Aqil ABBAS: SƏRHƏD NAMUSDUR
Sərhəd hər bir dövlətin namusudur. Hər bir insan, hər bir ailə başçısı namusunu özü qorumalı olduğu kimi, hər bir dövlət də namusu olan sərhədini təbii ki, özü qorumalıdır.
Bildiyimiz kimi, Ermənistanın dövlət sərhədini Rusiyanın Silahlı Qüvvələri, belə demək mümkünsə, Rusiyanın sərhəd qoşunları qoruyur.
Yəni Ermənistan namusunu özü qoruya bilmədiyinə görə Rusiyaya etibar edib. İran-Ermənistan sərhədində, eləcə də Ermənistan-Türkiyə sərhədində özüm bunun dəfələrlə şahidi olmuşam.
İndi Azərbaycanla Ermənistanın sərhəd xətləri müəyyənləşir və orda da Rusiyanın sərhəd qoşunları yerləşdirilir. Baxıram ki, bu bizim xalqda bir az narahatlıq yaradıb.
Dostlar, bundan narahat olmağa dəyməz. Ermənistan öz namusunu qorumaq iqtidarında deyil, ona görə də sərhədlərini qorumağı Rusiyaya həvalə edib. Ona görə də sərhədlər tam dəqiqləşəndən sonra təbii ki, Ermənistanın digər sərhədləri kimi Azərbaycanla da sərhədində ruslar dayanacaq.
Namussuz dövlətdən bundan artıq nə gözləmək olar?