08 Dekabr 2023 18:48
1527
MƏDƏNİYYƏT

“Aton-anon gəlib səni axtarır”- 60 ildir  "Əhməd hardadır?" 

1963-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş və bir ildən sonra ekranlara buraxılmış “Əhməd haradadır?” bədii filminin bu il 60 yaşı tamam olur. Film barədə akademik Cəfər Cəfərov fikri, çəkilişdə iştirak edənləri məyus edir: "Filmin dramaturgiyası yarıdan sonra get-gedə zəifləyir. Film daha çox film-konsertə oxşayır".

Bu 60 ildə filmə bəlkə də 60 dəfə baxanlar olub, amma nə baxmaqdan bezib, nə eyni səhnələrdən, son və aydın nəticədən bezib. filmdə çəkilən usta aktyorların Nəcibə Məlikova (Nərgiz xala), Məmmədrza Şeyxzamanov (Şirin kişi), Lütvəli Abdullayev (Zülümov), Ağahüseyn Cavadov (usta Əhməd), Mustafa Mərdanov (Məmməd), Gürcüstandan gətirilən, Ceyranı canlandıran aktrisa Nonna Paçuaşvili filmi tamaşaçılara ustalıqları ilə sevdirmişlər.

Hətta (Leyla) Töhfə Əzimovanın (Leyla) çəkildiyi ikinci film olsada (Qızmar günəş altında) fortopiaino müəlliməsi idi. Həm peşəkar idmançı, həm də Moskva sirkinin əsas rejissorlarından olan Səyavuş Şəfiyevin (Əhməd) , Elxan Qasımovun ("şofer" Əhməd) Eldəniz Zeynalovun (rəngsaz Əhməd), Novruz Axundovun (Uzundraz Oqtay) kinoda ilk işi olmasına baxmayaraq onlarda peşəkarlar qədər profesianal oyun nümayiş etdirə biliblər.


Əslində bu film elə yüksək peşakarlıqla çəkilib ki, hər baxanda yeni bir şey kəşf edirsən, yeni bir atalar sözü kimi fraza tapırsan.
Yeri gəlmişkən, bu filmə aludə olanlar “Onun ayağını kəndirləmək lazımdı” deyimini harda eşidirlər eşitsinlər bilirlər ki bu söz "Əhməd haradadır" filmindəndir. Şirin kişinin işlətdiyi “evlənmək də plannandı?”frazası da yaddaşlarda qalan və tez-tez istifadə edilən kəlimələrdəndir. O qədər başımıza gəlib, çoxdan görmədiyimiz bir dostumuz təsadüfən qarşımıza çıxanda “Oğlumu axtarırdım, dostumu tapdım” dediyimiz.


Tək bu fraza yox e, Nəcibə Məlikovanın ifasında səslənən hər kəlmə bir maraqlı fraza olub tamaşaçılarının dilində bitib: “Əhmədin anası ölməyib ha, ona əl qaldırasan”, “Mən adımı Nərgiz qoymaram, onu tapıb geri gətirməsəm”, “Vaxtilə mane olmasa idin, indi mən xalq artisti idim” ,“Onda Nərgiz xaladan incimə, özündən küs”, “Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan” və s. Heç bir "Əhməd haradadır" filminin aludəçisi deyə bilməz ki, mən bu frazaların heç birindən istifadə etmədim! Mütləq edib!
Hələ o birilərə - digər obrazların dediklərinə diqqət edin: “Pay atonnan, kolxozçu da deputat kimi danışır”,“Zülümov dedi, qurtardı”, “Sizin Əlibaba adında ərivüz olub?!” , “Aton-anon gəlib səni axtarır”, “bıy, oğul atadan qocadır ki”, “Mən bilirəm axı, qadın böyük qüvvədir”, komendantın “Sükanı belə saxla", "Gedirəm, dostlar, ayağım hara başım da ora".

Bir sözlə, ssenari müəllifi Sabit Rəhman,, quruluşçu rejissor Adil İsgəndərov iki istedadlı insanın yüksək keyfiyyətli filmi!
Rejissor Yusif Bağırov, quruluşçu operator Yuli Fogelman, quruluşçu rəssam Məmməd Hüseynov, bəstəkar Rauf Hacıyev və başqalarının peşəkar işi sayəsində film bu gün də sevilir.
Film o dövrün müasir həyatından, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir.

Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Valideynlərinin yanına gələn Əhməd (Səyavuş Şəfiyev) öyrənir ki, valideynləri onun fikrini öyrənmədən onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanı (Töhfə Əzimov)) da başına gəlir. Onu da məcburən ərə vermək istəyirlər, lakin o da oxumaq üçün çıxıb şəhərə gəlir. Əhmədin ailəsi onu axtarmağa gedir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir—birlərini sevirlər.



Çəkilişlər Bakı bulvarında, Gəncədə, Hacıkənd yollarında, Ağdaşda, Sumqayıtda, Göyçayda aparıldı. Əhmədin kəndə gələrkən öküzlərin körpünün üstündə vuruşduğu kadr Ağsu körpüsünün üstündə çəkilib. Dostların qaldığı yataqxana isə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yataqxanasıdır. Səyavuş Aslanın məşhur rəqs yeri, “Uzundraz Oktay”ın girişi keçmək səhnəsi məhz orda çəkilib.
Əhmədin Ceyranı aşağıdan çağırdığı yer İçərişəhər tərəfdə yerləşən "Tut ağacı" restoranıdır. Balkonda oturub çay içilən yer Dağüstü parkdır.


Filmdə Əliağa Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə dekorasiydır. Kardondan qurulmuş dekordur. Aktyorun yediyi yemək isə qoyun içalatının qızartmasıdır. Başını daz qırxdırıb, özünə uzun bığ qoymaq məhz aktyorun şəxsi təşəbbüsü olmuş və rejissor tərəfindən qəbul edilmişdir. “Ode…taksi, min, get… Get də…”
Filmdəki tikinti səhnələri Bakıda Şərifzadə küçəsində aparılan tikintilərdir.
Film Moskvada əvvəlcə qəbul edilməyib və zəif film kimi qiymətləndirilib. Bu səbəbdən çox az tirajla bu film ekranlara buraxıldı. Lakin sonralar filmin göndərilməsi üçün Türkmənistan, Özbəkistan, Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya sifarişlər gəldi. Beləliklə film SSRİ-də ən çox göstərilən və pul yığan filmlərdən birinə çevrildi.
 

 

Yenidən izləməyə dəyər!

 Əntiqə Rəşid

(Məqalədə vikipediyanın materiallarından istifadə edilib)