02 Dekabr 2023 12:14
1185
ƏDƏBİYYAT

“Anarın Ərtoğrolla bağlı yazısından sonra sanki bir sensasiya oldu...” - Turan xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

“Həbibəylə biz necə dost idik, çoxları bilir, hətta buna baxmayaraq, Həbibəylə bizim aramızda bir dəfə də olsun Ərtoğrolun adı çəkilməmişdi. Bir gün Həbibə mənə: “Səndən söz soruşacam”,-dedi. Doğrusu, təəccübləndim. Həbibə məndən soruşa bilərdi axı, bizim aramızda ki, örtülü heç nə yoxdu? Ana da artıq dünyasını dəyişmişdi. Bir dəfə kino evinfə hansısa filmə baxırdıq, ordan çıxdıq, Həbibə və onun həyat yoldaşı, xalq rəssamı Tağı Tağıyev bizə gəldik. 

Çay süfrəsinin arxasında Həbibə çox ehtiyatla fikrini dedi, Anarın Ərtoğrolla maraqlandığını söylədi və arxivi soruşdu, “bir şey qalırmı?” “Qalır,-dedim, əlbəttə qalır”... Ərtoğroldan qalan əmanətlərə toxunanda, elə bil ki, bu sənədlər əlimi yandırır, sözlə ifadə etmək çətindi. Araşdırardım, səliqəylə ayırdım... Sonra Anar Zemfira və Həbibəylə bizə gəldi və o sənədlərə, notlara baxanda, əvvəlcə, Həbibə təəccüb elədi. Ərtoğrolun bəstəkar olduğunu, konservatoriyada təhsil aldığını bilmirdi axı. Əməlli-başlı heyrətləndi. Hamısı dəhşətə gəlmişdi, gözləmirdilər. Anar bir neçə sənədi icazə alıb götürdü və 1980-co ildə Ərtoğrol barədə yazdı. Anarın yazısından sonra sanki bir sensasiya oldu. Ərtoğrolun musiqisi səsləndi, televiziyada veriliş hazırlandı. Həmin televiziya verilişində Anar, Cahangir Cahamgirov iştirak edirdi. Məni də dəvət etmişdilər. Sonralar məlum oldu ki, arxivdə Ərtoğrolun Musiqi Katibəsində işlədiyi illərdə yazdığı çoxlu professional rəyi qalır. Fikrət Əmirov deyirdi ki, bəstəkarlar içərisində ədəbiyyatı, folkloru, dili, mətni onun səviyyəsində bilən yox idi. 

- Cavid əfəndi sizi həkim görmək istəyirdi. Siz isə həkim olmadınız. 

- Məktubunda yazmışdı. Maqadandan. Yazırdı ki, Turan orta məktəbi bitirəndən sonra bir il istirahət eləsin, sonra Tibb İnstitutuna pediatriya fakültəsinə daxil olsun. Mən də orta məktəbi qurtarıb bir il gözləmədən sənədlərimi Tibb İnstitutuna verdim. İlk imtahan kimyadandı, qeyri-müvəffəq qiymət yazdılar və mən daxil ola bilmədim. Sonralar bir həkim qadına rast gəldim, söylədi ki, biz o il bir yerdə imtahan verirdik və qəbul imtahanında olan uşaqlar təəccüb etdilər ki, nə üçün sizə qiymət yazdılar. 

- Neçənci il idi?

- 1940-cı il. 

- Yəqin Cavidin qızı olduğunuza görə...

- Yəqin. Sonra mən radio komitəsində işə girdim.

- “Xalq düşməninin qızı”, necə oldu ki, müharibə vaxtı radio komitəsində işə götürüldü?

- Ərtoğrol 1942-ci ilin 28 fevralında əsgər getməliydi. Bir gün əvvəl, ayın 27-də Üzeyir bəyə balaca bir məktub yazdı (o məktub indi də qalır). Yazdı ki, sizi görə bilmədim, xahiş edirəm ki, bacımın işə girməsinə kömək edəsiz. Məktubu Üzeyir bəyə verdim. Radio Komitəsinin sədri Hüseyn Şərifova zəng vurdu. Kim idi Üzeyir bəyin bir sözünü iki edən. Məni işə götürdülər. Bir neçə şöbədə işlədim radioda: mərkəzdə, fonoteka şöbəsində, arxivdə. Sonralar Hüseyn Şərif etiraf elədi ki, Caparidzü rayonunun erməni birinci katibi hər dəfə Hüseyn Şərifə deyirmiş ki, xalq düşməninin qızını işdən çıxarın. Hər dəfə o dedikcə  bu adam mənim şöbəmi dəyişirmiş. O zaman Hüseyn Şərif belə mərdlik göstərdi...”.

Ardı var...
Mənbə: “Hüseyn Cavid haqqında” xatirələr kitabı. 
Hazırladı: Vasif Əlihüseyn