adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Noyabr 2018 11:01
15388
ƏDƏBİYYAT

Ay səni!.. - Zəka Vilayətoğlu

İnanmazdım, sən məni qəfil atıb gedərsən,
Demə, bu da olarmış, aldanmışam, ay səni!..
Bəs o sevgi nə idi, hələ o göz yaşları,..
Heyif, əbəs oduna qalanmışam, ay səni!..

Belə sevgi olmazdı, yalan oldu da, bitdi,
Belə itgi olmazdı, olan oldu da, bitdi,
Belə talan olmazdı, talan oldu da, bitdi,
Daha ürəyim bom-boş, talanmışam, ay səni!..

Az qalır ki, bu dərddən ağac kimi quruyam,
Taqətim yox, könlümün yarasını sarıyam,
Mən elə bilidim ki, bulaq kimi duruyam,
İçim elə lillənib, bulanmışam, ay səni!..

Eh, bu eşqin oduna necə gözəl yanırdım,
Bu sevgini ən şirin, ən gözəl bar sanırdım,
Varlığını duyduqca, özümü var sanırdım,
İndi bir yox kimiyəm, yalanmışam, ay səni!..