adalet.az header logo
  • Bakı -°C
29 Noyabr 2026 00:10
55
ŞOU-BİZNES
A- A+

Armaninin 10 milyardlıq mirası bölünür - Varislərdən gözlənilməz həmlə

Ötən ilin sentyabrında 91 yaşında vəfat edən əfsanəvi italyan modelyer Corcio Armaninin vəsiyyətnaməsi icra olunmağa başlayıb. Sənədə əsasən, təsisçinin ölümündən sonrakı 12-18 ay ərzində şirkətin səhmlərinin təxminən 15 faizi satılmalıdır.

Adalet.az  “Reuters”ə istinadən xəbər verir ki, Armaninin varisləri satışa çıxarılacaq bu payın bir hissəsini özləri almağı planlaşdırırlar.

Hələlik yekun razılaşma əldə olunmasa da, müzakirə edilən plana əsasən, Fransanın kosmetika nəhəngi “Loreal” səhmlərin təxminən 10 faizini, eynək istehsalçısı “EssilorLuksottika” 2-3 faizini, qalan 2-3 faizi isə varislər əldə edəcək. Potensial alıcılar sırasında modelyerin qohumları Silvana Armani və Andrea Kamerana, eləcə də, uzunmüddətli biznes ortağı Leo Dell'Orko yer alır.

Vəsiyyətnaməyə görə, varislər növbəti mərhələdə şirkətdəki əlavə 30-54,9 faizlik paylarını da satmalı və ya moda evini fond birjasına çıxarmalıdırlar. Sənəddə potensial alıcı kimi “LVMH”, “Loreal” və “EssilorLuksottika” qruplarına üstünlük verilsə də, lüks brendlər nəhəngi “LVMH” hazırkı danışıqlarda iştirak etmir.

Bildirilir ki, varislər şirkəti tək bir böyük oyunçuya təhvil verməkdənsə, səhmləri bir neçə investor arasında bölüşdürərək gələcəkdə ilkin kütləvi təklifə (IPO) getməyə daha çox üstünlük verirlər.

Satış prosesində əsas fikir ayrılığı moda evinin bazar dəyəri ilə bağlıdır. “Financial Times”ın məlumatına görə, Armaniyə yaxın mənbələr şirkəti təxminən 10 milyard avro, potensial investorlar isə 3-7 milyard avro civarında qiymətləndirirlər.

Qeyd edək ki, hazırda şirkətin 10 faizi Corcio Armani Fonduna, 90 faizi isə varislərə məxsusdur. 4 sentyabr 2025-ci ildə dizaynerin vəfatından sonra qrupun baş direktoru vəzifəsinə Cüzeppe Marsoççi, dizayn direktoru postuna isə Dario Vitale təyin olunub.