsi ilə mübahisə edib, ata evindən gedir. Dostu Adil İsgəndərov ona yaşamaq üçün teatrın binasında bir otaq verir. Həsənağa Salayev ailə qurduqdan sonra Adil İsgəndərovdan əlavə bir otaq da istəyir və Adil müəllim evsiz qalan aktyora əlavə 1 otaq da ayırır. Həsənağa Salayev uzun illər ailəsi – xanımı və iki oğluyla teatrda yaşayır.

Bütün bu yazılanlar görkəmli sənətkar Adil İsgənədərovunun mərhəmətinin, insanlığının yalnız kiçik bir hissəsini ifadə edir. Onun kino sənətinə verdiyi töhfələr əvəzsizdir.

Düşünürəm ki, Azərbaycan kino sənətinin ən parlaq illəri məhz A.İsgəndərovun fəaliyyət illərinə təsadüf edir.

1978-ci ilin senytabrında Azərbaycan kino sənəti ağır itki ilə üzləşir. Kino sənətinin dahisi, xalq artisti Adil İsgənədərov ürək çatışmazlığından vəfat edir.