Aqil ABBAS: ELŞAD PAŞASOYUN STATUSUNA ƏLAVƏ
Dostum Elşad, dünən axşam sizin çox ciddi bir statusunuzla rastlaşdım. Çox qəribədir ki, mən sənin toxunduğun məsələ ilə bağlı dünən nə isə yazmaq istəyirdim. Həm bir neçə yazı və replikalar yazdım, həm də yanıma gələn dostlar yordu, ona görə dedim ki, eybi yox, həmin məsələni sabah yazaram.
Və sən yazdın. Sağ ol, çox ciddi bir məsələdi. Amma bir xırda əlavəm var. Sərhəd bölgəsində erməniləri təpə-qapaz eləyib videoya çəkənlər əsgər və zabitlərdir. Və bu Müdafiə Nazirliyi hara baxır ki, belə videoları paylaşa bilirlər və daha dəqiq desək, göz yumurlar belə videoların paylaşmasına. Guya bu, millətə ruh verəcək. 44 günlük müharibədə Azərbaycan ordusu erməni əsgərlərini təpə-qapaz eləməyib ey, Ermənistanın demək olar ki, bütün silahlı qüvvələrini məhv edib, analarını ağlar qoyub. Hələ də meyitlərini Qarabağdan yığıb-yığışdıra bilmirlər.
Yəni Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu təşnə ürəyimizə su səpib.
Ona görə də belə videolara ehtiyac yoxdu. Müdafiə Nazirliyi əmr verməlidir ki, əsgər və zabitlərimiz belə məsələlərdə özlərinə bir çəki-düzən versinlər.
Və sənin ürəyimdən tikan çıxaran statusunu dərc edirəm.
ELŞAD PAŞASOY: "Erməni o boyda soyqırım törətdi, amma bir yerdə öldürdüklərini, döydüklərini, işgəncə verdiklərini çəkib yaymadı. Üstəlik, həyasızcasına Xocalıya aid fotoları xaricdə yayaraq, "baxın, türklər bizi qırıb", dedilər. Baxıram ki, bizim əsgərlərin erməniləri döyməsi ilə bağlı kadrlar vaxtşırı yayılır. Bir söz demirəm, əsgərimizin əlləri ağrımasın! Amma çəkib yaymaq, üstümüzə gələn itlərin sayını artırmaq nəyə lazım? Budur, Ermənistan iki əsgərin döyülməsi ilə bağlı araşdırmalara başlayıb. Avropa Məhkəməsinədək gedəcəklər, əsas da bizim yaydığımız video. Eləcə də Laçında saxlanılan, az sonra Xankəndiyə (!) yola salınan erməni hərbçi ilə bağlı səhnə. Biz qalib ölkəyik, qalib orduyuq, bir az soyuqqanlı olaq! Qisasımızı alaq, düşməni əzək, amma bunu cahana yaymağın mənası nədir? Axı, sonra əsirlərlə davranış konbvensiyasını qarşımıza qoyacaqlar...Görmürsünüz, dünya ədalətsizdir, heç şəhid olan jurnalistlərimizlə bağlı da erməniyə bir söz deyilmədi. Haqlı ikən hazsız duruma düşməyək!"