adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Fevral 2024 12:29
4274
MÜSAHİBƏ

AKTYOR: “O, teatrda rol ifa edəndə  özümü saxlaya bilməyib, ağladım”

Uşaqlıq illərimizin sevimlisinə çevrilən “Mozalan”ını çoxumuz xatırlayırıq. Müsahibimiz “Mozalan”nın sevimli simalarından biri olan  Akademik Milli Dram Teatrının aktyoru əməkdar artist Mirzə Ağabəylidir.

-Siz bir teatr aktyorusunuz.  Və  kino aktyorunu teatrda necə görürsünüz?

-Aktyorluq sənəti bir ağac kimidir. Eyni kökdən, eyni gövdədən olan yarpaqlar sadəcə müxtəlif olur. Bütün hallarda ağac ağacdır. Sadəcə onun meyvəsi fərqli olur. Aktyorluq sənəti də belədir. Teatr aktyoru, kino aktyoru, pantomima aktyoru, estrada aktyoru  v.s kimi sözlərin kökündə əsas söz “aktyor” sözü dayanır. Bu sənətin sahibləri eyni ali məktəbi bitirirlər. Çoxları da (80%) eyni müəllimdən dərs alır. Ancaq əsas məsələ aktyorun  səhnədə bacarığı və ortaya çıxardığı məshuludur. Aktyorluq sənətində yolun başlanğıcı eynidir. Amma cığırlar başqadır. Bunu zamanla aktyor özü də görür. Teatr əbədi sənətdir. Çalışmaq lazımdır ki, onun təbiiliyini itirməyəsən.
 

1873-cü ildə Azərbaycan teatr sənətinin əsası Cahangir Zeynalov tərəfindən “Hacı Qara” əsəri ilə qoyulub. Ancaq bununla yanaşı biz bu tarixi əsas  tuta bilmərik. Bundan əvvəl şəbeh teatrı olub. O zamanlar dini-islami əxz eləyən teatrlar olub ki, meydanlarda nümayiş olunub. Bu teatr sırf islama yönələn və sırf islamı təbliğ edən teatr olub. O teatrlarda ancaq islam dini və imam-peyğəmbərlərin başlarına gətirilən müsibətlər səhnələşdirlirdi. O zaman bir çox insanlar Yezid rolunu ifa etməkdən çəkindilər. Onlar cammatın qınağı qorxudurdu.
 

Həmin bu teatrlar yeni bir aktyor nəslinin yetişməyində mühüm rol oynayır.
 

İnsanlar bəzən şəbeh teatrları ilə meydan teatrlarını səhv salırlar. “Kosa- kosa”, “Yel baba” v.s bu kimi oyunlar meydan teatrına aiddir.
 

Sizin sualınıza qayıdış eləsək, belə bir cavab verə bilərəm ki, teatr tarixinə nəzər salsaq, lap başlanğıc dövründən kino sahəsində çalışanların bir çoxu  elə teatr aktyorları olub.
 

-Bu gün həmin profesionallar var və biz həmin yaxşı məhsulu görə bilirik ? Bəlkə də əldə edə bilirik desək daha dəqiq olar.
 

-Bilirsiniz, mənim aləmimdəburda fərq azdır.O dövrdə də işini mükəmməl bilən var idi, bu dövrdə də. Məsələ burasındadır ki, aktyor ona verilən rolun öhdəsindən necə gəlir. Doğrudur, etiraf edək ki, teatr daha çətin sənətdir. Ancaq istedadlı aktyor gərək ki bu çətinlikdən qorxmasın.
 

Əvvəlki dövrə nəzər salsaq görərik ki, Abbas Mirzə və Hüseyn Ərəblinski kimi dəyərli sənət inciləri həm teatrda rol ifa ediblər, həm də kinoda.
 

Ancaq son dövlər bu ənənə zəiflədi. Teatr aktyoru asanlıqla kinoda rol ifa edə bilir. Ancaq kino aktyorunun teatr səhnəsinə öyrəşməyi biraz çətin olur. Çünki teatrda aktyor tamaşaçı ilə  “nəfəs- nəfəsə” rol ifa edir. Səmimi etiraf edək ki, kino aktyoru teatrda çətinlik çəkir.
 

-Mirzə bəyi kino aktyoru hesab etmək olar, yoxsa teatr aktyoru?
 

- Əlbəttə ki, mən teatr aktyoruyam. Mən bir- iki filmdə rol almışamsa, “Mozalan”a çəkilmişəmsə, bir neçə reklamda görünmüşəmsə, bu, o demək deyil ki, mən kino aktyoruyam.
 

Sovet dövründə çox istedadlı kino aktyorları var idi ki, onlar teatra gəlsələr də, teatrda çox qalmadılar. Rasim Balayev, Həsən Əbluc, Şahmar Ələkbərov kimi dəyərli aktyorlarımız dediyim kimi teatrda çox çalışmayıblar.
 

Ancaq Yusif  Vəliyev kimi böyük, nəhəng aktyor  kinolarda çəkilsə də, o teatrda rol ifa edəndə özümü saxlaya bilməyib, ağladım.Yusif müəllim hər iki sahədə də çox böyük aktyor idi. Həsən Turabov, Hökümə Qurbanova və bir neçə aktyorları bu sıraya əlavə etmək olar.
 

Kino “soyuq” sənətdir, ancaq teatr “isti”. Teatrda səhv eləyəndə onu düzəltmək olur, çünki həmin tamaşa səhnəyə qoyulanda daha diqqətli olursan. Ancaq kinoda səhv elədinsə, həmin səhv, kino lentində qalır. Sən də bir aktyor kimi bunu görürsən və harda səhv etdiyini bilirsən. Lakin onu düzəldə bilmirsən.
 

Kinonun bir xususiyyəti var ki, tamaşaçı kinonu rahat qəbul edir. Bunun da səbəbi təbiətdə olan hər şeyin kinoda olmasıdır. Kino mavi ekranda həyat deməkdir. Ancaq teatr belə deyil axı. Teatrda  canlı səhnə, aktyor və tamaşçı olur.

-Bundan əlavə insanlar indi kinoya daha çox meyillidir, nəinki teatra…
 

- Sovet dövründə teatra bilet tapılmırdı. O vaxt teatra bir axın var idi.
 

Teatrda iki dövr var idi: romantik dövr, realist dövr. Hər dövrün özünün əsərləri və o əsərlərin də tamaşaları olurdu.
Tofiq Kazımov teatrda realist “məktəb” yaratdı. Belə olan halda romantik “məktəb” darmadağın oldu.
Kino sənətinin  görkəmli siması Ədil İsgəndərovun bütün yaradıcılığı romantik “məktəb”ə xidmət edirdi.
Müəllimim SSRİ xalq artisti Mehdi Məmmədov deyirdi ki, əgər səhnədə sən tamaşaçını inandıra bilmirsənsə, demək günah sənin özündədir.

 

-Tamaşaçı teatra getmirsə, o demək deyil ki, teatr fəaliyyət göstərmir…
 

- Bilirsiniz, bütünlüklə tamaşaçını da günahlandırmaq olmaz. Tamaşaçı teatra gəlir və tamaşaya baxır. Səhnələşdirilmiş tamaşanın ya əsəri bəyənilmir, ya rejissor yaxşı olmur, ya da aktyor oyunu zəif olur. Tamaşaçı da bir tamaşaya görə bütün teatrlardan qaçır. Ancaq profesianal teatr tamaşaçısı bu incəliyin fərqinə varır. Yəni dərk edir ki, bir tamaşaya görə bütün teatrlardan imtina etmək olmaz.
 

Teatr xalqın içindən çıxan bir güzgüdür.Tamaşa mütləq dövrlə səsləşməlidir. Çox təəssüf olsun ki,bu gün elə hadisələr baş verir ki, nə  onu qələmə almaq olur, nə də ki səhnələşdirmək.
 

-Axı bizim söz azadlığımız var…
 

-Siyasətlə bağlı film çəkilməyinə qadağa qoyulub. Heç kəs də risk edib bir tikə çörəyindən keçə bilmir. Doğrusu heç kəsi qınamaq olmaz.
 

Ancaq Türkiyədə və digər ölkələrdə gördüyünüz kimi belə qadağalar yoxdu.
 

Tamaşaçı bu gün mavi ekranda baş verənləri mütləq həqiqət kimi qəbul edir. Ancaq indiki dövrdə efirdə ibrətamiz  demək olar ki, tamaşaçıya heç nə göstərilmir. Televiziya insanların beynində bir inqilab edib. Bir gənc görür ki, hansısa telekanalda Alim Qasımov oxuyur. Uşaq tez kanalı dəyişir. Bu dəhşətdir. Millətindən, dinindən, mədəniyyətindən, milli ənənədən qopan gəncin hansı parlaq gələciyindən  danışmaq olar?!
 

Bizi kinodan, teatrdan mədəniyyətimizdən uzaqlaşdıran bu günkü ucuz şoulardı. Hansı ki tamaşaçı həmin verlişləri maraqla izləyir. Yazıq tamaşaçı başqa nəyə baxsın axı ? Efir nəyi nümayiş etdirirsə, tamaşaçı da ona baxır.
Bizim nəslin insanları bir çoxu dünyasıını dəyişir, bir çoxunun imkanı olmur teatra gəlməyə. Mən bunları da nəzərə alıram.

 

-Mirzə bəy, bir daha teatr mövzusuna qayıdaq…
 

- Yenə deyirəm, teatr bir məktəb olmalıdır. Sovet dövrünə nəzər salsaq Ədil İsgəndərov məktəbi, Tofiq Kazımov məktəbi, Mehdi Məmmədov məktəbi.. bu siyahını artırmaq da olar.
 

Ancaq bu gün bir məktəb var ki, o da həyasızlıq məktəbidir. Kim harda nə gəldi eləyir. Bu elədiyindən də məmnun olur. Bu dəhşətdir. Bu gün efirdə mədəniyyətdən başqa hər şey gəstərilir.

Əntiqə  Kərimzadə