adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 May 2022 17:28
770
ƏDƏBİYYAT

Atamla şeir mübarizəm

Atamla illərdir ədəbiyyat müzakirəsi aparmırıq. Ümumiyyətlə, bu barədə heç danışmırıq. Əslindəsə bunun yaranma səbəbi şeir olub. Mənə həmişə deyirdi ki; sən elə səngər və müharibə şeirləri yaz. Səndə bu alınır. Sevgi şeirləri yazma. Şeir kimi yaxşı alınır, amma sanki sevginin özüylə məzələnirsən. Şeirlərində qadın obrazının ağrı-acısını qoya bilirsən, amma sevgili kimi yanaşanda onunla məzələnirsən. Onun hisləri ələ salırsan. Sevgini sanki lazımsız əşya kimi ordan bura təpikləyirsən.

Təbii ki, burda söhbət şeirdən gedir.

Maraqlısı budur ki, 20-li yaşlarda olan qızlar həmişə mənə deyib ki, atan səndən daha yaxşı şairdir. Bilmirəm, acığa deyirlər, yoxsa niyə. Bəlkə də sevgi şeirlərində reallıqdan uzaq nələrsə axtarmaqlarına görədir. Amma olsun.

Düzünü desəm bu baxımdan fransız yazıçısı Mopassanın yanaşmaları mənə daha çox təsir edib. Qadının əzablarını, ağrısını görürəm. Ana kimi görürəm. Hətta kişidən daha üst insan kimi də görə bilirəm, amma qadının sevgi duyğuları mənə həmişə gülməli görünüb.

Atalar və oğullar müzakirəsi ədəbiyyatda həmişə olub. Atamın o sözündən sonra elə may ayında acığa üstü-başı toza bulaşmış bu şeiri yazdım. Əslindəsə bir xanım şeir istəmişdi, o zaman yazmışdım.

Baxdı, dedi, səndən şair olsa da, sevgi səni əfv etməyəcək.

 

Üstü-başı tozlu şeir

 

Nə olsun ki, yanaşıram

adın bilmədiklərimə.

Mən şeir yazmıram, xanım,

dadın bilmədiklərimə.

 

Hayandansan, haralısan

elə də maraqlı deyil.

Heç səndən əvvəlkilər də

dünyanın maralı deyil.

 

Gah nazını, gah fikrini,

gah da yükünü çəkirəm.

Mən yazıq çarmıxa gedən

İsa çəkəni çəkirəm.

 

Vurulmuşam,

divarına

vurulan bir şəkil kimi.

Çəkirsən məni özünə

quraqlıqda çat-çat olmuş

torpaq suyu çəkən kimi.

 

İydə ağacı altından

qıraq ol, xatası çıxar.

Bu sakit may gecəsinin

fevral ayı səsi çıxar.

 

Mən şeir yazmıram, xanım,

dadın bilmədiklərimə.

Nə olsun ki, yanaşıram

adın bilmədiklərimə.

 

Emin Piri