adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
07 May 2019 14:14
7955
GÜNDƏM

Aqil Abbas: “Sən oruc tutmayana “müsəlman deyilsən” söyləyə bilməzsən”

İnsanların şəxsi həyatına müdaxilə, inancına, siyasi baxışlarına, ideoloji mövqeyinə lağ etmək, məsxərəyə qoymaq əxlaqdankənar hərəkətlərdir. Avropa, sivil dünya belə banal söhbətləri çoxdan adlayıb. Amma bizdə kimlərinsə başqalarının inancına lağlağı etməsi üçün sosial şəbəkələr rupora çevrilib.

Ramazan ayının başlanması bu tendensiyanı yenidən üzə çıxardı. Kimisi oruc tutana lağ edir, kimisi replika yazır, dindarlar isə onlara ağır şəkildə cavab qaytarırlar və nəticədə lazımsız yerdə mübahisələr başlanır.

"Məni ən çox əsəbləşdirən odur ki, ateistlər dindarları söyür, onlar da bunları təhqir edirlər. Sən oruc tutmaq istəyirsən tut, tutmursan dünəndən tutma. Amma oruc tutan adamlara lağ eləmək ayıb deyilmi?”

Adalet.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat”a açıqlamasında yazıçı-deputat Aqil Abbas Ramazan ayının başlanması ilə əlaqədar sosial şəbəkələrdə gedən həmin müzakirələrə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, virtualda bu cür müzakirələr çox mənasızdır:"Amma sən oruc tutmayan adama da ”müsəlman deyilsən" söyləyə bilməzsən. Hər kəsin öz inancı var. Əgər biri oruc tutmursa, bəyəm həmin adam müsəlman deyil, yaxud cənnətə düşməyəcək? Axı bu harada yazılıb?"

A.Abbas qeyd etdi ki, dünyada bütün dinlər birləşir, Almaniya ilə Hollandiya arasında sərhəd yoxdur:"Bizdə isə belə söhbətlərlə nifaq salırlar, Ağcabədi ilə Ağdam sərhədi qoyurlar. Biri oruc tutmağa ayın 5-də, biri 6-da başlayır. Bu məsələləri qırağa qoymaq lazımdır. Biz hələ də Mirzə Cəlilin, Axundovun, Üzeyir bəyin obrazlarıyıq.Bu gün insanlar bina tikirlər, biz hələ şeytandan, cindən danışırıq. Ümumiyyətlə, dini gözdən salan bəzi adamlar var.Eləcə də bəzi ateistlər də dinin əleyhinə danışmaqla onları gözdə qaldırırlar. Buna yol vermək olmaz, hər kəsin inancına hörmət etmək lazımdır".