28 Yanvar 2023 09:00
2486
LAYİHƏ

Avropalılar bizdən öyrənsin

Bizim ölkə balaca məmləkət olsa da, amma zəngin və qədim bir tarixə malikdir. Bu zəngin və qədim tarixə malik olan ölkəni yaşadan, inkişaf etdirən, yüksəlişə doğru aparan onun dövlətçiliyi və dövlətidi. Hər hansı məmləkətin dövlətçiliyi yoxsa, o ölkə həmişə əsarət altında olacaq. Daha doğrusu, başqa millətin boyunduruğuna çevriləcək. Heç uzağa getməyək, Ermənistan yarandığı gündən bugünə kim dövlət kimi formalaşmayıb. Gah Rusiyanın təsiri altında olub, gah da avropalıların. Çünki bu millətin nə qədim tarixi var, nə də dövlətçiliyi!

Ancaq Azərbaycan zamanından və məkanından asılı olmayaraq, dövlətçiliyini qoruyub saxlayıb və bu dövlətçilik yolunda minlərlə şəhid verib. Yadellilərin ayaqları bu yerlərə dəysə də, igid və qəhrəman sərkərdələrimiz, dövlət başçılarımız və eləcə də döyüşən mərd oğullarımız tərəfindən ərazimizdən qovulublar. Onlara elə bir dərs verilib ki, o dərs ömrü boyu yadlarından çıxmayacaq. Biz bu dərsi bir daha ikinci Qarabağ savaşında 44 günlük müharibədə ermənilərə verdik. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin və ordumuzun, xalqımızın gücü ilə 30 il torpaqlarımızı işğal etmiş ermənilər iti qovan kimi qovuldular. Ölənlər öldü, yaralıları da qoyub qaçdılar. Belə bir qorxaq və tülkü kimi quyruq bulayan millət anladı ki, bizimlə zarafat eləmək olmaz. Bizim torpaqlarımızı işğal altında saxlamaq olmaz. Çünki Azərbaycan yatmış şir idi və yatmış şir oyandı, pəncəsi ilə ermənilərə bir zərbə endirdi ki, düz qiyamətə qədər yerlərindən qalxa bilməyəcəklər.

Bizim milləti qüdrətli və güclü edən, mübarizliyə aparan və düşmən qarşısında əyilməyə qoymayan həm də adət-ənənələrimizdir. O adət ənənələrimiz ki, biz min illərdir onları yaşadırıq, gələcək nəsillərə ötürürük və zaman keçdikcə bu ənənələrə yeniliklər əlavə edirik. Ən azından ona görə ki, zəngin tarixi və mədəniyyəti olan xalq həmişə seçilib və sayılıb. Avropalılar heç də atılıb-düşməsinlər. Onlar mədəniyyəti Şərqdən öyrəniblər və eləcə də müsəlman dünyasından, Azərbaycanın unudulmaz və yaddan çıxmaz adətlərindən bəhrələniblər. Onlar nə bilir ki, elm, mədəniyyət, milli kök nədir. Milli kök odur ki, milyon il keçsə də, o, həmişə dərinliyə kök atır, əzəmətli olur və ən nəhayət, dünya tərəfindən qəbul edilir.

Hansı Avropa ölkəsində bizim məmləkətdə olan bəşəri dəyərlərə, insanlığa, zəif və aciz insanlara böyük məhəbbət var. Varsa desinlər?! Yoxdu axı! Onlar sadəcə özlərini demokrat, sülhsevər və bəşəri dəyərlərə hörmətlə yanaşan dövlət kimi göstərmək istəyirlər. Amma əsl həqiqətə gələndə görürsən ki, demokratiyadan, bəşəri dəyərdən dəm vuran ölkələr demokratiyanı ayaq altına atır, bəşəri dəyərlərə hörmətsizlik edir, verdiyi sözə əməl etmir. Məsələn, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanla, eləcə də Rusiya və Fransa ilə danışıqlarda nə söz veribsə, hansı imzanı atıbsa, onu da yerinə yetirib. Amma nə Fransa, nə də Ermənistan, hətta imza atdıqları sənədə belə əməl etməyiblər. Bax, bu həmin ölkələrin iç üzüdü, şərəfsizliyidi və prezidentlərinin bir neçə sifətə malik olmasıdı.

Bizim adət-ənənələri görən millətlər həmişə məəttəl qalıblar. Yazıçı-publisist və 50 ilə yaxın pedaqoji fəaliyyət göstərmiş, 30 ildən çox məktəb direktoru işləmiş Prezident Təqaüdçüsü Səməndər Məmmədov həm də Azərbaycan folklorunu, Azərbaycan ədəbiyyatını və Azərbaycan adət-ənənələrinin gözəl bilicisidi. Onunla günlərlə, saatlarla söhbət eləsən doymaq olmur. Çünki Səməndər müəllim elə şirin, elə səmimi danışır ki, vaxtın necə gəlib keçdiyini bilmirsən və bu adam həm də Azərbaycan poeziyası, klassik və müasir şairlərimizin şeirlərinin hamısını əzbər bilir. Hər hansı şairdən, yazıçıdan sual versən, ən azı 2-3 saat onun yaradıcılığından şeir deyə bilər. Səməndər müəllim deyir ki, bizim ən gözəl adət-ənənələrimizdən biri Novruz bayramıdır. Heç bir millətdə xalq tərəfindən sevilən və yaşadılan belə bayram yoxdur. Çünki bu bayramda bütün acılar doyuzdurulur, bütün kimsəsizlər yada salınır, bütün qəlbi sınıqlar yad edilir. Novruzda Keçəllə Kosanın oyunları, ayrı-ayrı adamların qapılara gedib niyyət tutaraq qulaq falı eləməsi, üstəlik də evlərə papaq atılması çox gözəl ənənələrdən biridir. Su çərşənbəsində sübhdən hamı ayağa qalxır, bulaq başına gedir, əl-üzünü yuyur və arzularını suya danışır. Eyni zamanda dörd çərşənbənin dördündə də tonqal qalanır, insanlar o tonqalın üstündən tullanaraq «ağırlığım, uğurluğum burda qalsın» deyir. Borçalıda Novruzu tam özünəməxsus bir formada keçirirlər. İndiyə qədər yaxşı yadımdadır, atam rəhmətlik bizim hamımıza bayramda təzə paltar alardı, üstəlik də bayram günlərində qohumlara baş çəkər, onları yad edər və pay aparırdıq. Bilirsiniz, necə sevinirdi qapısını açdığımız adamlar?! Allaha and olsun, bu adamlar ən çox Novruzda sevinirdilər.

Bir adət də deyəcəm, bəlkə də onu çoxları qəbul eləməyəcək. Bizim kənddə tanıdığım bir müəllim vardı, onun da altı qızı boya-başa çatmışdı və o 6 qızını da onların razılığı və xəbəri olmadan ərə verdi. Və 6-sı da xoşbəxt oldu. Sözümün canı odur ki, indi böyüklərin sözünə çoxları baxmır. Özləri bildiyi kimi ailə qururlar. Son dövrün statistikası göstərir ki, boşananların əksər hissəsi ata-ana xeyir duası olmadan bir-birini sevib ailə quran gənclərdir. İndi tay özünüz fikirləşin, görün bunun axırı nə ilə qurtarır?!

Əvvəllər kənddə qan davası düşəndə onları barışdırmaq üçün ağsaqqallar dəvət olunardı, polis, prokurorluq, məhkəmə onlar arasında qan davasını yatıra bilmirdi, amma iki el ağsaqqalı bir-birinə düşmən olan iki ailəni barışdırmağı bacarırdı. Bunları da Səməndər müəllim xatırlayır. Deyir ki, bizim həm də çox zəngin mətbəximiz var. Bəziləri «gürcü xəngəli, gürcü xəngəli» deyirlər. Yediyimiz o xəngəllər gürcü xəngəli deyil. Qədim Borçalıda türklərin məskunlaşdığı yurd yerində ona «mantı» deyirlər. Bizim gül kimi mantımız, yarpaq xəngəlimiz var. Bir dəfə Avropadan gəlmiş bir qonağı apardım Bakıdakı «Faxralı» yeməkxanasına. Orda həm mantı xəngəli, həm də yarpaq xəngəli sifariş verdik. Yarpaq xəngəlini sinidə bişirib gətirdilər. Avropalı xəngələ baxanda dedi ki, bunu mən yeyəcəm? Dedik hə! O isə dilləndi ki, çoxdu, bacarmaram! Amma elə ki, çəngəli götürüb xəngəli yeməyə başladı, gördüm ki, bəh-bəh deyir və ləzzətlidir deyir. Hələ mən indiyə qədər belə ləzzətli yemək yeməmişdim. Yəni o avropalı sinidəki xəngəlin hamısını gözünə təpdi, bizdən razı qaldı! Bax, avropalılar çox şeyi bizdən öyrənməlidirlər. Yekə-yekə danışmaq lazım deyil.

Cənab avropalılar, öyrənmək lazımdır və balaca xalqların da böyüklüyünü də gec-tez qəbul etməlisiz! Azərbaycan balaca xalq deyil, böyük xalqdır və böyük xalq həmişə öz dövlətçiliyini və adət-ənənələrini zaman-zaman yaşadacaq, yeniləri ilə zənginləşdirəcək!..

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.