26 Sentyabr 2022 10:59
666
ƏDƏBİYYAT

Azadlığı istəmirəm... - Pərvanə Bayramqızı yazır

Sülhü, əmin-amanlığı, təbliğ edən gözəl əsərlər yazıldıqca daha da qızğın müharibələr aparılır.  İnsanlara bir yandan azadlıq ideyaları aşılayır,  digər yandan da qandallayıb susdururlar. Deməli, kitablar mənasız yerə yazılır, heç ONLAR da mütaliə etmirlər. 

ONLARIN öz kitabları var.

Bilirsiniz də ONLAR kimlərdir? 

 Mürəkkəbləri qan olan, klaviaturaları od saçan qəddarlar!!!

Bəşəriyyət onların əlində qalıb.

Saf, sadə, ideyaları böyük olan insanlar hər dəfə kiçik qığılcımı son nəfəslərinədək üfürüb alovlandırırlar. O alovdan Bütöv Azərbaycan isinər, amma soyuq yellər bu ocağı başacan yanmağa qoymur.
     

Mən də sizi kimi  Böyük Turan, Bütöv Azərbaycan görməyi arzulayıram, amma inciməyin, canavarlarla (hegemon dövlətlərin dünyanı idarə edən siyasətçiləri) dolu dünyada Azərbaycana uğur gətirəcək heç bir inqilaba, heç bir işə daha inamım qalmayıb. "Dəyirman bildiyini üyüdür, çax-çax başını ağrıdır". Hər dəfə xalqlara ümid verib hansısa ideyanı ortaya atıb istədikləri yerəcən gətirəndən sonra fəalları ölümə verib aradan çıxırlar. (Siyasi hadisələrdən sonrakı proseslər bu qənaətə gətirib çıxarır.) Hansı dövlətlər hansı dövlətlərə nəzarət etməyə çalışdığını məndən yaxşı bilirsiniz. 

Böyük ideyaların uğrunda ölmək gözəldir, sonrakı nəslə gün ağlaya bilsək və o nəsil sənin ideyalarını yaşadıb, yaratdığını qoruya bilsə. 
"21 Azər Günü nə deməkdir?" soruşanda böyüklərdən dəqiq cavab ala bilməmişdim. Tarixinə biganə olan insanlar da olur, heç kəs təlqin etmədiyi halda ürəyində Vətən sevgisi daşıyan uşaqlar da böyüyür yurdumuzda. Kitabları axtarıb məlumatı özüm tapdım... və təəccüb elədim: bu cür vacib tarixə azərbaycanlılar niyə laqeyd yanaşırlar? Niyə milli qürurlarını qorumurlar?

1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayınadək ömrü olan Azərbaycan Milli Hökuməti kimlərin qanı bahasına başa gəlsə də, milli heysiyyəti öldürülmüş bir çox insanlar üçün siyasi məsələ anlamında olduğundan bu barədə soyuq, laqeyd danışmaqları adamı incidir. Yaxşı ki, ötən illərdə cənub mövzusunda xeyli bədii əsərlər yazılıb, həmin ədəbi nümunələrdən milli təfəkkürü formalaşanlar az olmayıb. Belə insanlar qohum-əqrəbasının Arazın o tayında qalanların necə həsrət çəkdiklərini, ikiyə bölünən Azərbaycanın faciəsini duyub, can yandırıblar. “Gülüstan” (1813), Biz də -- qəlbində Vətən sevgisi olanlar “Türkmənçay” (1828) müqavilələrinin ağır nəticəsini qəbul edə bilməyənlərdən ruh aldıq, onların arxasınca getdik. Getdik deyəndə ki... böyük ideyanı mənimsəməyi nəzərdə tuturam. Bir də ki... bu sevgini duyan, yaşayan, amala çevirən, sonadək sadiq qalan Yaqub Zurufçu fenomeni vardı. Ötürmüşdü sevgisini. 

Uzun illər yeniyetmə, gənclik enerjisi, gələcək eşqi məni böyüklərlə mübahisələrə ruhlandırdı. Hamısını qınadım, Xanlıqlar dövründən tutmuş, 1988-ci ilin hadisələrinədək hər şeyi başlarına qaxdım. Elə bilirdim bütün bunları tezliklə yoluna qoymaq öz əlimizdədir. "Birləşsək, Vətənimizdən qoparılan torpaqlarımızı, oğurlanan, satılan qədim irsimizi, tapdanan milli heysiyyətimizi geri ala bilərik" deyə şövqlə, inamla hər yerdə "çıxış edirdim". Dünyanı az-çox dərk edəndən sonra anladım ki, mən heç öz həyatımı arzularıma uyğun qura bilmədim, xalqın müqəddəratını necə həll edə bilərəm? Cəmiyyət, siyasi proseslər yaşayışımızı özü tənzimləyir. Biz özümüz yazmadığımız qaydalara sözsüz tabe olanlarıq, çünki bununçün yaranmışıq. Bəxtimizə çapıb-talayanların yemi olmaq yazılıb. Bunu uzun illər sonra - məişət həyatının çoxu kimi mənim də əl-qolumu bağlayıb ümidlərimi öldürdüyünü dərk edəndə bildim. Anladım ki, "ol" deməklə heç nə olmur, biz məcburən olanlara "oldu" deyərək yaşayırıq. Dünyada başqa dövlətlərə nəzarət edən, onu iqtisadi-sosial tərəfdən məngənədə saxlayan, saxlamaq həvəsinə düşən güclü dövlətlərin siyasi istək və tələbləri bizi kimi dövlətləri daim “müşayiət edir”. 

İndi də elə bilirsiniz son ayların hadisələri sizin istəyinizə görə təyin edilib? Elə bilirsiniz qadınların qeydinə qalan tapılıb? Böyük güclər rahat yaşamaq istəyən vətəndaşların istəklərini tətiyə qoyub ölkəyə atırlarlar. Günahsız insanların qanını tökənlər heç kəsə can yandıran deyil. Onların öz maraqları var, olan yenə millətə olur. 

İrandakı hadisəyə böyük ümidlə baxırsınız. Baxın, təki mən deyən yox, siz istəyən olsun. Elə bilirsiniz, Güneyimiz Günə çıxacaq? Təki çıxsın. Təki siz məni qınayasınız. Allah haqqı razıyam, üzr istəyəcəm sizdən.

Azərbaycan Demokratik Cümhuriyyəti... Azərbaycan Milli Hökuməti...

Azadlığı bizimkilərin bir ildən artıq dadmağına dözməzlər.

Pessimist yazımla sizi ruhdan salmaq istəmirəm, yanıldığımı görməyə hazıram. 

Nə bilim... təki bu dəfə soydaşlarımızla bütövlənək, təki bu dəfə azadlığı əbədilik dadaq. Şairimiz də onu zərrə-zərrə, qram-qram istəmirdi, biz də.

Qurban anlayışı var, hətta bayramını da qeyd edirik.

Ən böyük qurbanlıq insan həyatıdır, siyasət aləmində hökm sahibi olan reallaşdırmaq istədiyi siyasi əməllərində birinci onu hədəfə alır. İnqilablar, yeni quruluşlar qurbanlıq xalqın qanı bahasına qazanılır. Millət yalnız azadlıq uğrunda qurban getməyə könüllü hazırlaşır. İnsanlara dəhşətli işgəncələr verildiyini bilənlər susub, Qurban bayramında quzuya acıyırlar. Canlı canlıdır, bu şivəni günahsız qətlə yetirilən millətlər üçün də salmaq lazımdır.
     

Məqam gələndə insan əşya kimi də istifadə edilir, başqa canlıların da vəzifələrini yerinə yetirmək məcburiyyətində qalır.
Adam özü özünü də qurban verir, əzizləri üçün könüllü olaraq, canından da keçir, hansısa orqanından da. 
Bayram anlayışını da, Qurban bayramının mahiyyətini də bilirsiniz. İkisi də qan tökməklə yaranıb, amma ikisində də üzlərdə sevinc duyulur, ikisində də: "Bayramınız mübarək olsun" deyirik. 

Yenicə böyüyürdük... Kamil Cəlilovun qaboyunun səsiylə cərgə-cərgə ekrandan ötən qara mərmərlər gördük. Elə bildik böyüklərin doğum şəhadətnaməsi bu cürdür, onların şəhadətnamələrinə öldükləri tarix də qeyd olunur. Bəs 1990-cı ilin yanvar ayının 20-də öləcəklərini hardan bilmişdilər? Niyə hamısı eyni vaxtda? Bu qərarı kim vermişdi? - İnsan qanı tökmək qərarını! Millətin qanını su əvəzinə içib sərinlənib "oxxay" deyən "susuz" vəhşilər harda öyrəniblər qan içməyi? Bəs buna yaradan niyə "nuş olsun" deyir?
Qərar sözünü ilk dəfə 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri olmuş Elmira Qafarovadan eşitmişdim. Tez-tez  "Qərar qəbul edildi!" deyirdi. Mənasını anlamırdım, amma bu məlumatdan qorxurdum. İllər ötüb, hələ də uzaqlardan qərarlar qəbul edilir, oğullar da burda can verir. 

Gözə görünən, görünməyən müharibə ssenaristləri əməllərinə görə kim tərəfindən, nə vaxt cəzalanacağını bilmirik. Biz yurdumuzu qoruyuruq. Kini bizdə "həm suçlu, həm güclü" olanlar zorla yaradırlar. Haqlı mübarizəmizi pisləyənlər haqsız qan tökən erməniyə həmişə dəstək olublar. "Yenə də axırda bizə qalan biz olduq". Bir-birimizin əvəzinə ölə bilməsək də, ruhən birik. Bütöv, azad Azərbaycan eşqilə, millət olmaq arzusuyla ömrünü könüllü yarıda saxlayanların ruhları şad olsun. Sayələrində hərəmiz öz işlərimizin arxasınca gedirik. Halallıqlarını haqq etməyə çalışaq!

İnsanlara mərhəmət, ədalət diləyir, bəşəriyyətin canının  onları ələ salıb hər cür oyun çıxaranların əlindən qurtarmağını istəyirəm. 
Oğullarının uğrunda canından keçdikləri torpaqda atalarına qəbir yeri pulla satılmasın.