Armudu stəkanda, çaaay, ürəyiniz yananda, çaay: Beynəlxalq Çay Günü
Bildiyiniz kimi, 2019-cu ilin dekabrında BMT Baş Assambleyasında mayın 21-nin Beynəlxalq Çay Günü elan edilməsi barədə qətnamə qəbul olunub.
Yəni bu gün çayın və "çayxor"ların günüdür.
İlk çay içən bəxtəvərlər: Çayın tarixi və inkişafı
Qədim tarixə və olduqca faydalı əhəmiyyətə malik sevilən içki növü çay ilk dəfə Qədim Çində istifadə olunmuş və indiki halına çatanadək çeyli dəyişiklik yaşamışdır. Hazırda dünyada çayın üyüdülmüş, ləçəkli, soyuq çay və s. Kimi formaları olduqca geniş yayılmışdır. İlk dəfə olaraq məhz çinlilər çay bitkisinin yarpaqlarından hazırlanmış məhlulun orqanizm üçün olduqca faydalı təsirə malik olduğunu kəşf etmiş və bu bitkini geniş şəkildə becərməyə başlamışlar.
Bu bitkinin böyüməsi üçün, kifayət qədər rütubətli isti bir iqlim tələb olunur. Çay sahələrinin əksəriyyəti tropik və ya subtropik iqlimi olan ərazilərdəki dağ yamaclarında yerləşir. Çayın ən çox istehsal olunduğu Çin, Hindistan və Afrikada ildə dörd dəfəyə qədər çay yığımı həyata keçirilir. Ən çox ilk iki məhsulun çayları bəyənilir.
Çay yarpaqları əl ilə toplanır və çeşidlənir. Əla növ çaylar üçün ya açmamış, ya təzə açan tumurcuqlar ya da ən gənc yarpaqlar istifadə olunur, daha "qaba" çaylar yetişmiş yarpaqlardan hazırlanır. Yığıcıların işi olduqca ağır və monotondur: hazır qara çay və xam yarpağın kütlə nisbəti təxminən 1/4 qədərdir, yəni 1 kiloqram çay almaq üçün 4 kiloqram yarpaq yığmaq lazımdır.
Pürrəngi, xoruzquyruğu: Çayların növləri və Azərbaycanda “çayxorlugun” tarixi
Mənşəyinə görə çaylar müxtəlif qruplara ayrılır. Bəzilər haqda qısa məlumat:
Çin - dünya çay istehsalının dörddə birindən çoxuna sahibdir, yaşıl və qara çaylar istehsal edir, eyni zamanda ağ və sarı çayların, ulun və Puer çaylarının istehsal olunduğu yeganə ölkədir.
Hindistan - dünyanın ikinci ən böyük çay istehsalçısıdır. Hindistanda çay istehsalı ixrac yönümlüdür, istehsal həcmi öz istehlakını xeyli üstələyir.
Seylon - İstehsalçı - Şri Lankadır, dünya istehsal həcmindəki payı təxminən 9-10% -dir. Qara və yaşıl çay istehsal olunur, çay bitkisinin yalnız Assam çeşidi becərilir.
Yapon - Yaponiya yalnız çay kolunun Çin çeşidindən yığılan yaşıl çay istehsal edir. Afrika - Afrika çayları yalnız qara, doğranmış və ya dənəvər, orta və aşağı keyfiyyətli, yaxşı ekstraktlılığı və kəskin dadı ilə seçilir.
Azərbaycan təbiəti zəngin olduğu üçün müxtəlif ətirli bitkilərdən çaylar hazırlanıb içilməsinin tarixi çox qədimdir. Kəklikotu, heyva yarpağı və xırdalanmış budaqları, çobanyastığı, nanə, bəndrövş və digər müxtəlif bitkilərdən hazırlanan çay ağız dadı ilə içilib. Hazırda bu çaylar indi də sevilir və sağlamlığa böyük xeyri var.
Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb
Armudu istəkanda çaaaayyyy
Ürəyimiz yananda çaaayyyy...
Çay ürəyi xəstə olanlara dərmandı. Sidikqovucu təsir edir və bu səbəbdən ödemləri və ürəyə düşən gərginliyi azaldır. Təzyiqi aşağı salmağa kömək edən çay damarları "pis" xolesteroldan təmizləyir və bununla ürək xəstəliklərinin, insultun və infarktın riskini azaldır.
Lakin çayın bu gözəl müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün onu düzgün seçmək, dəmləmək və qəbul etmək lazımdır.Yəni yarpaqları iri olan çay növlərinə üstünlük verin.
Belə çay daha faydalı sayılır. Çinli alimlər bildirib ki, dəmləndikdən 15 dəqiqə sonra qara çayda zərərli maddələrin görünməyə başlayır. Ona görə də çayı dəmlədikdən dərhal sonra için. Tanınmış qidalanma mütəxəssisi Yelena Solomatina köhnə çayın zərərlərini izah edib:“Çay müxtəlif efir yağlarını ehtiva edir, üzərinə qaynar su tökdükdə, bu yağların bir hissəsi çay yarpaqlarından çıxır və nazik bir təbəqə şəklində suyun səthinə yayılır.
Çay içərkən dərhal görə bilmərik, stəkan boşaldıqca qabın divarlarında qara ləkə nəzərə çarpır. Bu təbəqəyə orqanik birləşmələr, taninlər və s. daxildir. Hava ilə təmasda olanda bu maddələr oksidləşir, stəkanda patogen mikroflora yaranmağa başlayır. Xüsusilə çayı şəkərlə içsəniz, mikrobların yaranması üçün lazım olan isti, nəmli və şirin qida mühiti meydana gəlir”
Bərəkətli Lənkəranın limonu və çayı
Hamımızın sevdiyi “lumulu çay”ın (Limonlu çay) ləzzəti isə bir başqadır. Xeyri isə sağlamlığımıza töhvədir. Limon qələvi elementlərlə olduqca zəngindir. Tərkibində 8%-ə qədər üzvi turşular, 3%-ə qədər şəkər, azotlu və mineral maddələr (kalium, mis), fitosidlər, A, VI, V2, Z, S vitaminləri var. Eyni zamanda, limonun tərkibində insan orqanizmində çatışmayan R vitamini var ki, məhz onun qıtlığı orqanizmində qanaxmalara, ayağ ağrılarına, dərialtı qansızmalara, ümumi zəifliyə gətirib çıxarda bilər.
Lakin bütün bu vitaminlər limon dilimini isti içkiyə atdığınız zaman məhv olur. Yüksək temperaturun təsiri altında limonun tərkibində olan C vitamini və digər qiymətli komponentlər tamamilə dağılır. Orqanizminizi limonun faydalı komponentləri ilə zənginləşdirmək istəyirsinizsə, məsləhətdir ki, çaya və ya istənilən isti içkiyə limonu dərhal yox, nisbətən soyuq halda atasınız.
Bir sözlə, Arizona Universitetinin alimləri müəyyənləşdirmişlər ki, hamımıza yaxşı tanış olan qara çaya limon dilimləri salıb içəndə o, dəri xərçənginin inkişafının qarşısını 70 faiz alır.
Çayın tərkibində hamilə qadınlar üçün vacib sayılan sink var. Çay qan damarlarının daxili səthində piy təbəqəsinin əmələ gəlməsini yavaşıtmaqla sklerozun, hipertoniyanın və beyin tromblarının baş verməsi ehtimalını azaldır.
Çay mərkəzi sinir sistemini stimullaşdırır və əzələlərin mütəhərrikliyini yüksəldir. Çay çəkini azaldır və dərinin vəziyyətini yaxşılaşdırır. Çayın tərkibindəki tanin bir çox zərərverici bakteriyaları qırır və buna görə də stomatitin, anginanın, enteritlərin və digər bağırsaq infeksiyalarının qarşısını alır.
Çay orqanizmin qan əmələgətirmə funksiyasına kömək edir. Çayda zərərli şüalanmanı neytrallaşdıran maddələr var. Buna görə də işləyən televizorun qabağında əyləşib çay içən adam şüalanmadan qorunur və görmə qabiliyyətini qoruyub saxlayır.
Çayın tərkibində kofein, teofillin, teobromin kimi alkaloidlərin olması qanın turşu-qələvi balansının pozulmasına imkan vermir. Çay orqanizmdə tez həzm olunur. Buna görə də qana düşən turşu tullantılarını vaxtında neytrallaşdırmaq üçün kifayət edən konsentrasiyada maddələr əmələ gəlir.
Çay sərinlik gətirən vasitədir. Bir fincan isti çaydan az sonra dərinin temperaturu 1-2 C endiyindən adamda sərinlik duyğusu yaranır.
Çay nədir, say nədir?- deməyin...
2009-cu ildə İran alimləri isti çayın istehlakını qida borusu xərçəngi riski ilə əlaqələndiriblər. Bununla bağlı Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, 70C dərəcə və ondan isti çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər.
Alimlərin gəldiyi nəticəyə görə 62 dərəcədən yuxarı temperaturda olan çayı içmək isə mədə-bağırsaq sistemində ciddi xəstəliklərə səbəb olur. Çayın içilməsi üçün onun temperaturu maksimum 56 dərəcə olmalıdır.
Tünd çay içmək həvəsindən də imtina etmək lazımdır. Çünki tünd çayın tərkibində kofein və tanin daha çox olduğuna görə bu baş ağrılarına və yuxusuzluğa səbəb ola bilər.Üstəlik tünd çay dəriyə mənfi təsir göstərir, xüsusilə üz dərisinin rəngini tutqunlaşdırır. Bu səbəbdən də çay dəmləyərkən onun tünd olmamasına diqqət yetirin.
Yeməkdən dərhal sonra çay içməyin. Nəzərə alın ki, yeməkdən sonra çay mədə şirəsinin ifrazını kəskin şəkildə azaldır və bunun nəticəsində həzm prosesi çətinləşir. Ən azı yeməkdən 20-30 dəqiqə sonra çay içmək məsləhət görülür.
Gün ərzində 3-5 fincan təzə dəmlənmiş çay için. Həkimlər çayı bundan artıq içməyi tövsiyə etmirlər. Çayı dəmirlə zəngin olan qidalardan (söhbət əsasən ətdən gedir) sonra içməyin. Çayın tərkibində olan maddələr dəmirin mənimsənilməsinə mane olur. Son məlumatıda verək , məsləhətimiz bitsin. Deməli, dəmlənmiş çayın tərkibindəki alkaloidlər - kofein və teobromin orqanizmin tonusunu yüksəldir. Ən yaxşı çay sortlarında alkaloidlərin miqdarı 4 faizədək olur. Çaydakı kofein qəhvə dənələrindəki kofeindən yaxşıdır. Çaydakı kofein ürək əzələlərinin yığılmasını təsirləndirir, beləliklə də arteriyaların qan dövranını gücləndirir.
Kofein beyin damarlarına da müsbət təsir göstərir. Buna görə də yaxşı dəmlənmiş bir stəkan çay içəndən sonra adamın əhvalı yaxşılaşır. Çayı qıvraqlıq eliksiri (iksiri) adlandırırlar. Çay böyrəklərin də funksiyasına müsbət təsir göstərir. Böyrəkləri xəstə (böyrək çatışmazlığı, kəskin və xroniki nefrit) olan adamlar üçün də çay xeyirlidir. Çay belə xəstələrin ümumi zəifliyini, iştah yoxluğunu aradan qaldırır.
Çay soyuqlamış adamların tənəffüs yollarında hüceyrə mübadiləsinin intensiv getməsinə yardımçı olduğundan xəstəliklə mübarizə asanlaşır. Çay soyuqdəymə hallarında tərlədici və stimullaşdırıcı vasitə hesab olunur. Hələ o çayın içinə zoğal, moruq, böyürtkən, gilənar və s. mürəbbələr qatıb içirsənsə, xəstəlik səndən uzaq qaçır. Bu məsləhət də bizə nənə-babalarımızdan qalıb.
Çalışın, sağlam qalın...!
Əntiqə Rəşid