adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Dekabr 2015 11:07
41366
MÜSAHİBƏ

“Amerika ermənilərlə həmrəy olduğunu nümayiş etdirir”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev parlamentə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təqdim edib. Qanun layihəsində təklif olunur ki, ABŞ hökumətində təmsil olunan şəxslərə, konqresmenlərə, senatorlara və onların ailə üzvlərinə, erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslərə, siyasətçilərə, Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələrinin rəhbərlərinə, qeyri-hökumət təşkilatlarının təmsilçilərinə və ekspertlərə Azərbaycana gəlmək üçün viza verilməsindən imtina edilsin. Həmçinin, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələr dayandırılsın, özəl sektorun təmsilçilərinə tövsiyə edilsin ki, ABŞ şirkətləri ilə bağlanmış kontraktlara son qoysunlar və yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina etsinlər. Sözügedən qanun layihəsi, ABŞ Helsinki Komissiyasının rəhbəri, Konqresinin Nümayəndələr Palatasının üzvü Kristofer Smitin "Azerbaijan Democracy Act” ("Azərbaycanda demokratiya aktı”) adlı qanun layihəsi hazırlaması və sairlə bağlı "Kaspi”nin suallarını Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkiliFəzail Ağamalı cavablandırır.

- Fəzail müəllim, deputat həmkarınız R.Rzayevin parlamentə təqdim etdiyi layihə barədə nə deyə bilərsiniz? Sizcə, belə bir qanun layihəsinə, orada irəli sürülən təkliflərə ehtiyac var idimi?
- ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kristofer Smit erməni lobbisinin içərisində yer alan, antiAzərbaycan qüvvələr arasında xüsusi fəallıq göstərən şəxslərdən biridir. O, Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizası almağı qadağa qoyan qanun layihəsini ortaya qoymaqla ölkəmiz əleyhinə fəaliyyətini bir daha nümayiş etdirdi, bütün hədləri aşdı. Onun bu hərəkəti Azərbaycanı bir dövlət olaraq aşağılamaq cəhdidir. Smitin bədnam layihəsində qeyd etdiyi bütün məsələlər, sadalanan əksər problemlər hazırda ABŞ-ın həyat tərzində birmənalı şəkildə özünü göstərməkdədir. Azərbaycan dəfələrlə Qərblə, ABŞ-la yüksək münasibətlər qurulmasının tərəfdarı kimi çıxış edib. Milli Məclisin deputatları da hər zaman Avropa, Amerika ilə əməkdaşlığa, həmçinin onların üstün demokratik, mütərəqqi dəyərlərinin Azərbaycanda geniş şəkildə tətbiq olunmasına maraq göstərib, son illər istisna olmaqla, Amerikanın fəaliyyətini təqdir ediblər. Ancaq ABŞ son on ildə Azərbaycana münasibətində 180 dərəcə fərqli mövqe nümayiş etdirməyə başlayıb. Qərbin bu superdövləti tərəfindən Azərbaycana qarşı təhdidlərin, təzyiqlərin, iftira dolu kampaniyaların sonu görünmür. Hər birimiz bu amillərə qarşı etirazımızı zaman-zaman ifadə etmişik. Deputat Rövşən Rzayevin hazırlayaraq parlamentə təqdim etdiyi qanun layihəsi də bütün bu etirazlardan irəli gələn sənəddir. Bu layihədə Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsini əks olunub. ABŞ Azərbaycana qarşı ikili standartları durmadan davam etdirir. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədridir. Minsk Qrupunun üzvü olan dövlətin təmsilçisi qondarma Dağlıq Qarabağ Respublikası nümayəndələrinin, əli Xocalı soyqırımında qana bulaşmış şəxslərin təşkil etdikləri tədbirlərə qatılır, hətta separatçılar tez-tez Amerikaya dəvət olunur. Qondarma respublikanın təmsilçiləri ABŞ-da müxtəlif rəsmi mərasimlərə qatılır, hər cür şəraitdən yararlanaraq Dağlıq Qarabağ probleminin həllinin uzanmasına çalışırlar. Bununla Amerika ermənilərlə həmrəy olduğunu nümayiş etdirir. Biz dəfələrlə "907-ci düzəliş”in ədalətsiz olduğunu ABŞ rəsmilərinə ən yüksək səviyyədə bildirmişik. Ancaq rəsmi Vaşinqton bu ədalətsizliyi, təcavüzə məruz qalan ölkəyə qarşı olan qərarı birdəfəlik ləğv etmədi. Əksinə, Con Kerrinin dəstəyi ilə həmin akt bu gün də öz qüvvəsini qorumaqdadır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycana ikili standartlar tətbiq edilir, ölkəmizin haqq səsi eşidilmir, əvəzində isə Ermənistanın işğalçı siyasəti Amerika tərəfindən müdafiə olunur. Son nəticədə də ermənilər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində konstruktivlik nümayiş etdirmir, status-kvonu qoruyub saxlayırlar. Necə olur ki, Liviyaya qarşı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin mürəkkəbi qurumamış bu ölkəyə hərbi müdaxilə olunur, Müəmmar Qəddafi hakimiyyəti devrilir, ABŞ İraqda, Əfqanıstanda terrorla mübarizə bəhanəsi ilə bazalar yaradır, nəzarəti ələ keçirir, lakin həmin beynəlxalq təşkilatın Ermənistan əleyhinə qəbul etdiyi 4 qətnamə 20 ildən çoxdur yerinə yetirilmir? İndinin özündə də ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən Suriya xalqına qarşı soyqırımı törədilir, qanuni hakimiyyətin devrilməsi üçün ölkə yerlə-yeksan edilir. Ancaq Azərbaycanın işğal altındakı ərazilərinin Ermənistan qoşunlarından təmizlənməsi məsələsi ortaya gələndə ABŞ və onun kimi böyük dövlətlər susurlar. Rövşən Rzayevin bu məntiqə söykənərək atdığı addımı başa düşür və dəstəkləyirəm. Fikrimcə, bu qətnamə layihəsi Azərbaycan vətəndaşlarının, o cümlədən millət vəkillərinin ölkəmizə qarşı olan ədalətsizliyə, haqsızlığa, ikili standartlara etiraz səsini ifadə edən sənəddir.

- Qanun layihəsi barədə Milli Məclisdə müzakirə aparıldıqdan, deputatlar tərəfindən səsə qoyularaq qəbul edildikdən sonra baş verəcək hadisələri necə təsəvvür edirsiniz? Bundan sonra iki ölkə arasında münasibətlər hansı formada ola bilər?
- Hesab etmirəm ki, bu layihə dərhal müzakirəyə çıxarılmalı və qəbul edilməlidir. Biz ABŞ-ın bundan sonrakı davranışlarına fikir verəcəyik. Konqresmen Smitin bədnam qanun layihəsinin aqibətinin necə olacağını izləyəcəyik. Buna uyğun adekvat addımlarımızı da atacağıq. Əgər parlamentdə bu qanun layihəsi qəbul olunarsa, o zaman ABŞ-Azərbaycan münasibətləri demək olar ki, tamamilə kəsiləcək. Diplomatik münasibətlər formal şəkildə, yalnız səfirliklər səviyyəsində olacaq. Əgər Amerika Konqresinin üzvü Azərbaycan əleyhinə qanun layihəsi irəli sürürsə, bu qanun qüvvəyə minirsə, deməli, ABŞ ölkəmizlə əməkdaşlığına son qoyur. Beynəlxalq hüquq normalarının vacib şərtlərindən biri də budur ki, qarşılıqlı münasibətlərə hər iki tərəf maraq göstərməlidir. ABŞ Azərbaycanla enerji, təhlükəsizlik, beynəlxalq terrorizmlə mübarizə çərçivəsində əməkdaşlıq edir, ölkəmizin imkanlarından yararlanır. Əvəzində isə Azərbaycana təzyiq göstərir, müstəqilliyini, suverenliyini təhlükə altına alır, bizi daim özündən asılı vəziyyətə salmaq niyyəti güdür. Belə olan halda Azərbaycan özünün dövlət müstəqilliyini və təhlükəsizliyini təhdid altında qoymamaq üçün ABŞ-la ikitərəfli münasibətlərə son qoya bilər. Bunun günahını da Azərbaycanda, rəsmi Bakıda deyil, Vaşinqtonda, Amerikanın ermənipərəst xarici siyasətində axtarmaq lazımdır.

- Sosial şəbəkə və bəzi media qurumlarındakı yazılarda, həmçinin bir sıra ekspertlərin fikirlərində iddialar səsləndirilir ki, deputat R.Rzayevin yeni qanun layihəsi təşəbbüsü, Azərbaycanın ABŞ-a qarşı nümayiş etdirdiyi mövqe Rusiya amilinə görədir. Bu iddialar nə dərəcədə əsaslıdır?
- Bu mövzuda sosial şəbəkələrdə aparılan yazışmaları və baş verənlərin Rusiya ilə əlaqələndirilməsini düzgün mövqe hesab etmirəm. Bir çox hallarda sosial şəbəkə istifadəçiləri hadisənin mahiyyətinə varmadan, ciddiliyini nəzərə almadan müxtəlif əsassız fikirlər səsləndirirlər. Ona görə də oradakı mövqeləri ciddi qəbul etmək mümkün deyil. Ayrı-ayrı ekspertlərin də bu cür düşünməsi isə məsələyə konyuktur yanaşmanı göstərir. Bunun əsası yoxdur. Sadə məntiq də deyilənləri təkzib edir. Belə çıxır ki, ölkəmizi Rusiya öz tərəfinə çəkmək üçün "düyməni basıb” və Kristofer Smitə əmr verib ki, ABŞ Konqresində Azərbaycanı aşağılayan, onun dövlət müstəqilliyini təhdid edən layihə qəbul elətdirsin. Nəticədə rəsmi Bakı Vaşinqtondan inciyib Moskva ilə daha da yaxınlaşsın. Hesab edirəm ki, ABŞ əleyhinə Azərbaycanda baş verən hansısa hadisədə Rusiya izi axtarmaq sadəlövhlükdür. Azərbaycan Rusiyapərəst siyasət yürüdür fikrini cəmiyyətə aşılamaq istəyənlər Qərbin "beşinci kolon”u funksiyasını yerinə yetirməkdədirlər.

- Bir sıra hallarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla əməkdaşlıq əlaqələrini, müəyyən öhdəlikləri əsas tutaraq, yerli məhkəmələrin dövlətçiliyimizə təhlükə yaradan şəxslərin həbs olunması qərarını yanlış hesab edir, onların dərhal azadlığa buraxılmasını tələb edir. Bununla da Azərbaycanda Avropa məhkəmələri vasitəsilə hüquqi xaos, cəzasızlıq mühitinin yaradılmasına cəhdlər olunur. Millət vəkili olaraq belə hallara münasibətiniz necədir?
- Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında müəyyən öhdəliyi var. Həmin öhdəliklər Azərbaycan dövləti tərəfindən həyata keçirilir. Bununla bağlı hər hansı problem müşahidə etmirəm. Ölkəmizdə bütün sahələrdə təkamül əsas götürülür. Bu da təbiidir. Çünki bizim müstəqilliyimizin o qədər də böyük tarixi yoxdur. Milli dövlətçiliyimizin tarixi 25 ildən yuxarı deyil. Belə olan halda ölkədə hər hansı radikal addımlar, vəziyyəti kökündən dəyişməyə hesablanan addımlar cəmiyyətdə bir sıra problemlərə yol aça bilər, çox ciddi kataklizmlər olar. Ona görə də Azərbaycan əvvəlcədən tutduğu yola sadiq qalaraq konstitusiya ilə müəyyən olunmuş bütün müddəalara, beynəlxalq təşkilatlarla imzaladığı sənədlərə, bu sənədlər əsasında üzərinə düşən öhdəliklərə tam sədaqətlə əməl edir. Çoxsaylı beynəlxalq konvensiyalar Azərbaycan tərəfindən ratifikasiya olunub. Ancaq çox təəssüf ki, konkret cinayət əməlinə, terrorçuluq fəaliyyətinə görə həbs olunan şəxslərin adlarının önünə və sonuna siyasi məhbus ifadəsi əlavə edərək bununla Azərbaycana təzyiq göstərmək də günümüzün reallığıdır. Heç şübhəsiz ki, siyasi məhbus anlayışından bir biznes sahəsi kimi yararlanan bəzi qeyri-hökumət təşkilatları, onların rəhbərləri də var. Bunlar öz şəxsi mənafeləri naminə ayrı-ayrı məhbusları, terrorçuları, hətta Ermənistan xüsusi-xidmət orqanlarının təhriki ilə metroda terror aktı törədərək yüzlərlə dinc insanın ölümünə səbəb olan adamı da siyasi məhbus kimi qələmə verirlər. Kristofer Smit də öz fikirlərində bildirir ki, guya Azərbaycanda dini inancına görə insanlar təqib olunur, həbs edilirlər. Onda belə çıxır ki, Kristofer Smit Nardaranda cəbhəxana yaradan, ətrafında silahlı dəstə formalaşdıran, əhalini zorakılığa səsləyən, ölkənin konstitusion quruluşunu silah gücü ilə dəyişmək istəyən "dindar”, radikal ekstremist Tale Bağırzadənin yanındadır. Belə yanaşmalarla Azərbaycan hüquq-mühafizə orqanlarının apardığı istintaq, məhkəmələrin çıxardığı qərarlar Avropa Məhkəmələrində şübhə altına alınır. Hətta bu barədə ədalətsiz şərhlər verilir, qətnamələr qəbul edilərək Azərbaycan tərəfindən icra olunması tələb edilir. Təbii ki, bu, yolverilməzdir. Azərbaycanda milli qanunvericilik əsasdır, müxtəlif cinayətlər törətmiş insanların zərərsizləşdirilməsi, günahlarının sübuta yetirilərək məhkəmələr tərəfindən cəzalandırılması bundan sonra da davam etdiriləcəkdir.